Sizin reklam burada

“Çıxanda nə dedim sənə, mən verərəm, sən vurarsan demədimmi?”

Baxış Sayı:3 097

“Çıxanda nə dedim sənə, mən verərəm, sən vurarsan demədimmi?”
MOİK əsgərlərin hesabına sevindi
AFFA-nın birinci divizionda 10 komandanın çıxış edəcəyi ilə bağlı qərarına ən çox üzülən bəndəniz idi desəm, yanılmaram. “Bakılı”sız, “Şərurspor”suz, “Rəvan”sız, Misir Əbulovsuz, Kamran Əlibabayevsiz, Sahib Qocayevsiz “vəhşi diviziya”nın nə dadı, nə duzu? Bu üzdən cari mövsümdə aşağı dəstənin oyunlarına marağım yaman azalmışdı. Yalnız nəticələrə, protokollara və PFL-in yerləşdirdiyi icmallara baxmaqla kiayətlənirdim. Lakin şənbə günü paytaxtdakı matçlardan birinə getməli oldum. Seçim etmək də çətin idi. Paytaxtın bir ucunda debütant və eyni zamanda iddalı “Binə” yaxşı formada olan “Mil-Muğan”ı qəbul edir, digər bucağında isə ordunun 100 illiyi ilə bağlı aşağı dəstədə çempionluğu hədəfləyən MOİK varlığı ilə yoxluğu bilinməyən, autsayder “Zaqatala” ilə qarşılaşırdı. İkinci görüş diqqətimi daha çox çəkdiyindən “Bakı”nın bazasına yollandım.
Soyuq hava, pürrəngi çay, azarkeşsiz oyun
Hava soyuq, küləkli olduğundan tribunada necə oturacağımı dərd etməyə başlamışdım. Lakin bəxtim gətirdi. Oyunu klub rəsmiləri və qonaqlarla VİP-lojadan izləmək imkanım oldu. Özü də MOİK rəhbərliyi sağ olsun, şirniyyat, isti çayla. Sanki oyuna evdə, televizordan baxırdım. Görüşü MOİK-in rəsmisi, kapitan Şahin Məmmədov, komandanın idman direktoru Ramil Əliyev, “Şahdağ”ın çalışdırıcısı Kamran Əlibabayev və mətbuat xidmətinin rəhbəri Xanbaba Daşdı izləyirdi. Qarşı tərəfdəki VİP-lojadan “Bakı”nın icraçı direktoru Yaşar Seyidov da oyuna baxırdı. Tribunalar isə həmişəki kimi boş idi. Oyuna yalnız futbol məktəblərində oynayan uşaqlar baxırdı. Onların da sayı 20-ni keçməzdi. Maraqlıdı, bizlə yanbayan oturan AFFA nümayəndəsi Şakir Əmrahov protokola hansı rəqəmi yazacaq?
3 xal və iclasdan qurtulmaq
14.30-a nəzərdə tutulan qarşılaşma iki dəqiqə tez başladı. Özü də MOİK-in ciddi təzyiqi ilə. Rəqibinə göz açmağa imkan verməyən meydan sahibləri cinahlardan, standart vəziyyətlərdən ciddi təhlükə yarada bilirdi. “Hərbçilər”in hücumları 25-ci dəqiqədə bəhrə verdi. Komanda yoldaşından ideal ötürmə alan Orxan Həsənov hesabı açdı. “Zaqatala” özünə gəlməmiş qapısında ikinci qolu gördü. Bu dəfə İsmayıl İbrahimli fərqləndi. Yerli oyunçulardan qurulan bölgə təmsilçisi meydanda heç nə ilə yadda qalmırdı. MOİK ilk yarıda yaxaladığı imkanları qola çevirə bilsəydi, hesab 2:0 yox, hətta 4:0, 5:0 da ola bilərdi. Qonaqların heyətində yeganə uğurlu çıxış edən sağ cinahda oynayan Sərxan Abdullayev idi. O, oyunboyu sürəti və keçidləri ilə MOİK-in müdafiəsinə əməlli-başlı başağrı idi. İkici yarıda isə vəziyyət dəyişdi. “Zaqatala” daha çox top saxlayır, rəqibi cərimə meydançasına doğru sıxa bilirdi. Lakin hər iki komandanın çıxışı o qədər kortəbii idi ki, sanki məhəllə futboluna şahidlik edirdik. Oyunçular elementar şeyləri bacarmırdı. Yersiz top itkiləri, qayda pozuntuları, qeyri-dəqiq ötürmələr oyunun tempini aşağı salırdı. Bir sözlə, keyfiyyət sıfra bərabər idi. MOİK fasilədən sonra tam “yatmışdı”. Qonaqlar da bundan maksimum yararlandı. Öncə 63-cü dəqiqədə müdafiəçilərin kobud səhvindən yararlanan Asim Babazadə fərqləndi. 7 dəqiqə sonra isə Rəhman Şabanov rəqibin cərimə meydançasına yaxınlaşdı. Bu zaman MOİK-in qapıçısı elə səhv etdi ki, onu heç məhəllə futbolunda da görə bilmərik. Peşəkar qapıçının o cür səhv edə biləcəyinə inanmaq çətindi. Belə ki, Aydın Bayramov qapını yersiz tərk etdi, Şabanov isə topu onun başı üzərindən tora göndərdi. Həmin qol zamanı VİP-lojada əyləşənlərin hamısı başını tutaraq “bu nə idi?” deyə reaksiya verdi. Hesab bərabərləşəndən sonra MOİK-in ehtiyat oyunçular skamyası həyəcanlanmağa başladı, hərəkətlilik əmələ gəldi. Kapitan Şahin Məmmədov isə belə reaksiya verdi: “Ramil, Aqil niyə dəyişiklik etmir ki? Bəlkə onu don vurub, bir maraqlan, gör nə düşünür?” Əliyev isə “Şahin müəlim, baş məşqçi odu, mən nə deyə bilərəm?” deyə cavab verdi. Aqil Məmmədov sanki bu sözləri eşitdi və meydana iki oyunçu buraxdı. Hər ikisi də hərbi qulluqçu. AZAL-dan yaxşı tanıdığımız Ruslan Nəsirli və Bahadur Həziyevin meydana çıxması ilə fəallıq yenə MOİK-in tərəfinə keçdi. Çox keçmədən dəyişiklik bəhrə verdi. Nəsirlinin ötürməsindən sonra Həziyev hesabı 3:2 etdi. Əsgərlər MOİK-i xal itkisindən xilas etdi. Qoldan sonra da Şahin bəyin reaksiyası maraqlı oldu: “yaxşı ki, 3-cü qolu vurduq. Yoxsa axşam iclas olardı ki, niyə qalib gəlməmisiz?” Oyun bu hesabla başa çatsa da, 3-cü uzatma dəqiqəsində “Zaqatala”nın üzvü Roini İsmayılovun qaçırdığı şansı da unutmayaq. Onu da xatırladaq ki, Roini yalnız bu epizodla yox, simulyasiyalarla da yadda qaldı. Özü də bir dəqiqə ərzində iki dəfə. MOİK qol qələbə qolunu vurandan sonra İsmayılov iki dəfə Həziyevə yaxınlaşdı və yerə yıxıldı. Heç bir toxunuş olmadan. Bu həm MOİK-in oyunçularının, həm də VİP-lojada əyləşənlərin gülüşünə səbəb oldu. Hakim isə nədənsə simulyasiyaya görə futbolçunu cəzalandırmadı. MOİK qalib gəlsə də, onu deyə bilərik ki, bu oyunla aşağı dəstədə çempion olmaq qeyri-mümkündü. Komanda qışda mütləq güclənməlidi. “Zaqatala”nın isə nə kəfəni var, nə də ağlayanı.
Qalibə banan, məğlubdan divara yumruq
Final fitindən sonra zaqatalalılar yaman üzgün görünürdü. Baş məşqçi İlqar Aslanov ardıcıl bir neçə siqaret çəkdi. Qonaqların paltardəyişmə otağında isə dava-dalaş səsləri eşidilirdi. Futbolçular meydanda buraxılan səhvlərə görə bir-birini qınayırdı. Özü də kobud şəkildə. Arada divar və qapıya endirilən yumruq zərblərinin səsini də eşitmək olurdu. MOİK tərəfi isə bayram əhval-ruhiyyəsində idi. Futbolçulara mükafat olaraq banan paylanmışdı. Yəqin ki, pul mükafatı da olacaq. Ən çox sevinən Nəsirli ilə Həziyev idi. Ruslan “çıxanda nə dedim sənə, mən verərəm, sən vurarsan deməmdimmi?” deyərək komanda yoldaşını qucaqladı. Həqiqətən də Bahadur və Ruslan əsgərdilər. Birincinin hərbi xidməti başa vurmasına 8, ikincinin isə 5 ayı qalıb.
Aslanov ümidlidi, Məmmədov güclənməyi düşünür
Görüşdən sonra baş məşqçilərin də fikirlərini öyrənməyi lazım bildim. İlqar Aslanov son anda qaçırılan qol imkanına görə üzülüb: “İlk yarıda çox zəif oynadıq. Amma fasilədən sonra komanda özünə gəldi. Hesab 2:3 olanda əla şans yaxaladıq. Özü də hakimin final fitinə yaxın. Amma bəxtimiz gətirmədi. 2 dəyişiklik etdik. Oyunçularımız çox deyil. İki futbolçumuz yoxdu. Hücumçumuz Ruslan Vorontsov və yarımmüdafiəçimiz Kamran Həsənzadə zədə səbəbindən bizə kömək edə bilmir. Həmin mövqelərdə problemlər yaşayırıq. Məğlubiyyətdən sonra futbolçular əsəbi olurlar. Onları növbəti matçlara hazırlamalıyıq. Ürəkdən çalışırıq ki, sonuncu pillədə qalmayaq. Əlimizdən gələn hər şeyi edəcəyik. Vuruşacağıq”.
Aqil Məmmədov isə ikinci hissədən razı qalmayıb: “Tam fərqli hissələrə şahidlik etdik. İlk yarıda çox yaxşı oynadıq. İki yox, 4-5 qol vura bilərdik. Amma fürsətlərdən istifadə edə bilmədik. Ola bilər ki, fasilədən sonra oyunçularda arxayınlıq yaşandı. Bu da oyuna təsir etdi. Son anda bəxtimiz də gətirdi. “Zaqatala” sonuncu yerdə olsa da, pis komanda deyil. İkinci yarıda oyunun belə keçəcəyini gözləmirdim. Fikirləşirdim ki, ilk yarıda qabırğası əzilən müdafiəçi Hüseyn İsgəndərovu əvəzləyim. Amma rəqib hesabı bərabərləşdirdi. Mən də dəyişiklikləri məcburən gec etməli oldum. Komandanın qarşısına çempionluq məqsədi qoyulub. Amma bəzi mövqelərdə mütləq qaydada dəyişiklik olmalıdı. Güclənməliyik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR