Sizin reklam burada

Jurnalistlər üçün himn, 1 milyon 482 min avro və ...suallı son

Baxış Sayı:2 421

Jurnalistlər üçün himn, 1 milyon 482 min avro və ...suallı son
Bütün yollar Romaya aparır – qadın sürücü “Formula-1” pilotlarına xas manevrlərlə azərbaycanlı jurnalistləri mənzil başına mümkün qədər tez çatdırmağa çalışanda mən bəzilərinin fransız təmsilçi Jan Lafontenə, bəzilərinin də italyan yazıçı Dal-Onqaroya aid etdiyi bu məşhur ifadəni xatırlayırdım. Amma çərşənbə axşamı bütün yollar Romaya yox, şəhərdəki Olimpiya stadionuna aparırdı. Hər kəs “Qarabağ”ın bu il Çempionlar Liqasının qapısını necə çırpacağını gözləyirdi.
Biz stadiona qədəm qoyanda 17 nəfərlik orkestr əzəmətli mahnılarla gecənin soyuğunda üşüyən bədənlərə inanılmaz ruh verirdi. Təbii ki, jurnalistlər də bundan kənarda qala bilməzdi. Həmkarlarımızdan kimsə orkestrdən ÇL-in himnini çalmağı xahiş etdi və musiqiçilər həvəslə razılıq verdi. Həmin an hər bir azərbaycanlı jurnalistin ürəyindən “Allah, sən bu himni bizə çox görmə” diləyinin keçdiyinə əminəm. Dilək, arzu, romantika öz yerində, amma stadiona toplaşan 35 minə yaxın azarkeş diktorun dilimizdə səslənən salamlaşmasını uğultuyla qarşılamaqla dərhal mövqeyini ortaya qoydu. Qonaq futbolçuların ad-soyadı da eyni uğultu ilə qarşılandı. Bu məqamda mən sövq-təbii soydaşlarımızın yer aldığı sektora boylandım. Çox az idilər, həm də təşkilatlanmadıqları açıq-aydın görünürdü. İstər davranışlarından, istərsə də heç bir plakat açmamalarından. Əslində gündüz şəhəri gəzərkən rastlaşdığım üç soydaşımızın qırımından axşam mənzərənin belə olacağını təxmin etmişdim. Bilirsizmi, stadiona sırf futbol, hansısa komandamıza azarkeşlik üçün getmək başqadı, Avropa səyahətinin bir hissəsi kimi təsadüfi üst-üstə düşmək başqa. Təsadüfi deyil ki, yalnız bir dəfə - 8-ci dəqiqədə “Qarabağ bizimdi, bizim olacaq” şüarı ucadan səsləndi. Bir də uzaqbaşı "Veysəloğlu" şirkətinin Romaya göndərdiyi 14 işçinin fəallığını qeyd etmək olar.
Hər nə isə, tifozi öz oyunçularını elə alqışlayırdı ki, gurultudan qulaq tutulurdu. Xüsusən qapının arxasında dalğalanan nəhəng klub bayraqları adamı vəcdə gətirirdi. Avropanın aparıcı futbol ölkələrində rast gəldiyimiz bu praktikanı da Azərbaycana gətirmək lazımdı. Futbolçusu ilə bütünləşmək, ona inanılmaz motivasiya vermək avropalı azarkeşin mühüm sifət cizgilərindən biridi. Bunu həm U-19-ların, həm də əsas komandaların oyunundan sonra gördüm. İtalyan azarkeşlər futbolçuları yanına çağırıb uzun müddət alqışlayandan sonra buraxdılar.
Medianın işi ilə bağlı da bəzi mülahizələri bölüşmək istəyirəm. Medianın iş zonasında oyunöncəsi münasibətlər çox səmimi idi. İtalyanlar arasında ortayaşlı və və daha qoca jurnalistlər üstünlük təşkil edir, gənclər də onların kampaniyasını tamamlayırdı. Burda həm pullu, həm də pulsuz xidmət var idi. Yəni kimsə təklif olunan menyu ilə razılaşmasa, pul ödəməklə başqa yemək və ya içki götürə bilərdi. Həm oyun ərəfəsində, həm də oyun vaxtı italyan və azərbaycanlı jurnalistlər bir-birinə qarışmışdı. Onu da xüsusi vurğulayım ki, yerli həmkarlarımız simpatiyalarını bildirməyə həvəsli deyildilər. Hər masanın üzərində kiçik monitorun qoyulduğunu da xatırladım.
İtaliya böyük futbol ölkəsidi, futbol onların mədəniyyətinin ayrılmaz parçasıdı, etiraf edim ki, bu mənada Azərbaycanla müqayisəyə yer yoxdu. Oyundan bir gün əvvəl Vatikan ziyarəti zamanı addımbaşı bilet təklif edənləri, “Roma”nın atributlarıyla şəkil çəkdirmək istəyənləri görəndə bu qənaətim möhkəmlənmişdi. Və bir klub yarıdolu tribunalar fonunda təkcə bilet satışından 1 milyon 482 min avro qazanırsa, onda müqayisədən danışmağa dəyməz.
...Artıq Bakıda gecə saat 3-dü. Qəmgin, yorğun, yuxulu azərbaycanlı jurnalistlər hava limanına tələsir. Yenə həmin sürücü yol polisinin müşayiəti ilə ziqzaqvari manevrləri təkrarlayır. “Əbədi şəhər”in işıqları yavaş-yavaş arxada qalır. Tahir Gözəlin oyunsonrası açıqlamasını həmkarımdan eşidəndən bəri artıq başqa sualların məngənəsindəyəm: görəsən, bir daha azərbaycanlıların yolu buralara düşəcəkmi?! Sözün bütün mənalarında...
MAHİR, Roma - Bakı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR