
“Keşlə”nin oyunu “Neftçi”yə “verdiyi” iddia olunur
Nizami ilə Mirhüseynin cavabı sərt oldu
“Keşlə” antirekordunu yenilədi. Belə ki, komanda tarixində ilk dəfə ardıcıl 7 çempionat matçında məğlubiyyətlə barışdı.Srağagün paytaxt derbisində “Neftçi”yə 1:3 hesabı ilə uduzan sabiq “bankirlər” ardıcıl 7-ci dəfə meydanı xalsız tərk etdi. Sonuncu xalını “İnter” adlandığı vaxt “Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xala həsrətdi. Ardıcıl məğlubiyyətlərdən ən çox müzakirə olunan elə sonuncudu. Belə ki, iddiaya görə, komandanın təcrübəli futbolçuları oyunu “Neftçi”yə verib. Yəni bilərəkdən potensiallarından aşağı səviyyədə çıxış ediblər. Bu mövzu sosial şəbəkələrdə trendə çevrilib. Deyilənə görə, Nizami Hacıyev yaxın günlərdə “Neftçi” ilə müqavilə bağlayacağı, Mirhüseyn Seydov və Denis Silva isə sabiq klubu olduğu üçün potensiallarından aşağı çıxış ediblər ki, “ağ-qaralar” 3 xal qazansın.
Oyundan sonra komandanın baş məşqçisi Ramiz Məmməödov da maraqlı açıqlama ilə gündəmə gəldi. O, “futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini nədə görürsüz” sualına belə cavab verdi: “Səbəbi başqa yerdə axtarmaq lazımdı. Mən bunu burda açıqlamalı olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdu. Komanda bilərəkdən oynamır? Elə demirəm. Sadəcə, futbolçular potensiallarından aşağı səviyyədə çıxış edirlər. Onların adlarını açıqlamaq istəmirəm. Ayrı-ayrılıqda hər biri ilə söhbət edəcəm. Bundan artığını oynaya bilərlər. Yaradılan qol vəziyyətlərini gördüz”. Deyəsən, oyunun verildiyini Ramiz Məmmədov da hiss edib. Həqiqətənmi futbolçular belə şey edib? Doğrudanmı bu gün “Keşlə” “Neftçi”dən xala ala bilərdi? Bu suallara cavab tapmaq üçün yuxarıda adları qeyd olunan oyunçularla danışmaq qərarına gəldik.
Nizami Hacıyev: “Onu kim deyir? Qələt edirlər. Həmin sözü deyənin… Kim deyirsə, gəlsin yanıma, onun cavabını verim. Oyun verən idimsə, Tərlan Əhmədov məni komandaya götürər? Hamısı boş-boş danışır, şər yaxırlar. Bəli, biz zəif çıxış etmişik. Komandada əhval-ruhiyyə yerində deyil. 7 oyunda uduzmuşuq. Deməli, problem var. Məhz “Neftçi” ilə oyun haqda niyə bu söhbətləri ortaya atırlar? Niyə demirlər, “Səbail”ə, “Kəpəz”ə bilə-bilə uduzmuşuq, oyun vermişik? Nizami “Neftçi”yə keçir deyə bu cür məsələləri ortaya atırlar. İndi ayılıblar? Ramiz Məmmədovun nəyə eyham vurduğunu bilmirəm. O yaxşı bilir ki, mən son 4 turda iynə gücünə oynayıram. Ağrılar imkan vermir. Zəif oynamaq o demək deyil ki, kiməsə oyun vermişəm. Bunlar bekar adamların sözləridi. Kaxaber Tsxadadzenin dönəmində deyirdilər ki, “İnter” “Neftçi”yə oyun verir? Komanda udar da, uduzar da. “Neftçi” ardıcıl 5 oyunda uduzdu. Amma heç kim heç nə demədi. Futboldu da, hər şey olur. Biz Tsxadadzenin vaxtında 21 oyun uduzmadıq. Svanadzenin vaxtında 10-dan çox oyunda məğlub olmamışdıq. “Bakcell Arena”da “Neftçi” ilə oyunda Zurab Xizanişvili cərimə meydançasından 2 metr uzaqda əllə oynadı, penalti təyin edib, bizi uduzdurdular. O vaxt niyə demirdilər? Çox insafsız və əxlaqsız iddialar irəli sürürlər. Belə şey ola bilməz. 20 ildi futbol oynadıq, adımıza söz çıxmadı. Pulumuz da olmadı. İndi pul ola-ola, oyun verəcəyik? Biabırçılıqdı”.
Mirhüseyn Seyidov: “Mən belə xəbərlərə gülürəm. Biabırçılıqdı. Biz uduzanda bu söhbətlər çıxır. Bunu deyənlərin, yazanların özləri problemli adamlardı. Hər şeyin həddi var. Bizim nəyimizə lazımdı kim müqavilə bağlayır? Kənardan nəsə demək asandı. Keyfiyyətsiz adamların dilinə düşmək də pisdi. Bu gün buzdə xeyli problem var. Onları qabartmırlar, qəsdən uduzduğumuzu deyirlər. Həvəs olmadan hazırlaşırıq, nəticə də belə olur. “Qara zolağa düşmüşük”. Ona görə də uduzuruq. Baş məşqçinin sözləri barədə heç nə deyə bilmərəm. Oyundan sonra Ramiz müəllimlə danışdım. Kimə gəldi, irad bildirmədi. Özünə hörmət edən adam kiməsə şər yaxmaz. Bu özü bir günahdı. Biz müsəlmanıq. Doğru olmalıyıq. Baş məşqçiyə kimsə lazım deyilsə, göndərə bilər. Bu komandanın gücü bir yerə qədər idi. Maaşlar gecikir, problemlər üst-üstə gəlir, lakin davam edirdik. İki il bu cür çətinliklərlə futbol oynadıq. Rəmiş Malıyev gələndə bizə qəhrəman adı vermişdi. Deyirdi ki, qarşınızda baş əyirəm. İndi oyun satacağıq? Boş həngamələrdi”.
ŞƏFİ ŞƏFİYEV