Sizin reklam burada

Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub

Title
Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub
“Sınma nöqtəsini tapmaq lazımdı”
Robert Prosineçkinin dönəmində əsas millinin məşqçilər korpusunda təmsil olunan Mahmud Qurbanov bugünlərdə PRO kateqoriyası çərçivəsində Moskvaya 4 günlük səfər edib. Artıq dünən vətənə qayıdan Qurbanov Moskva ÇSKA-sının futbol akademiyasında görülən işlərlə tanış olub, müəyyən bilgilər əldə edib. Həm səfər, həm də bizi maraqlandıran başqa məsələlər ilə bağlı Mahmud bəylə söhbətləşməyi lazım bildik.
- Nəyə görə məhz ÇSKA? Əksər kurs yoldaşlarınız təcrübə keçmək üçün Avropa və Türkiyə klublarını seçdiyi halda, siz Rusiyaya yollanmağı üstün tutduz.
- Bildiyiniz kimi, uzun illər yığmada bir yerdə oynadığım Dmitri Kramarenko hazırda ÇSKA-nın akademiyasında qapıçı məşqçisi kimi çalışır. ÇSKA-nı seçməyimdə bu məqam həlledici oldu. Orda olduğum 4 gün ərzində akademiyanın iş prinsipləri, infrastrukturla tanış oldum, aşağı yaş qruplarının məşqlərini izlədim. Təşkilatı işlərlə maraqlandım. Bundan başqa, akademiyanın idman direktoru və müxtəlif yaş qrupları üzrə əlaqələndiricilər, məşqçilərlə müxtəlif mövzularda müzakirələrimiz oldu.
- Kramarenko hansı yaş qrupunda çalışır?
- Dima akademiyanın bütün yaş qruplarında qapıçılarla işləyən məşqçilərə nəzarət edir. Özü də demək olar ki, bütün yaş qruplarının məşqlərində iştirak edir.
- ÇSKA-nın əsas komandasından kimlərləsə görüşə bildiz?
- Akademiya əsas komandadan ayrı olduğundan ÇSKA-nın A komandasının düşərgəsinə baş çəkməyə vaxt olmadı. Bundan başqa, mən əsasən tapşırığa uyğun olaraq, akademiyanın strukturu ilə tanış olmalı və bu yöndə qeydlər aparmalıydım.
- Azərbaycanda fəaliyyət göstərən futbol akademiyaları ilə ÇSKA-nın akademiyası arasında hansı oxşar və fərqli məqamları qeyd edə bilərsiz?
- Ümumi götürəndə, məşqlər demək olar ki, eyni metodika üzrə keçirilir. Sadəcə, hər bir xalqın özünəxas özəliiyi olduğu kimi, akademiyaların da iş prinsiplərində istər-istəməz fərqlər olur. Misal üçün rusların gəncləri və kiçik yaşlı uşaqları fiziki cəhətdən bizimkilərdən daha yaxşı təsir bağışlayırlar. Yəqin ki, bu da xalqın genindən gələn bir amildi. Azərbaycanlı futbolçular isə texnika baxımından onlardan daha üstündülər. Demək olar ki, ümumi səviyyə bərabərdi.
- Bəs infrastruktur baxımından?
- ÇSKA ilə bizim klubların futbol akademiyalarını müqayisə etsək, bizdə elələri var ki, onların şəraitindən daha yaxşısına malikdilər. Bilirsiz, uzun illər bir məktəb olduğumuzdan, demək olar ki, vəziyyət oxşardı. Bizdə yaşanan əksər problemlər onlarda da var.
- Sizdən başqa düşərgədə təcrübə keçən mütəxəssis var idi?
- Xeyr, mən tək idim.
- ÇSKA-nın futbol akademiyasında azərbaycanlı uşaqlar var?
- Mən də sizin kimi ora çatar-çatmaz bununla maraqlandım. Dedilər ki, akademiyada əslən azərbaycanlı olan yoxdu. Sonrakı günlərdə müxtəlif yaş qruplarının məşqlərini izləyərkən özüm də meydana çıxanlarla maraqlanırdım. Öz-özümə düşünürdüm ki, bəlkə mənə yanlış məlumat verilib. Ancaq gördüm ki, doğrudan da, o boyda akademiyada bir nəfər də azərbaycanlı uşaq yoxdu. Bu məqam məni sözün həqiqi mənasında məyus etdi.
- Siz Moskvada olduğunuz müddətdə U-21-in yeni baş məşqçisi olacağınızla bağlı xəbərlər yayıldı. Bu məsələyə münasibət bidirməyinizi istərdik.
- Açığı, mən də bu xəbərləri mətbuatda oxumuşam. Mənə hələ heç bir təklif olmayıb, kiminləsə görüşüb bu haqda söhbət etməmişik. Ortada real heç nə olmadan nə deyə bilərəm. Bu bir növ arxa çatmamış çırmalanmağa bənzəyər.
- Son günlər U-21-in düşərgəsində yaşananlardan, yəqin ki, xəbəriniz var. 3 oyunda komandanı meydana çıxaran Samir Ələkbərov köməkçilərinin – Aslan Kərimov və Cahangir Həsənzadənin işinə müdaxilə etdiyini söyləyib. Bundan başqa, oyunçu seçimi zamanı bəzi şəxslərdən sifarişlər aldığını bildirib.
- Samirin açıqlamalarıyla tanışam. Ancaq komandanın içində olmadığımdan və düşərgədə nələrin yaşandığını bilmədən söylənilən fikirlərə münasibət bildirmək etik cəhətdən düz olmaz. Sizcə, mətbəxə girmədən qazanda nə qaynadığını söyləmək mümkündü? Ancaq məlum olan odu ki, hansı yaş qrupu üzrə yığma olmasından asılı olmayaraq, onun ətrafında belə xoşagəlməz söz-söhbət yaratmaq ölkə futbolu adına heç də xoş deyil. Bu cür söz-söhbətlər kənardan çox pis görünür.
- Bəs tapşırıq məsələsi? Əsas millidə çalışdığınız müddətdə kimlərsə hansısa futbolçu üçün sizə və ya baş məşqçiyə ağız açıb?
- Siz nə danışırsız? Vallah, belə söz-söhbəti eşidəndə adam özü də təəccüblənir. Həqiqətən də əsas yığmada belə hal yaşanmayıb, bu heç ağlabatan da deyil. İnanmıram ki, hansısa baş məşqçi tapşırıqla komandaya futbolçu götürsün. Yaş qrupundan asılı olmayaraq, yığma elə yığmadı. Və orda da ən istedadlı, bacarıqlı futbolçular çıxış etməlidi. Çünki yığma komanda hansısa şəhəri, rayonu yox, çıxış etdiyi yarışlarda bütün ölkəni təmsil edir. Qısaca desək, yığmalar ölkə futbolunun simasıdı.
- U-21 qrupda 5 oyundan sonra 1 xal toplamaqla sonuncu pillədə qərarlaşıb. Futbol ictimaiyyəti arasında belə fikir formalaşıb ki, yetişməkdə olan yeni nəsil ildən-ilə daha bacarıqsız olur. Sizcə, enişin səbəbi nədi?
- U-21-lə bağlı heç nə söyləmək, hadisələri qabaqlamaq istəmirəm. Bu kənardan da pis görünər. O ki qaldı yeni nəslin bacarıqsız olmasına və ildən-ilə nəticələrin pisləşməsinə, bu məsələ ilə bağlı bu gün hamı fikir bildirir. Bir növ günün aktual məsələsidi. Bu suala cavab vermək də çətindi. Ona görə ki, bu mövzu ətrafında saatlarla danışmaq, müxtəlif fikirlər səsləndirmək mümkündü. Ancaq hər şeyə real yanaşmaq lazımdı. Yeni yetişən futbolçu nəslinin tam bacarıqsız, heç nəyə qadır olmadığını da söyləmək dügün olmazdı. Ən azı çempionat oyunlarını izləyən biri kimi istedadlı, gələcək üçün perspektiv vəd edən gənclərin olduğunu müşahidə edirəm. Ancaq nə sirrdisə, həmin gənclər müəyyən yaş dövrünə çatandan sonra inkişaf etmək əvəzinə, geriləyirlər, gözdən itirlər. Məncə, həmin sınma nöqtəsini tapmaq lazımdı. Məhz bu problemi çözə bilsək, nəyəsə nail olmaq mümkündü. Çox maraqlıdı ki, Moskvada olduğum müddətdə rusiyalı mütəxəssilər də eyni problemlə üzləşdiklərini bildirdilər.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.