Sizin reklam burada

Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir

Baxış Sayı:883

Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir
“İK-nın qərarı varsa, 180 manatı ödəməliyəm”
Ötən mövsüm premyer-liqada sonuncu yeri tutaraq aşağı dəstəyə yuvarlanan AZAL-ın adi mövsümlərarası fasilədə dəyişdi. Komanda təmsil olunduğu qəsəbəyə uyğun olaraq, “Şüvəlan” adlanmağa başladı. Tərlan Əhmədovun ayrılığından sonra yeni əsası qoyulan “Şüvəlan”a Aqil Nəbiyev baş məşqçi təyin olundu. Aşağı dəstədə 10 komandanın mübarizəsində Nəbiyevin yetirmələri əsas favorit göstərilirdi. Fuad Bayramov, Mabarək Şahquliyev, Mirkamil Həşimli, Nüqzar Kvirtiya, Bayram Budaqov kimi futbolçulardan qurulan “Şüvəlan”ın hər cür şəraiti var. Rəhbərlik komandaya lazımınca diqqət ayırır. Bu üzdən də favorit sayılmaları normal idi.
Lakin Aqil bəyin komandası mövsümə heç də yaxşı başlamayıb. Qəsəbə təmsilçisi 9 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb. Keçirdiyi görüşlərin 4-də qələbə qazanan “Şüvəlan” eyni sayda matçda meydanı məğlub tərk edib, bir qarşılaşmada isə heç-heçə edib. Uğursuz çıxışla yanaşı, “Şüvəlan” baş məşqçinin gözlənilməz hərəkəti ilə gündəmdədi. Belə ki, Aqil bəy 8-ci turda baş tutan “Mil-Muğan”la səfər matçında İmişli şəhər stadionunun ehtiyat oyunçular skamyasının plastik şitini sındırıb. İntizam Komitəsi isə onu 180 manat cərimələyib. Həm bu məqamla, həm də komandanın çıxışıyla bağlı özü ilə danışmağı lazım bildik.
Gənc mütəxəssis İmişlidə deyilən hadisənin yaşanmadığını söylədi: “Vallah, boş söhbətdi (gülür). Elə şey olmayıb. Skamyanın yanında şüşə sınıq idi. Mən də çönən zaman qolum dəydi, qırılmış hissə yerə düşdü. Sındırmaq məsələsi yalandı. Elə yazırlar ki, gülməyim gəlir. Özümə də müəmmalıdı ki, olmayan şeyi niyə yazırlar? Düzdü, İK-nın qərarı var. Amma mən belə şey etməmişəm axı. Stadiona nəzarət edən adamlarla danışdım, dedilər, heç bir problem yoxdu. Başa da saldım ki, qolum dəydi, yerə düşdü. Lakin İK-nın qərarı varsa, 180 manatı ödəməliyəm. Daha nə edək. Yazıblarsa, verməliyik”.
Nəbiyev “Şüvəlan”ın çıxışını belə dəyərləndirdi: “Mən bu komandaya gələndə demişdim ki, biz bir nömrəli favorit deyilik. Qarşımıza da çempionluq məqsədi qoyulmayıb. Sadəcə, bacardığımız qədər yuxarı yerlərdən birini tutmağa çalışırıq. Bilirsiz ki, komanda yeni yığılıb. Hazırkı liderlər kimlərdi? Ötən illərdən qalan və sabit heyəti olan “Qaradağ Lökbatan”, MOİK və “Turan Tovuz”. Yeni yaranan klublarda heyətlə bağlı problemlərin olması normaldı. “Şüvəlan” da tam formalaşmayıb. Müəyyən zamana ehtiyacımız var. İndidən futbolçulardan nəticə tələb eləmək doğru deyil. Rəhbərlik də bizdən böyük şeylər tələb etmir”.
Çalışdırıcı deyir ki, qış fasiləsinə kimi ilk “3-lüy”ə düşə bilsələr, heyət güclənəcək: “Bəli, bəzi mövqelər var ki, gücləndirməliyik. Qışda bunu etməyə çalışacağıq. Ən azı iki-üç nəfəri dəyişmək niyyətindəyik. Amma indiki halda çempionluğa oynamırıq. Əsas məqsədimiz gələcək üçün komanda yaratmaqdı”.
Nəbiyevin sözlərinə görə, aşağı dəstədəki komandaların hər biri iddialıdı və səviyyələri aşağı-yuxarı eynidi: “10 komandanın iştirak etməsinə baxmayaraq, yaxşı mübarizə gedir. Komandaların, demək olar ki, hamısı eyni səviyyədədi. Ötən illərə baxanda görünürdü ki, komandalar arasında uçurum var. Aşağı dəstədə çox zəif klublar çıxış edirdi. İndi isə belə deyil. Aşağı səviyyəli komandalar yoxdu. Hamı bir-birindən xal ala bilər. Bu üzdən gərgin mübarizə gedir”.
Baş məşqçi hakimlik haqda danışmaq istəmədi: “Futbol nə qədər varsa, hakimlik haqda söhbətlər olacaq. Hakim də adamdı, səhv edə bilər. Ən yaxşısı bu haqda danışmayasan. Komandada uşaqlara da demişəm ki, heç kim hakimlə dirəşməsin. 22 futbolçu səhv edirsə, deməli, hakim də səhv edə bilər. Belə qəbul etmək lazımdı. Mənim hansısa narazılığım yoxdu. Əsas odu ki, qərəz yoxdu”.
Nəbiyev sonda “Şüvəlan”dakı ümumi durumdan da söz açdı: “Komandada hər şey normaldı. Rəhbərlik öhdəsinə götürdüyü bütün işləri yerinə yetirir. Biz çox razıyıq. Hansısa problemimiz yoxdu. Nə söz veriblərsə, əməl edirlər. Öz növbəmizdə təşəkkür edirik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR