Sizin reklam burada

Şəhriyar Məmmədyarov şahmat tariximizdə ilkə imza atdı

Title
Şəhriyar Məmmədyarov şahmat tariximizdə ilkə imza atdı
Rauf və Zeynəb isə şəxsi rekordunu yenilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) reytinq siyahısını yeniləyib. Noyabrda keçirilən oyunların nəticələrinə əsasən müəyyənləşən siyahı Şəhriyar Məmmədyarov üçün uğurlu olub. Əmsalını 2799-a çatdıran sumqayıtlı qrossmeyster 3-cü pilləyə yüksəlib. Bu yer şahmat tariximizdə ən yüksək göstəricidi. Çünki zəka sahiblərimiz indiyədək ən yaxşı halda 4-cü pillədə yer almışdı. İndi Məmmədyarovu yalnız Maqnus Karlsenlə (Norveç, 2837) Levon Aronyan (Ermənistan, 2805) qabaqlayır. Teymur Rəcəbov isə 2013-cü ilin aprelindən bu yana ən yüksək əmsala – 2748-ə çatıb. Ancaq bu, İddiaçıların Turnirinə vəsiqəni son anda əldən verən həmyerlimizə cəmi 2 həmkarını geridə qoyub, 17-ci pilləyə yüksəlməyə imkan verib. Gözlənildiyi kimi, yığma üzvlərindən ən yüksək sıçrayışa Rauf Məmmədov imza atıb. Komandalararası Avropa çempionatında möhtəşəm çıxış edən Rauf hazırda dünyanın 40-cı şahmatçısıdı. Məmmədovun reytinqi 2709-a bərabərdi. Beləliklə, bundan əvvəlki siyahıyla müqayisədə 18 pillə irəliləyən Rauf həm yerə, həm də əmsala görə şəxsi rekordunu yeniləyib. Arkadi Naydiç də cüzi irəliləyişə sevinib. Latviyalı legioner əmsalını 2705-ə çatdırmaqla bir həmkarını geridə qoyub və 43-cü sırada yer alıb.
Qadınlardan ibarət yığmamızın üzvlərinə gəlincə, Ülviyyə Fətəliyeva nisbi irəliləyiş əldə edib. Əmsalını 3 vahid, mövqeyini 2 pillə yaxşılaşdıran Fətəliyeva 2384 xalla 77-ci yerdədi. Maraqlıdı ki, 34 yaşlı Zeynəb Məmmədyarova karyerasında ilk dəfə qadınların ilk “100-lüy”ünə daxil olub. Şəhriyarın böyük bacısı 2363 əmsalla 96-cı pillədə qərarlaşıb. Zərif cinsin nümayəndələri arasında ilk “3-lük”də uyğun olaraq Yifan Hou (Çin, 2680), Anna Muziçuk (Ukrayna, 2582) və Venyun Yu (Çin, 2567) yer alıb.
Son vaxtlar ilk “100-lük”də görməyə alışdığımız Günay Məmmədzadə ilə Gülnar Məmmədova isə xeyli geriləyib. Olimpiadanın qalibi 2357 əmsalla 104-cü, son ölkə çempionu isə 2333 əmsalla 143-cü yerdədi.
Ölkələrin sıralamasında 2663 əmsalla altıncıyıq. Bizi Rusiya (2743), Çin (2712), ABŞ (2695), Ukrayna (2680) və Hindistan (2673) qabaqlayır.
Şahmatdan söz düşmüşkən, FİDE gələn il baş tutacaq tac uğrunda mübarizənin Londonda baş tutacağını açıqlayıb. Hazırki dünya çempionu Maqnus Karlsenin rəqibi isə Almaniyanın paytaxtı Berlində keçiriləcək İddiaçıların Turnirinin qalibi olacaq. Böyük Britaniyaya yollanmaq üçün Şəhriyar Məmmədyarov Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişşuk (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ) və Dinq Lirenlə (Çin) mübarizədən qalib ayrılmalıdı. Londondakı tac uğrundakı yarış noyabrın 9-dan 28-dək keçiriləcək. Turnirin mükafat fondu 1 milyon avro təşkil edəcək.
Dekabrın 26-dan 30-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda rapid və blits üzrə dünya çempionatı keçiriləcək. Artıq Şəhriyar Məmmədyarov turnirdə iştirakını təsdiqləyib. Mundialda şahmatçımızla yanaşı, klassik şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, rapid və blits üzrə hazırkı dünya çempionları rus Sergey Karyakin, ukraynalı Vasili İvançuk, Ermənistandan Levon Aronyan, Hindistandan keçmiş dünya çempionu Vişvanatan Anand və dünyanın 40 ölkəsindən 180-dən artıq aparıcı qrossmeysterlər iştirak edəcək. Yığmamızın digər üzvləri Teymur Rəcəbov, Rauf Məmmədov, Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərlinin, qadınların yarışında isə Zeynəb və Türkan Məmmədyarovalar, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovanın da mübarizə aparacağı gözlənilir. Ancaq onların iştirakı hələ təsdiqini tapmayıb. Mükafat fondu rekord məbləğ – 2 milyon ABŞ dolları təşkil edir. Kişi şahmatçıların rapid və blits turnirlərində açıq seksiyada qaliblərin hər birinə 750 min, qadın şahmatçıların rapid və blits yarışlarında birinci yeri tutan şahmatçılara 250 min dollar mükafat veriləcək. Dekabrın 26-dan 28-dək rapid, dekabrın 29-30-da isə blits üzrə yarış keçiriləcək.
Qeyd edək ki, 88 kişi və 94 qadın şahmatçının yol, məskunlaşma və yemək xərclərini təşkilatçılar ödəyir. Dünya çempionatı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun adını daşıyacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.