Sizin reklam burada

“6 xallıq oyun”u lider qazandı

Baxış Sayı:3 359

“6 xallıq oyun”u lider qazandı
Lökbatanlılar doğma komandaya biganədi
Birinci divizonda 10-cu turun mərkəzi görüşü Lökbatanda baş tutdu. “Qaradağ Lökbatan” “doğma divarlar” arasında ikinci pillədə qərarlaşan MOİK-i qəbul edirdi.
Boş tribunalar qarşısında “6 xallıq oyun”
“Qaradağ Lökbatan”ın “hərbçilər”lə qarşılaşmasına yollananda düşünürdük ki, liderlərin oyununa maraq böyük olacaq. Hər halda, çempionluq uğrunda mübarizə aparan iki komanda üz-üzə gəlirdi. Təəssüf ki, əhalisinin sayı 100 mindən artıq olan qəsəbənin sakinləri doğma klublarına biganə münasibət göstərməklə bizi təəccübləndirdilər. Klubun rəhbərliyində təmsil olunanları, stadionda çalışan texniki işçiləri nəzərə almasaq, sırf oyunu izləmək üçün arenaya üz tutanların sayı 30 nəfərdən artıq olmazdı. Bundan da belə qənaətə gəlmək olar ki, ya Lökbatan əhalisinin hamısı iş-güc adamıdı, ya da qəsəbə sakinləri “qırmızı-qaralar”ı sevmir.
Tez alışıb, tez sönən “hərbçilər”
İkinci pillədə qərarlaşan və lökbatanlılardan 6 xal geri qalan MOİK-in meydana qələbə üçün çıxacağını gözləmək olardı. Ancaq onu da qeyd edək ki, Aqil Məmmədovun komandası əsas rəqiblə oyuna itkilərlə çıxmışdı. Belə ki, ötən tur meydandan qovulan əsas heyətin iki üzvü - Cəmil Hacıyevlə Qərib İhrahimov liderlə görüşü kənardan izləmək məcburiyyətində idi. Heç şübhəsiz, meydan sahibləri də əsas izləyicisi ilə görüşdə xal itirməyi planlaşdırmırdı.
Oyuna qonaqlar daha fəal başladı. Aqil Məmmədovun komandası elə ilk hücumda hesabı açmağa yaxın oldu. Komanda yoldaşından ötürmə alan Orxan Həsənov qapıçı ilə təkbətək çıxsa da, zərbəsi qeyri-dəqiq oldu. İlk həmlənin uğursuz olması qonaqları həvəsdən salmadı və 15-ci dəqiqəyədək oyuna nəzarət edən MOİK-in futbolçuları bu müddətdə bir neçə dəfə fərqlənməyə yaxın olsalar da, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. “Hərbçilər”in ilk hücum dalğasının qarşısını alan lökbatanlılar vaxt ötdükcə “oyununu tapa bildi”. Komandanın “vuran ayağı” Sabir Allahquliyev artıq tez-tez rəqibin cərimə meydançasında görünür, bu matçda o qədər də inamlı təsir bağışlamayan, U-21-in də “çərçivə qoruyucusu” olan Aydın Bayramovu narahat edirdi. Meydanın mərkəzini ələ keçirən Həbib Ağayevin komandası rəqib müdafiəçilərin “ikinci mərtəbə”də zəif olduğunu görüncə, daha çox hava ötürmələri ilə MOİK-in müdafiə xəttini yarmağa başladı ki, bu da çox çəkmədən bəhrə verdi. Belə ki, 19-cu dəqiqədə Əliqulu Manafov başla topu tora qovuşdurdu. Qoldan sonra yenidən üstünlüyə yiyələnən qonaqlar qalan dəqiqələrdə çox çalışsalar da, tarazlığı bərpa edə bilmədilər.
İkinci yarıya daha fəal başalayan lökbatanlılar 52-ci dəqiqədə hesab arasındakı fərqi artırdı. Bu dəfə Allahquliyev özünəxas tərzdə, cərimə meydançasının daxilində “qayçı” vuruşu ilə Aydını topu tordan çıxarmağa məcbur etdi. Hesab 2:0 olandan sonra Həbib bəyin komandasında sanki arxayınlıq yarandı. Hücum etmək əvəzinə daha çox topu özündə saxlamağa çalışan meydan sahibləri bununla da rəqibin əl-qol açmasına imkan yaratdı. Qonaqların ardıcıl hücumları 56-cı dəqiqədə qolla nəticələndi. Qapıçı ilə təkbətək çıxan Kamil Nurəhmədov paxıllıq etməyərək daha əlverişli möveqdə olan İsmayıl İbrahimlini “gördü”. İkincinin bir toxunuşu isə topun qapı xəttini keçməsinə kifayət etdi. Matçın son yarımsaatı daha gərgin mübarizə şəraitində keçdi. Səfərdən heç olmasa, 1 xalla dönməyi istəyən qonaqlar dayanmadan hücumlar edir, meydan sahibləri isə rəqibini əks-hücumda yaxalamağa çalışırdı. Bəlkə də qapıda Ağaseyid Qasımov olmasaydı, “hərbçilər” istəklərinə çata bilərdilər. Ötən mövsüm MOİK-in şərəfini qoruyan Qasımov srağagün qapıda keçilməz idi. 4-cü uzatma dəqiqəsində isə Ağaseyid cərimə zərbəsindən “9-luğ”a gedən zərbəni dəf etməklə komandasına qələbə qazanmaqda yardımçı oldu.
İntizamsız “hərbçilər”
MOİK ardıcıl ikinci oyunu tam heyətlə başa şatdıra bilmir. Yuxarıda qeyd etdiyimiz kimi, “Binə” ilə matçda Cəmil Hacıyevlə Qərib İbrahimov hakimin qəzəbinə tuş gələrək meydandan qovulmuşdular. Cəmil “sonuncu ümid folu”na görə meydanı erkən tərk etmişdisə, İbrahimov hakimlə danışığa görə eyni cəzaya məruz qalmışdı. “Qaradağ Lökbatan”la qarşılaşmada eyni səbəbdən Mehman Məmmədov komandasını pis vəziyyətdə qoydu. Ramiz Məmmədovun qardaşıoğlu olan yarımmüdafiəçi, demək olar ki, heç nədən qovuldu. Onun zərbəsindən sonra top rəqib müdafiəçinin əlinə dəydi. Elvin Əsgərov cərimə zrəbəsi təyin etsə də, nədənsə Məmmədov hakimə etiraz edir, onu birtərəfli idarəçilikdə günahlandırırdı. Əsgərov bir neçə dəfə “sakitləş, mən hər şeyi görürəm, sən futbolunu oyna” söyləsə də, Mehman dayanmadan hakimə “görürəm də sənin idarəçiliyini. Bayaq orda cərimə olsa da, fit çalmadın” deməklə özü-özünə quyu qazdı. Passivində artıq bir sarı vərəqə olan yarımmüdafiəçi qarşısında ikinci “sarı”nı gördü. Bundan başqa, oyunun gedişində MOİK-in futbolçuları bir neçə dəfə öz aralarında mübahisə etdilər. İlk hissədə İsmayıl İbrahimli ilə kapitan Orxan Həsənov söz duelinə çıxdılar. Orxan gənc futbolçuya uca səslə iradını bildirincə, “20 nömrə” “sən kapitansan, onun-bunun üstünə qışqırmaqdansa, uşaqları sakitləşdirməlisən” deyərək cavab qatardı. Məşqçilər korpusunun müdaxiləsi mübahisənin davaya çevrilməsinə imkan vermədi. Bütün bunları bir daha göstərir ki, Aqil Məmmədov komandanın oyun planında göstəricilərini yaxşılaşdırmaqla yanaşı, düşərgədə ciddi intizam tədbirləri də görməlidi. Əks halda MOİK hələ neçə-neçə oyunu azlıqda bitirməli olacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR