
Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı
Dünən Qılıncoynatma Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib. AQF-nin yeni prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən tədbirdə gündəlikdə duran əsas məsələ - ölkədə qılıncoynatmanın inkişafında gələcək fəaliyyət planının müzakirəsi olub. Bildirilib ki, bu idman növünün inkişafı üçün bir sıra addımlar atılıb. Ötən həftə Texniki Universitetin idman sarayında yeni qılıncoynatma zalı idmançıların istifadəsinə verilib. Yığıncaqda idman məktəblərində bu idman növünün yeni bölməsinin açılması, dərsdənkənar vaxtlarda qılıncoynatma qruplarının təşkilinə dair şəraitin yaradılması, yığmanın və kütləvi idman üçün müvafiq ləvazimatların sifariş olunması və başqa məsələlər müzakirə olunub. Daha sonra federasiyanın yeni vitse-prezidentlərinin və baş katibinin seçkisi keçirilib. Fikrət Zeynalov və Fərhad Qasımov vitse-prezident, Vasif Məmmədov isə baş katib seçilib. Eyni zamanda, federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi yığıncaq tərəfindən təsdiqlənib. Mikayıl Cabbarov, Fikrət Zeynalov, Fərhad Qasımov, Vasif Məmmədov, Sadiq Sadiqov, Yusif Hüseynov və Balaş Qasımov komitənin tərkibində yer alıb. İK-nın qərarı ilə Çingiz Mustafayev baş məşqçi təyin edilib. Göründüyü kimi, strukturda qılıncoynatmamızın “xaç atası” Yaşar Məmmədov yer almayıb. Çox güman, o, məsləhətçi rolunu oynayacaq. Hər halda, mövzuya qayıdacağıq.