Sizin reklam burada

Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı

Title
Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı
Məhəmmədlə Viktor zədəlidi
Çempionatda uğursuzluqları sıralayan və buna görə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kəpəz”də vəziyyət yaxşı deyil. Düzdü, rəhbərlik qış fasiləsində komandanın güclənəcəyini deyib. Hətta bu yöndə müəyyən işlərin aparıldığı söylənilir.
Gəncə təmsilçisini qarşıda kubokun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” ilə iki çətin oyun gözləyir. Baş məşqçi Yunis Hüseynov məlum qarşılaşmalardan öncə klub saytına açıqlama verib: “Çempionatda qış fasiləsi yarandığından bütün diqqətlər kubok oyunlarına yönəlib. Premyer-liqadan qitəmiqyaslı turnirə qatılmaq çətin görünür. Amma kubokdan Avropaya gedən yol daha qısadı. Əvvəlki mərhələdə “Binə” ilə görüşdən sonra da bu haqda danışmışdım. Aşağı dəstə təmsilçisi ilə oyunumuz çətin alınmışdı. İndi rəqibimiz elita təmsilçisidi. Hər bir komanda kubokda qalib gəlmək istəyir. Bizim kimi “Keşlə” də qarşıdakı matçlara səylə hazırlaşır. Mərhələ keçməyə həvəsliyik. Amma necə olacağını zaman göstərəcək. Deyim ki, çətin oyun olacaq. Premyer-liqa klubları arasında asan görüş yoxdu. Hər iki komandada baş məşqçi dəyişikliyi olub. Bakı təmsilçisinə Ramiz Məmmədov rəhbərlik edir. Onlar da istəklidi. Komandalar bir-birinə qarşı ciddi hazırlaşır. Çalışıb elə oyun nümayiş etdirməliyik ki, mərhələ keçən tərəf biz olaq. Futbolçularla bu haqda ciddi söhbətimiz olub. Avropaya getmək üçün ən real şans kubokdu. Ona görə də imkandan lazımınca istifadə etməliyik. Komandaya inanıram. Bununla belə, çox işləmək lazımdı”.
Qeyd edək ki, “Keşlə”yə qarşı oyunlarda “Kəpəz”in iki aparıcı üzvü - Viktor Laki ilə Məhəmməd Qurbanov iştirak edə bilməyəcək. Hər iki hücumameyilli futbolçu zədəsini sağaltmaqla məşğuldu.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.