İsveçlə oyundan öncə "Artsax Azadlıq Təşkilatı” adlı qondarma birliyi idarə edən şəxslərin “feysbuk” və başqa sosial şəbəkə platformaları üzərindən çağırışlar etdiyini xəbər vermişdik. "Biz ən azı 100 nəfər olmalıyıq” şüarlı paylaşımlarda qeyd olunurdu ki, məqsəd oyundan əvvəl və matç zamanı stadionda siyasi etirazlar təşkil etmək, Azərbaycana qarşı müxtəlif siyasi şüarlar səsləndirmək olacaq.
"Football-plus.az" xəbər verir ki, məsələ ilə bağlı İsveç Futbol Federasiyasının Təhlükəsizlik Departamentinin rəhbəri Martin Fredman "fotbollskanalen.se" saytına açıqlamasında siyasi aksiyanın təşkilinə imkan verməyəcəklərini bildirmişdi:
“Məndə təxminən üç həftə əvvəl bununla bağlı məlumat var idi. Həm təhlükəsizlik xidmətinin, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışmışıq. Bilet alışlarını yoxlayırıq. Prinsipcə arena daxilində belə hərəkətləri son dərəcə məhdudlaşdırmışıq. Təfərrüata varmağa ehtiyac görmürəm. Bilirsiz ki, hansısa banner və ya şüar yazılan kağızları tapmaq asan deyil. Oyun vaxtı müəyyən şüarlar səsləndirilə, bu isə gərginliyi artıra bilər. Amma bunun üçün də müəyyən planımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Narahatlıq üçün heç bir əsas yoxdu. Təbii ki, biz hansısa neqativ hadisənin yaşanmasını istəmirik. Amma belə bir şey baş verərsə, dərhal qarşısı alınacaq".
Cənab Fredman hər nə qədər qabaqlayıcı tədbirlərin görüləcəyini bildirsə də, erməni həyasızlığı Solnada da özünü göstərdi. Separatçılar bir neçə saniyəlik olsa da, istədiyinə nail oldu. Həm bu məsələ, həm də Avstriya ilə matçdakı təşkilatçılıqla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın təəssüratını öyrəndik:
“İstər Avstriya, istərsə də İsveç futbol qurumlarının belə oyunların təşkili ilə bağlı yetərincə təcrübəsi var. Bu səbəbdən heç bir çatışmazlıq hiss etmədik. Biz AFFA olaraq, beynəlxalq oyunlar zamanı öhdəmizə düşən işi necə yerinə yetiririksə, onlar da onu etdilər. İsveçdə yeganə qanqaraldıcı məqam məlum banner olayı oldu. Matçdan əvvəl məsələ ilə bağlı həm yerli federasiyaya, həm UEFA-ya, həm də İsveçdəki səfirliyimizə müraciət etmişdik. Buna baxmayaraq, qısa müddətə olsa da, banner aça bildilər. Ola bilsin, stadionun təhlükəsizlik xidməti hardasa boşluğa yol verib ki, ermənilər həmin banneri içəri keçirə biliblər. Bannerdən əlavə əski parçaları olan bayraqları da var idi. Ancaq onları yellətmələrinə imkan verilmədi. Millinin təhlükəsizlik xidmətinin rəhbəri Elnur İbişov yerli polislərə yaxınlaşıb bu barədə məlumat verincə, asayiş keşikçiləri erməniləri və onlara dəstək verənləri tribunadan uzaqlaşdırdı. Yəqin ki, UEFA məsələ ilə bağlı İsveçi cəzalandıracaq. Ancaq belə qərarlar konfidensial qalır”.
RƏŞAD