Sizin reklam burada

Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür

Baxış Sayı:611

Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür
“Bundan sonra hakimlik obyektiv olacaq”
Dünən Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi münasibəti ilə mətbuat konfransı keçirildi. Əvvəlcə MOK-un 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə bunları dedi: “Bir az uzaqdan başlamaq istəyirəm. 2017 bizim üçün çox uğurlu il olub. Bu il idmanla bağlı bir çox hadisə baş verib. Ayın sonunda hesabat xarakterli mətbuat konfransı keçiriləcək. Qeyd edim ki, mayda ölkəmizdə 4-cü İslam Həmrəyliyi Oyunları çox böyük uğurla təşkil olundu. Olimpiya növlərində iki idmançımız üçqat dünya çempionu ünvanını qazandı. Nəhayət, ilk dəfə bir azərbaycanlı Avropa idman federasiyasına prezident seçildi. Fərid Qayıbovu UEG-in başqanı seçilməsi münasibəti ilə təbrik edirəm. Bu, böyük məsuliyyətdi. Avropa idmanda aparıcı rol oynayır. Olimpiadalarda qazanılan medalların təxminən yarısı bu qitənin payına düşür. Gimnastikada isə Avropanın medal payı 90 faizə bərabərdi. Əminəm ki, Fərid bu işin öhdəsindən gələcək və Avropa gimnastikasının inkişafına təkan verəcək. Belə quruma prezident seçilməsi onun indiyə kimi bu sahədə gördüyü işlərin nəticəsidi. Uzun müddət AGF-də uğurla baş katib işləyib. İndiyə kimi nüfuzlu idman təşkilatlarında azərbaycanlı vitse-prezident olub. Ancaq ilk dəfə qitə idman federasiyasına həmyerlimiz rəhbərlik edəcək”.
Daha sonra AGF-nin vitse-prezidenti Altay Həsənov çıxış etdi: “Bu, ölkəmizin idman həyatında böyük hadisədi. Buna hamımız çox sevinirik. Cənab prezident və xanımı da Qayıbovu təbrik edib. 2002-də Mehriban Əliyeva AGF-yə prezident seçildikdən sonra bu idman növü inkişaf etməyə başlayıb. Hazırda 16 bölgədə gimnastikanın müxtəlif növləri inkişaf etdirilir. Yarış təşkilatçılığı sarıdan böyük təcrübəyə sahibik. Bunda Fəridin də böyük rolu var. 2003-də AGF-də logistika meneceri kimi fəaliyyət göstərməyə başladı. Həmin il Bakıda keçirilən Dünya Kubokunda çox yaxşı işlədi. Sonradan onu baş katib vəzifəsinə təyin etdik. Fərid məsuliyyətlidi və dərindən düşünüb addım atır. 2013-də UEG-in vitse-prezidenti seçildi. Ötən ildən onun bu quruma prezident seçilməsi üçün kampaniyaya başladıq. Bu işdə Qayıbovun özünün böyük rolu oldu. İdman gimnastikadan başlayır. Bu idman növünü idarə etmək çox çətindi və böyük təcrübə tələb edir. Fəriddə də bu təcrübə var. Hamımız ona dəstək olacağıq. Mətbuatdan da bu dəstəyi gözləyirik”.
Səbəbkarın fikirləri isə belə oldu: “Azərbaycan gimnastika ölkəsinə çevrilib. AGF 15 illik fəaliyyəti dövründə böyük uğurlara imza atıb. Mən də bu komandanın üzvüyəm. Altay müəllim mənə bu 15 ildə dəyərli məsləhətlər verib. Bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyevaya, valideynlərimə, həyat yoldaşıma, övladlarıma dəstəyə görə təşəkkür edirəm. Prezident seçildikdən sonra sosial şəbəkələrdən xeyli təbrik aldım. UEG-in başqanı olmaqla avtomatik Beynəlxalq Gimnastika Federasiyasının (FİG) İcraiyyə Komitəsinin üzvünə çevrildim. Bu gün işdən çıxarılmağım üçün Altay müəllimə müraciət etdim. Çünki iki işi eyni vaxtda icra etmək çətindi. Yaxın günlərdə AGF-nin İcraiyyə Komitəsinin iclasında yeni baş katib seçiləcək”.
- FİG-in sabiq prezidenti Bruno Qrandi sizin başqan seçilməyinizi müsbət qiymətləndirir. UEG-də hansı işləri həyata keçirməyi planlaşdırırsız?
- F.Q.: Qrandi 20 ildən artıq FİG-ə rəhbərlik edib. Bir-birimizi yaxşı tanıyırıq. Onun məsləhətlərindən faydalanmışam. Çalışacam ki, gimnastikanın Olimpiadaya daxil olmayan növlərini də inkişaf etdirim. Bu məqsədlə internetdən istifadə edəcəyik. Başqa layihələrimiz də var. Ancaq onların startı üçün müqavilə bağlanmalıdı. Anlaşmadan əvvəl bu layihələr haqda danışmaq istəmirəm.
- AGF-də yeni baş katib kim olacaq?
- A.H.: Mətbuat həmişəki kimi tələsir. Bu posta iki namizəd var. Ancaq indi onların adını çəkməsəm, daha yaxşı olar (gülür). Bizim üstünlüyümüz ondadı ki, qurduğumuz sistemdə fərdlər önəmli rol oynamır. Kimsə vəzifədən getsə də, bu, sistemin işini axsatmır. Fəridin məsləhətini və İK üzvlərinin fikirlərini öyrənəcəyik. Ən gec bu ayın sonuna kimi yeni baş katib seçiləcək.
- İndiyə kimi müxtəlif yarışlarda idmançılarımız balların qiymətləndirilməsində hakim haqsızlığıyla üzləşib. Bundan sonra vəziyyət müsbətə doğru dəyişəcək?
- F.Q.: Beynəlxalq yarışlara UEG müdaxilə edə bilməz. Ancaq başçısı olduğu qurum qitəmiqyaslı yarışların hakimlərini təyin edir. Çalışacam ki, Avropa turnirlərində ədalətli qiymətləndirmə olsun. İnanıram ki, bundan sonra hakimlik obyektiv olacaq.
- Oleq Stepkonun idman gimnastikasından, Marina Durundanın isə bədii gimnastikdan gedişindən sonra lider çatışmazlığı görünür. Onları layiqincə əvəzləyəcək idmançılar var?
- A.H.: İdmançılar bəzən zədələnir və ya psixoloji hazırlığı qaydasında olmur. Bu da nəticələrə təsir göstərir. 10 il gözləmişik. Gəlin, bir az da gözləyək. Uğurlu çıxış üçün zamana ehtiyac var. Bayaq bölgələri boşuna qeyd etmədim. Ordan istedadlı idmançıları cəlb edirik. Bir neçə ildən sonra sözlərini deyəcəklər.
- Düşünmürsüz ki, artıq bədii gimnastikada yeni baş məşqçiyə ehtiyac var?
- A.H.: Yaxşı məşqçi tapmaq yaxşı idmançı yetişdirməkdən çətindi. Bəxtimiz onda gətirib ki, Bolqarıstandan Mariana Vasilyeva kimi güclü mütəxəssis tapmışıq. Buna qədər bədii gimnastikada rus və bolqar məktəbi var idisə, artıq Azərbaycan məktəbi də formalaşmaqdadı.
Bu yerdə Qayıbov müdaxilə edərək həmkarımıza sual ünvanlayır:
- Siz hansı yerli məşqçini bu posta namizəd görürsüz?
- Məsələn, Valentina Ukleinanın adını çəkə bilərəm. Onun vaxtında Aliyə Qarayeva Avropa çempionu olmuşdu.
- F.Q.: Ukleina Aliyənin məşqçisi olmayıb. Üstəlik, Qarayeva heç vaxt yarışlara ölkəmizdə hazırlaşmayıb.
- Bölgələrdə də beynəlxalq yarış keçirməyi düşünürsüzmü?
- A.H.: Bunu çox istərdik. Ancaq bunun üçün zallar tələblərə cavab verməlidi. Göygöl Olimpiya İdman Kompleksi voleybol üzrə Avropa çempionatının oyunlarını uğurla qəbul etdi. Deməli, orda gimnastika yarışı da keçirmək olar. Yeni baş katibə bunu tövsiyə edərik.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR