Sizin reklam burada

“Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir?

Title
“Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir?
Premyer-liqada 3-cü məşqçi istefası “Kəpəz”də gerçəkləşdi. “Səbail”ə “doğma divarlar” arasında məğlubiyyətdən (2:3) sonra Şahin Diniyev postu ilə vidalaşdı. Düzdü, həm “Səbail”lə görüşdə, həm də daha öncə azarkeşlər onu istefaya səsləmişdi. Lakin rəhbərlik təcrübəli mütəxəssislə yolları ayrımaqda maraqlı deyildi. Çox güman, klub başbilənləri çalışdırıcıdan bu heyətlə artığını tələb etməyin mənasız olduğunu, yaxud da yeni gələnin vəziyyəti kökündən dəyişəcəyinə inanmırdı. Ancaq 12-ci turun oyunundan sonra Diniyev özü mətbuat konfransında istefa verdiyini açıqladı. Dərhal da onun yerinə kimin gətiriləcəyi ilə bağlı müzakirələr başladı. Bu diskussiyalar fonunda diqqətlər gəncəli məşqçilərə yönəldi. Sirr deyil ki, “qərbin paytaxtı”nda yerli mütəxəssislərə isti münasibət var. Nəhayət, Müşahidə Şurasının iclasında baş məşqçi postunun Yunis Hüseynova həvalə olunmasına qərar verildi. Xeyli müddət idi işsiz olan Yunis bəy isə çətin yükün altına girməyə razılıq verdi. Artıq hər kəsi düşündürən suallar da bəllidi: 90-cı illərin ən güclü futbolçularından olan Hüseynov “Kəpəz”i çətin durumdan çıxara biləcək? Bu təyinat komandaya uğur gətirəcək?
Üzərində təzyiq yoxdu
Hazırda “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Geridə qalan turlarda cəmi 7 xal toplayan “sarı-göylər” “Keşlə”dən 1 xal geri qalır. Rəqib qapılarından 9 top keçirən Gəncə təmsilçisi 20 qol buraxıb. Qazanılan iki qələbə isə “Keşlə” və “Qəbələ” üzərində reallaşıb (hər ikisi 2:0), yeganə heç-heçə (0:0) “Neftçi” ilə oyunda qeydə alınıb. Komandanın son 5 oyunda cəmi 1 qələbəsi var. Bir sözlə, “Kəpəz”in istər turnir cədvəlindəki yeri, istərsə də hazırkı durumu ürəkaçan deyil. Bununla belə, ən azı qışa kimi Hüseynov üzərində təzyiq hiss etməyəcək. Baş məşqçidən fasiləyəqədərki oyunlarda uğur tələb etməyin mənasız olduğunu hamı yaxşı bilir. Necə ki Tərlan Əhmədov “Neftçi”yə gələndə ilk oyunlarda məğlub olmasına rəğmən, heç kim onu qınamadı. Deməli, Yunis bəyə də bu mənada vaxt veriləcək. Bütün bunlar qarşıdakı matçlarda mütəxəssisin üzərində təzyiq olmayacağından xəbər verir. Hər kəs yaxşı anlayır ki, durumu ürəkaçan olmayan komandanı birdən-birə iddialıya çevirmək qeyri-mümkündü. Odu ki, qışa kimi Hüseynovdan ciddi uğur tələb edən olmayacaq. Amma bu müddətin ömrü məhz fasiləyə qədər olacaq. Fasilədən sonra isə münasibət dəyişəcək, artıq ondan nəticə tələb edəcəklər.
Ona güvənirlər
Hələ baş məşqçi postu ilə bağlı müzakirələr gedərkən, Hüseynovu dəstəkləyənlərin sayı yetərincə idi. Təkcə azarkeşlərin sosial şəbəkələrdəki fikir mübadiləsindən də bunu anlamaq olardı. Elə təyinatı ilə bağlı reaksiyalarda da eyni yanaşmanı görmək mümkündü. Bundan başqa, Yunis bəy müsahibəsində “Kəpəz”in ən böyük üstünlüyünün azarkeşlər olduğunu qeyd edib. Aydın məsələdi ki, çalışdırıcı komanda ilə yanaşı, azarkeşlərin də inamını qaytara bilsə, müsbət nəticələrə doğru böyük addım atmış olacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, özü gəncəlidi, futbolçu kimi vaxtilə ölkədə rəğbət qazanıb. Üstəlik, rəhbərliyin də ona güvəndiyini nəzərə alsaq, Hüseynov üçün “Kəpəz”də çalışmaq çətin olmayacaq. Mütəxəssisin “Kəpəz”də debütü “Qəbələ” ilə oyuna təsadüf edir. Əslində bu cür “siftə” onun ürəyincə olmamalıdı. Özü də Diniyevin çalışdırdığı komanda ilk dövrədə məhz “qırmızı-qaralar”ı məğlub etmişdi. Bu üzdən Yunis bəyin ilk sınaqla bağlı qayğılı olduğunu proqnozlaşdırmaq çətin deyil. Ancaq razılaşaq ki, istənilən məşqçi dəyişikliyindən sonra komandada canlanma, belə deyək, silkələnmə olur. Hüseynov isə bu ani emosional yüksəlişdən maksimum yararlanmalıdı.
Hüseynovun 4-cü cəhdi
Hər güclü futbolçudan güclü məşqçi olmur. Bunun dəfələrlə şahidi olmuşuq. Lakin əksini gördüklərimiz də az deyil. Düzdü, Hüseynovun “Standart” və “Xəzər Lənkəran”dakı işi o qədər də uğurlu alınmayıb. Baxmayaraq ki, cənub klubu ilk dəfə məhz onun rəhbərliyi altında avrokuboklarda mərhələ adlayıb. Yunis bəy “Karvan”la da tarix yaza bilib. Belə ki, Yevlax təmsilçisi məhz onun baş məşqçi olduğu dönəmdə UEFA kubokunda mərhələ adlamaqla, bunu bacaran ilk Azərbaycan klubu oldu. Odu ki, gəncəli azarkeşlərin həm “Xəzər Lənkəran”ın, həm də ölkə futbolunun tarixinə adını yazdıran məşqçidən uğur gözləməyə haqqı çatır. “Kəpəz” Hüseynovun çalışdıracağı 4-cü klub olacaq. Onun “Karvan”da iki fərqli vaxtda işlədiyini də qeyd edək.
Heyət gücləndirilməlidi
Bütün sadalananlara baxmayaraq, Hüseynovu “Kəpəz”də asan iş gözləmir. O özü də qəzetimizə müsahibəsində çox çətin olacağını qeyd edib. Əvvəla, komandanı özü formalaşdırmayıb və sərəncamındakı futbolçular onun istəyi ilə gəlməyib. Eləcə də “Kəpəz” ötən iki mövsümlə müqayisədə xeyli zəifləyib. Yayda komandanın uğurlarında əsas pay sahibi olan legionerlər getdi, yeni gələn əcnəbilərin səviyyəsi isə əvvəlkilərlə müqayisədə aşağıdı. Həmçinin aparıcı yerli futbolçulardan da bir neçəsi komandadan ayrıldı. Hadisələrin axarı və nəticələr isə proqnozları doğrultdu: komanda hazırda turnir cədvəlində sonuncudu. Deməli, Yunis bəy qışda heyəti gücləndirməlidi. Əks halda “qara zolaqdan çıxmaq” mümkün olmayacaq. Hazırkı heyət buna imkan vermir. Hüseynovun futbolçu seçimi isə əsasən uğurlu alınıb. Seleksiya işlərində səriştəsinin olduğunu, komandaya cəlb etdiyi futbolçuların zaman-zaman özünü doğrultduğunu qeyd etməliyik. Rəhbərliyin də ona inanmasından, güvənməsindən yararlanaraq, komandaya yeni futbolçular cəlb etməlidi. Buna nail olmasa, Yunis bəy doğma şəhərində isti münasibət görməyəcək. Çünki mövcud heyətlə Diniyevin etdiyindən artığını bacarmaq reallıqla uzlaşmır. Yəqin ki, Hüseynov da bunu çox yaxşı dərk edir.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.