Bu yaxınlarda AFFA-nın baş katibi Sərxan Hacıyev telekanallardan birinə müsahibə vermiş, birinci divizionda “danışılmış oyunlar”ın olduğuna işarə vurmuşdu. Bir məşhur deyimdə deyildiyi kimi, biz bu filmi görmüşük, cənab Hacıyev. Artıq neçənci dəfədi ki, eyni açıqlamaları, hədələri eşidirik. Aşağı dəstədəki hansısa komandanı və onun iştirakı ilə keçirilən oyunları “qaralayırlar”, ondan sonra da bir qarın çörəkpuluna topun arxasınca qaçan futbolçuları cəzalandırırlar. Bunun da adını “danışılmış oyunlar”la mübarizə qoyurlar. Bərəkallah, ustadınıza.
Necə ola bilər ki, bu ölkədə “danışılmış oyunlar” ancaq aşağı divizionda olsun, premyer-liqa iştirakçıları belə çirkin işlərə qoşulmasın?! Şəxsən mənim inanmağım gəlmir. Azərbaycanda bu işləri, türkün sözü, orqanizə edən qruplaşma varsa, təkcə aşağı dəstə ilə kifayətlənməz, elitaya da mütləq yol tapar. Bəli, oyun satanın, kirli işlərə qol qoyub, alətə çevrilənlərin hansı liqada və komandada oynamasının heç bir fərqi yoxdu. Bu işlərə qarışan, ədalətli oyun prinsiplərini pozan hər kəs ən ağır sözlərə və cəzaya layiqdi. Onlara qarşı da ən kəskin formada mübarizə aparmaq lazımdı. Amma indiki kimi səthi yox, tutarlı və ciddi formada. Özü də bütün diqqətləri aşağı diviziona yönəldib, premyer-liqadakı “böyük balıqlar”ı cəzasız qoymaq olmaz. Uşaq başı aldatmaq kimi mübarizə apararlar? Aşağı liqada oynayanlar tamahlarına yenik düşür, elitadakılar yox?!
Bəli, əlimdə konkret sübutlar olmadığı üçün kiminsə adını çəkə bilmirəm. Amma gözümüzün önündə başverənləri də görür, təhlil edə bilirik. Özü də hərdən mənə elə gəlir ki, hakimlər də bu “böyük və iyrənc oyunlar”ın iştirakçısıdı. Mövsümün əvvəlini yadınıza salın, hər xırda epizodda oyun dayanır, hakim əlini qulağına qoyub, VAR otağıyla danışırdı. Sonra da monitora doğru qaçır, epizodu diqqətlə izləyib, hakim yoldaşları ilə müzakirə aparırdı. İndi nə baş verir? “Şamaxı” – “Sumqayıt” oyununda konkret iki epizodda penalti şübhəsi vardı. Birində “Sumqayıt”, digərində meydan sahibləri hakimdən penalti tələb etdi. Amma baş hakim Fərid Hacıyev bu çağırışları qulaqardına vurdu, epizodu “incələməyə” ehtiyac görmədi. Həmçinin “Neftçi” – “Qəbələ” görüşündə təyin olunan penaltilər izləyənlərdə xeyli şübhə yaratdı. Sanki görüşün “üst” bitməsi üçün elə bu cür də olmalıymış. Meydan sahiblərinin xorvatiyalı qapıçısı Brkiçin buraxdığı ilk qolla ürəklərə səpilən şübhə toxumu hər iki komandanın qapısına təyin olunan penaltilərlə daha da cücərdi.
Ümid edirəm ki, belə ehtimallar elə ehtimaldı, reallıqla əlaqəsi yoxdu. Az öncə qeyd etdiyim kimi, əlimdə konkret sübut olmadığından kimisə hədəf göstərib, ittiham etmək də istəmirəm. Amma bir premyer-liqa oyununda bu cür penaltilər təyin edilib, kobud qapıçı səhvi görəndə, adamın ağlı min yerə gedir. Hələ ötən tur havadakı topu tutub, onunla birlikdə qapı xəttindən içəri yıxılan qapıçını da görmüşük. Mövsümün ilk iki dövrəsində qələbə qazanmaq bir yana, qol vurmaqda çətinlik çəkən komandanın daha sonra səfərdə 2-3 qollu qələbələr qazanması, qış fasiləsinə qədər yüksək səviyyədə oynayan digər komandanın 6-7 oyun azarkeşlərinə qələbə sevinci yaşada bilməməsi də birmənalı qarşılanmır. Bu siyahını uzadıb, ayrı-ayrı məqamların üzərində çox dayanmaq istəmirəm. Mənim yazdıqlarım hamının gördüyü, şübhə yaratmaq üçün əsas verən məqamlardı. Onları araşdırmaq, həqiqəti üzə çıxarmaq isə bizim yox, AFFA-nın üzərinə düşən vəzifədi. Ümid edirəm ki, qurum da bu işin öhdəsindən gələcək, premyer-liqa iştirakçılarına da birinci diviziona yanaşdığı kimi yanaşacaq. Əks halda, icazə verin, hamınızdan şübhələnək...
AMAL