Sizin reklam burada

“Kəpəz”in özək dərdi

Title
Bir neçə il əvvəl Gəncəyə yasa getmişdim. Dostlarımın birinə də baş çəkdim. Ordan-burdan danışdıq, köhnə xatirələri yada saldıq. Futbolla yaxından maraqlanmasa da, Mehman Allahverdiyevlə yaxın münasibətləri olduğunu öyrəndim. Ertəsi Mehman müəllimlə “Xan bağı”na görüş təyin etdik, görüşdük. Mürəbbəli çayla futbol mövzusunda neçə saat danışdığımızı xatırlamıram. Amma həmin günün axşamı Fəxri Xiyabanda Kostya dayının sadə məzarına baxa-baxa kələfin ucunun harda düyünləndiyini tapmağa çalışdığım dəqiq yadımdadı.
Konstantin Abramenkonun tanınmış futbolçuları uşaq yaşlarında ora-bura qaçırtdığı meydanın durumuna isə ən layiqli qiyməti şirin Gəncə ləhcəsiylə futbola könül verməyən dostum verdi. O dörd sözdən ibarət mükəmməl cümləni qəzet səhifəsinə uyğun şəklə salmağa cəhd etsəm, dadı-duzu qaçacaq. Örənimiş örüş yerini xatırladan, dəmir qapısı dəhşət filmlərindəkindən də vahiməli səslə cırıldayan məkanı futbol meydanından başqa hər şeyə bənzətmək olardı. Təxminən 10-15 dəqiqə döyənək olmuş yerə tamaşa edib uzaqlaşdıq...
“Kəpəz”in dərdi baş məşqçi deyil. İstər Abramenkonun yetirmələrindən olan Yunis Hüseynov, istərsə də başqası bu komandayla böyük uğurların qapısını döyə bilməyəcək. Şahin Diniyev məhdud büdcəylə mümkün olanı ortaya qoymuşdu: Avroliqaya vəsiqə, mərhələ adlamaq sevinci. Azdı? Əlbəttə, Azərbaycanın futbol xəritəsində konturları parlaq, yağlı boyayla cızılmış şəhər üçün çox azdı. Amma daha artığını arzulayanlar problemin həllini kökündən tapmasının vacibliyini anlamalıdı. Bu gün “Kəpəz”də bir gəncəli oyunçu top qovursa, maşallahların, vəlilərin, vidadilərin, mahmudların, yunislərin davamçıları başqa klublarda da yoxdusa, Nizami yurdunun təmsilçisi elə indiki kimi oynamalıdı. Ənənə adlandırılan anlayışı da insanlar formalaşdırır. Biri əsasını qoyur, sevdirir, başqaları püxtələşdirir, kütləviləşdirir. Biz eşitdiyimiz ənənəni mərhum mütəxəssis gec-gec yad olunan sadə məzarına aparıb. İndi “Kəpəz” ənənəvi AFFA komandasıdı. Belə desək, Gəncənin adından oynasa da, qanıyla,canıyla, ruhuyla, oyun tərziylə gəncəli deyil. Tarixən o şəhərdə yenilgiləri “pirojki” kimi yeməyiblər. 1:6-ya bənzər rüsvayçı məğlubiyyətləri sıradan olay saymayıblar. Meydana ayaq basan futbolçu kimliyindən asılı olmayaraq, hansı azarkeş üçün oynadığının fərqinə varıb. Qınağı da qəbul edib, yeri gəlsə, oyunlardan sonra ağzının üstünə dəyən silləni də.
Həmişə demişəm, AFFA-da əyləşən futbol başbilənlərinin ən böyük nöqsanı mentallıq adlı amili solaxay tutmalarıdı. Gəncədə böyük futbolu “diriltmək” missiyasını boynuna götürən səriştəsizlər öncə ana problemi aradan qaldırmağa çalışmalı, ardından inkişaf yolunda addımlar atmalıydı. Uşaq futbolu olmayan, 5 idə yığmaya 5 gənc oyunçu verə bilməyən şəhərin bir nömrəli komandası kökü qurumuş ağac kimidi. Budaqlarını yüz bağban tumarlasa da, boy atmayacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.