Azərbaycan futbolunda növbəti zəlzələ
Nizami Hacıyevlə Mirhüseyn Seyidov oyun alverinə görə saxlanıldı
Qışda Azərbaycan Beynəlxalq Bankı (ABB) üzündən “İnter” xeyli çətinliklərlə üzləşdi. Klub o dərəcədə müflis oldu ki, futbolçulara maaş belə ödəyə bilmədi. Bir müddət əvvəl isə paytaxt təmsilçisinin adı dəyişdirildi. İndi bakılılar təmsil etdiyi qəsəbənin adına uyğun olaraq “Keşlə” adlanır. Sən demə, klubun adının dəyişdirilməsinin də səbəbi məhz qumar imiş. Yəni “İnter”in adı bir çox oyunların alğı-satqısında, bukmeker kontorlarına qoyulmasında hallanır. Bu üzdən də AFFA himayəsinə aldığı klubun adını dəyişmək qərarına gəlib. Lakin bu hoqqabazlıqlar “Keşlə” adı ilə də sonlanmadı. Belə ki, premyer-liqanın 13-cü turunda keçirilən “Neftçi” – “Keşlə” matçında (3:1) qonaq komandanın futbolçularının bilərəkdən oynamadığı, rəqibə xal verdiyi barədə iddialar səsləndi. Dəqiqələr keçdikcə həmin iddialar təsdiqini tapmağa başladı. İlk addım srağagün atılıb. Futbolinfo.az portalı xəbər yaydı ki, “Keşlə”də oyun alğı-satqısında şübhəli bilinən Nizami Hacıyevlə Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ötən sayımızda xəbər vermişdik ki, elə bu hadisədən saatlar öncə baş məşqçi Ramiz Məmmədov hər iki futbolçunu komandadan uzaqlaşdırıb. Klubdan verilən məlumata görə, onlarla yaxın günlərdə müqavilə rəsmən pozulacaqdı. “Neftçi” ilə oyundan sonra Ramiz Məmmədov “səbəbləri açıqlasam, böyük partlayış ola bilər” söyləmişdi. Görünür, çalışdırıcı hər şeydən xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. Deyilənə görə, “Neftçi ilə oyuna start heyətində çıxan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Yalnız Orxan Sadıqlı, Sərtan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Bəzi futbolçular pul almayıb, etiraz etməsələr də, sakit dayanıb, meydanda əziyyətdən qaçıblar. Bu planın əsas fiqurları isə Nizami Hacıyevlə Mirhüseyn Seyidov olub. Məhz onlar komandada söz sahibləri kimi futbolçulara diqtə edib, onları dilə tutub, razı salıblar. Bəli, adı çəkilən ikilinin klubdan qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması buna sübutdu. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir. Məsələ ondadı ki, futbolçular bukmeker kontorları ilə işləməyiblər. Onlar, sadəcə, qarşı tərəfdən müəyyən məbləğ alaraq, işi həll ediblər. Lakin bu pulun kim tərəfindən verildiyi bəlli deyil. Fakt olmayanda, ad da yazmaq olmur. Lakin Mirhüseynlə Nizaminin saxlanılması və dindirilməsindən sonra əsas günahkarlar açıqlanacaq.
Tərlan Əhmədov fakt istədi, Ayxan Abbasov “xəyanət” adlandırdı
“Keşlə” bu müddətdə ardıcıl 7 oyunda məğlub olub. Həmin görüşlərdən ikisini “Zirə” və “Neftçi”yə qarşı keçirib. Sabiq “bankirlər” qəsəbə təmsilçisinə 0:1, “ağ-qaralar”a isə 1:3 hesabı ilə yenilib. Nizami ilə Mirhüseynin saxlanması xəbərindən sonra yuxarıda adları çəkilən hər iki komandanın baş məşqçiləri də açıqlama verdi. “Neftçi”nin çalışdıcırısı Tərlan Əhmədov fakt tələb edir: “Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılması barədə məlumatım yoxdu. İlk dəfə sizdən eşidirəm. Dünən (srağagün) bütün günü toyda olmuşam. Mətbuatda yazılanlardan xəbərsizəm. Nizami ilə aramızda komandaya dəvətlə bağlı söhbət belə olub ki, bu ilin oyunları başa çatandan sonra danışaq. Amma kiməsə rüşvət təklifi, ümumiyyətlə, ağlımızdan keçməyib. Həyatım boyunca belə işlərə getməmişəm. Kiminsə faktı varsa, gətirsin, qabağımıza qoysun, görək nədi, nə deyil. Çünki nə məsələ olduğunu bilmirəm. Amma belə söhbətlərdə heç vaxt olmamışam. Həmişə də demişəm ki, nə olacaqsa, halallıqla olsun. Bir işin halallığı yoxdusa, mənə lazım deyil. Elə oyunlara getmərəm. Belə şeylərə baş qoşmaq istəmirəm. Onsuz da bizdə elədi ki, bir şey olan kimi mətbuat aləmi bir-birinə qatır. Nizami ilə anlaşma yox, danışıq olub. Anlaşma dövrə bitəndən sonra baş tuta bilər. Heç vaxt hansısa futbolçuya oyunu zəif keçirməsi ilə bağlı təklif etməmişəm. Çünki elə şeylərdən xoşum gəlmir, Allahdan qorxuram. Digər tərəfdən, “Neftçi”nin elə böyük büdcəsi də yoxdu ki, kiməsə pul təklif etsin. Kimin faktı varsa, gətirib ortaya qoysunlar, yalandan yazmasınlar. Nizami və ya başqa futbolçularla bağlı əllərində fakt yoxdusa, şər atmasınlar”.
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə oyun alverində iştirak etməyin ölkə futboluna xəyanət olduğunu söylədi: “Belə məsələyə şərh vermək istəmirəm. Çünki bu, çirkin oyundu. Ad qazanmaq üçün illərlə əziyyət çəkirsən. Heç bir kluba, futbolçuya bunu arzulamaram. Bu, kluba yox, Azərbaycan futboluna xəyanətdi. Məsələ gərək tam aydınlaşdırılsın, ondan sonra danışmaq olar. Məncə, heç kim fikir bildirməyə tələsməməlidi. Gözləyək. Yəqin ki, bu yöndə işlər gedir. Klubun sübutu varsa, başqa məsələ. Ancaq hansısa klubun adını çəkmək, son 5-6 oyunda şübhələrin olduğunu bildirmək böyük ittihamdı. Bizim klubumuz belə şeylərə qarşıdı, heç bir komanda ilə bu yöndə söhbətimiz ola bilməz. Bir az ehtiyatlı olmaq lazımdı. Hansısa komanda ilə oyunu hallandırmaq düzgün deyil. “Keşlə” ilə görüşümüz gərgin keçmişdi. Sona qədər mübarizə getdi. Rəqibin futbolçularının əzmkarlığını görürdüm. Hətta son dəqiqələrdə bərabərlik qolunu da vura bilərdilər. Şəxsən mən həmin matçda şübhəli məqam hiss etmədim. Bu yaxınlarda UEFA-da seminarda idim. Təşkilatın sədri bu məsələ ilə bağlı çıxış etdi. Deyərdim ki, hətta UEFA da bununla bacarmır. Təkcə Azərbaycanda yox, bütün dünyada analoji problem var. Təbii ki, belə hallar idmanın özəlliyini, mübarizəni “öldürür”, azarkeşləri həvəsdən salır. Bununla mübarizə aparmaq lazımdı. Qarşısı sərt şəkildə alınmalıdı ki, başqalarına dərs olsun”.
“Keşlə” rəsmən yolları ayırdı, “Neftç” adına xələl gəlməsini istəmir
Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılması ilə bağlı “Keşlə” dünən rəsmi bəyanat yaydı. Adı çəkilən futbolçular danışılmış oyunlarda şübhəli bilindikləri üçün paytaxt təmsilçisi onlarla müqaviləyə bir neçə gün əvvəl xitam verib. Bəyanatda bildirilir ki, əsas komandanın futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun premyer-liqa çərçivəsində keçirilən son 5-6 matçda danışılmış oyunlarda iştirakına şübhələr yaranıb. Bu səbəbdən 4 gün öncə onlarla müqaviləyə rəsmən xitam verilib.
Ardınca “Neftçi” də oxşar bəyanatla çıxış etdi. “Ağ-qaralar” son günlər KİV-lərdə klubun ictimai nüfuzuna xələl gətirən və həqiqətə uyğun olmayan məlumatların yayılmasından narahatlığını ifadə edib. Məsələdə adı hallanan “Neftçi” bunu qərəz kimi dəyərləndirib: “Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymağa məcbur etdi. "Neftçi" həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik”.
"Neftçi" rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər kəsin layiqli cəzasını almasının tərəfdarıdı və bu yöndə hüquq-mühafizə orqanlarının apardığı işləri dəstəkləyir: “Bildiririk ki, "Neftçi"nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək. KİV-dən bu məsələlərdə xüsusən diqqətli olmağı və ölkəmizin ən köklü futbol klubunun adına hörmətlə yanaşmağı xahiş edirik. Dəyərli azarkeşlərimizə isə uğurlarımıza kölgə salmaq istəyən qüvvələrin yaydığı əsassız məlumatlara inanmamağı tövsiyə edirik”.
DİN, DTX və Baş Prokurorluq xəbərsizdi
Digər maraqlı məqam Hacıyevlə Seyidovun harda saxlanması ilə bağlıdı. Belə ki, onların konkret kim tərəfindən həbs olunduğu bilinmir. Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti bu barədə məlumatsızdı. DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xəbərlə bağlı araşdırmalar davam edir, hələ ki bunu təsdiq edən polis idarəsi yoxdu: "Ola bilsin ki, bu xəbər yalandı. Polis idarələrindən heç biri bu xəbəri təsdiq etmir. Bəlkə prokurorluq, bəlkə də digər hüquq-mühafizə orqanları saxlayıb".
Hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən futbolçularla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, onlarda heç bir məlumat yoxdur.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami Hacıyevlə Mirhüseyn Seyidov bu qurum tərəfindən də saxlanılmayıb.
Görünən odu ki, adı çəkilən futbolçular Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel – Ş.Ş.) əməkdaşları tərəfindən saxlanılıb.
ŞƏFİ ŞƏFİYEV
P.S. Dünən günün sonunda hər iki futbolçunun sərbəst buraxılması haqda xəbər yayıldı.

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər