Sizin reklam burada

Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi

Title
Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi
“Kəpəz” “Qəbələ” ilə oyuna BOS-da hazırlaşır
Yunis Hüseynovun “Kəpəz”ə yeni baş məşqçi təyin olunmasından xəbərdarsız. Hüseynov srağagün Bakıda komanda üzvlərinə təqdim olunub. Məşqdən öncə keçirilən iclasda klubun icraçı direktoru Elnur Camalxanov son dəyişikliklərdən bəhs edib. Daha sonra Hüseynovu komanda üzvlərinə təqdim edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun “Kəpəz”i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.
Baş məşqçi postuna təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın indiki durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər korpusu, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inamını ifadə edib.
İkigünlük fasilədən sonra “Qəbələ” ilə oyunun hazırlığına start verilib. Rəqibini Gəncədə qəbul edəcək “Kəpəz” matça ciddi hazırlaşır. Komandanın noyabrın 21-nə olan məşqi Bakı Olimpiya Stadionunun yardımçı meydanında keçirilib. “Sarı-göylər”i məşqə Yunis Hüseynov çıxarıb. Yunis bəy komanda üzvləri ilə söhbətdə yumruq kimi birləşməyin vacibliyini qeyd edəndən sonra hər bir futbolçunun meydanda can qoyacağına ümid etdiyini bildirib. Həmçinin onu da diqqətə çatdırıb ki, qarşıdakı 3 oyunda ümidləri doğrultmayan futbolçularla dekabrda yollar ayrılacaq.
Xaliq Mərdanovun Şahin Diniyevlə birgə komandanı tərk etməsindən sonra köməkçi-məşqçi postlarından biri hələ ki boş qalıb. Həmin vəzifəyə namizədlər gözdən keçirilir. Vidadi Rzayevlə Nadir Şükürov isə hələ də “Kəpəz”dədi. Köməkçilərin kimliyi ilə bağlı məsələ çempionatın ilk yarısı başa çatandan sonra müzakirə olunacaq. Belə deyək, dekabra qədər məşqçilər korpusunda Hüseynovla yanaşı, Rzayev və Şükürov yer alacaq.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.