Sizin reklam burada

Yığma məşqçiləri “feysbuk”dan qaçır

Title
Yığma məşqçiləri “feysbuk”dan qaçır
Mirbağır İsayev: “Heç “votsap” da işlətmirəm”
Son günlər U-21-in uğursuz çıxışı ilə yanaşı, Elnur Cəfərovun hərəkətləri istər mediada, istərsə də sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Maraqlıdı ki, Kosovo ilə oyundan (0:0) sonra yığmanın baş məşqçisi Samir Ələkbərov yaşananlardan xəbərsiz olduğunu dilə gətirib. Əslində hər nə qədər təəccüblü olsa da, bəzi reallıqları da nəzərə almalıyıq. Bizim məşqçilərin idman saytlarını və qəzetlərini izləməsini bir kənara qoyaq. Onların sosial şəbəkələrdən istifadə etməmələri də bu cür durumlardan xəbərsizliyə gətirib çıxarır. Halbuki xaricdə bunun əksinə, futbol adamları, mütəxəssislər sosiallaşmağa daha meyillidi. Premyer-liqa komandalarından yalnız “Neftçi”nin çalışdırıcısı Tərlan Əhmədov “feysbuk”da var. Hər halda, qarşımıza çıxan odu. Bəzi məşqçilər, futbolçular, hakimlər isə başqa adla “feysbuk”da qeydiyyatdan keçib. Tənqidlərdən çəkinirlər, yaxud da başqa hansısa səbəb üzündən bizimkilərin sosial şəbəkələrə baxışı fərqlidi.
Maraqlıdı, yığma məşqçiləri sosial şəbəkələrdən istifadə edir?mi İdman saytlarını və qəzetləri izləyirlərmi? Toplanış vaxtı mətbuata göz gəzdirirlər, yoxsa tam uzaqlaşırlar?
Təbriz Həsənov (U-19): “Açığı, sosial şəbəkələrdə yoxam, istər “instaqram”, istərsə “feysbuk” olsun. Ancaq təbii, idman xəbərlərini izləyirəm. Sizin qəzetlə yanaşı, hörmət etdiyim, normal yazılar yazılan saytları və qəzetləri də oxuyuram. Məlumatımız olmalıdı, gedən proseslərdən, tənqidlərdən kənar qalmamalıyıq. Toplanış zamanı da dediyim kimi, hörmət etdiyim saytlara, qəzetlərə baxıram, maraqlanıram. Konkret ad çəkmək istəmirəm. Məşqçinin sosial şəbəkədən istifadə etməsinin yaxşı və ya pis vərdiş olduğunu deyə bilmərəm. Hər kəsin öz fikri var. Şəxsən mən orda yoxam, profil yaratmamışam. Kimlərsə istifadə edirsə, buna da normal baxıram. Təkcə çalışdırıcılar yox, istənilən insanın öz seçimi var. Məşqçi işləməsəydim belə, sosial şəbəkələrdən istifadə etməzdim. Fikrimcə, mətbuatda hər şey haqda dolğun məlumat verilir. Təlim-məşq toplanışında, xüsusən də oyun ərəfəsində futbolçuların sosial şəbəkələrdən və ya mətbuatdan uzaq qalması daha məqsədəuyğundu. Çünki jurnalistlərin hamısı eyni - peşəkar deyil. Elə bir yazı ola bilər ki, futbolçunu özündən çıxarar. Sırf bu baxımdan oyundan öncə futbolçu yaxşı olar ki, qarşılaşmaya hazırlaşsın. Lakin onu tam onu uzaq tutmaq da çətindi, hər şeyin qarşısını almaq mümkün deyil”.
Mirbağır İsayev (U-17): “Hər bir işin öz vaxtı var. Biz təlim-məşq toplanışında olanda, əlbəttə, ən əsası komanda, çatışmazlıqlar, mənfi və müsbət hallar haqda diskussiyalarımız olur. Lakin bu o demək deyil ki, komandanın daxilində nəsə baş verirsə, bundan xəbərimiz olmamalıdı. Bəs ora niyə yığışmışıq? Mən sosial şəbəkələrdə yoxam. Heç “votsap” da işlətmirəm. Kim nə yazır-yazsın, əsas odu, insan öz daxilində rahat olsun ki, heç kimin haqqına girməyim. Eləcə də istər məşqçi, istərsə də futbolçu millinin mənafeyini hər şeydən üstün tutmalıdı. Mətbuatda yazılanlardan xəbərim olur. Oxuyuram, vaxtım olanda izləyirəm. Oxumaq, bilmək lazımdı. Bəlkə elə bir şey var ki, mənim xəbərim yoxdu, onları mətbuat vasitəsilə öyrənirəm. Toplanış vaxtı isə istirahət saatında, otaqda olanda izləmək olur, bu problem deyil. Subyektiv fikrimi deyirəm. Yəni özümdə necədi, nə edirəm, onları deyirəm. Başqaları ilə işim yoxdu. Fikrimcə, adam17 yaşda hələ futbolçu deyil, futbolçu olmaq istəyir. İlk növbədə o uşaqlara nəzarət lazımdı. Həm evdə, həm məktəbdə, həm klubunda, həm də millidə. Çünki onlar potensialı olan oyunçulardı, futbolçu ola bilərlər. Ancaq hələ futbolçu kimi tam formalaşmayıblar. Elə bu üzdən də onlara nəzarət lazımdı. Biz təlim-məşq toplanışında uşaqlara 1 saat telefonu veririk ki, valideynləri, yaxınları ilə əlaqə saxlasınlar. Bir saatdan sonra telefonlar yığılır. Çünki onlar hələ peşəkar deyillər. Telefon onlara mane ola bilər. Bu baxımdan birinci şərt bərpa və yuxudu”.
Vüqar Məmməd (U-16): “Sosial şəbəkədən müəyyən qədər, vaxt olduqca istifadə edirəm. Onsuz olmur. Müəyyən saytları da izləyirəm. Ölkənin istər idman, istərsə də ictimai-siyasi həyatındakı xəbərləri oxuyuram, məlumat əldə edirəm. Kiməsə deyə bilmərik ki, mütləq sosial şəbəkələrdə olmalısan. Sadəcə, izləmək lazımdı. Dediyim kimi, vaxt tapdıqca yeniliklərlə tanış oluram. Ən çox isə idman sahəsi, futbolla bağlı informasiyaları qaçırmamağa çalışıram. Onu da deyim ki, təlim-məşq toplanışlarında vaxt məhdudiyyəti olur. Diqqətimizi daha çox komandaya yönəldirik. Bu üzdən baş qarışıq olur və mətbuata diqqətimiz bir qədər azalır. Bununla belə, imkan tapdıqca xəbərləri oxuyuram. Açığı, son vaxtlar qəzetləri oxumuram. İdman sahəsi ilə bağlı o qədər sayt var ki, məncə, onları izləmək kifayət edir. Sizin qəzetin də saytı var, onu izləyirəm. Tək-tük hallarda qəzet alıram. Bunu əssasən boş vaxtım olanda edirəm. “Feysbuk”da varam, öz adıma olan profildi. Ümumiyyətlə, mən reallığın tərəfdarıyam. Başqa adla “feysbuk”da olmağa ehtiyac görmürəm. Təbii, hərənin öz fikri var. Ancaq düşünürəm ki, məşqçilərimiz sosial şəbəkələrdən istifadə etsələr, yaxşı olar. Nəzərə alaq ki, 21-ci əsrdi. “Feysbuk”dan istifadə edəndə ancaq işimlə bağlı məlumatları bölüşürəm. Həmkarımla bu yöndə müzakirələrimiz, paylaşımlarımız olur. Bunun faydası var, ziyanı yoxdu”.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.