“Qarabağ” “Atletiko” ilə ev oyununda (0:0) ilk xalını qazandı. Bu həm də Çempionlar Liqasında əldə etdiyimiz ilk qənimət kimi ölkənin futbol tarixinə düşdü. Təbii, Avropanın iddialı klublarından birinin Bakıdan qələbəsiz dönməsi xarici mətbuatın da diqqətini cəlb etdi. O başqa məsələ ki, fransalı FİFA referisi Rüddi Byukenin kobud səhvi olmasaydı, həmin oyunda qələbə də qazana bilərdik. Xatırladaq ki, Olimpiya stadionunda baş tutan matçın 75-ci dəqiqəsində Dieqo Qodin cərimə meydançasında Dino Ndlovunu yıxsa da, hakim penalti təyin etmədi. Əskinə, passivində sarı vərəqə olan cənubi afrikalı forvarda simulyasiyaya görə ikinci dəfə rəsmi xəbərdarlıq edib, meydandan kənarlaşdırdı. Təbii, bu epizod uzun müddət müzakirələrə açıq oldu. Ancaq bizim toxunacağımız başqa məqamdı.
Hər dəfə “Qarabağ”ın uğurunu xüsusi qabardan Türkiyə mətbuatındakı bir yazı çoxlarının hiddətinə səbəb oldu. Qardaş ölkənin "Sabah" qəzetində müəllif Mevlüt Tezel bir qrup "Qarabağ" azarkeşinin "Atletiko" ilə oyunda A4 formatda kağız üzərində “Qarabağ” yazmasını lağa qoymuşdu: “Tarixində ilk dəfə Çempionlar Liqasına qatılan “Qarabağ” ilk xalını evdə “Atletiko” ilə oyunda qazandı. 0:0 bitən matçda ən maraqlı görüntü isə yerli azarkeşlərin A4 kağızlarına “Qarabağ” yazıb, xoreoqrafiya hazırlamalarıydı. Yəqin ki, bu futbol tarixinin ən əzik, ən gülünc xoreoqarafiyası idi. Olsun, yavaş-yavaş onlar da futbol mədəniyyətini öyrənəcəklər”.
Bəlkə də bu yanaşma hansısa başqa ölkənin mətbuatında olsaydı, ona reaksiya da bu dərəcədə olmazdı. Ancaq məhz Türkiyə qəzetlərindən birində belə bir yazının dərc olunması sakit qarşılanmadı. Hətta Mevlüt Tezel “Qarabağ” azarkeşlərindən üzr istədi, qardaş ölkədə keçirilən bir sıra oyunlarda oxşar xoreoqrafiya nümayiş etdirildi. Lakin “Qarabağ” rəhbərliyi daha bir ideyanı gerçəkləşdirməklə komandanın azarkeşlərinə yuxarıdan-aşağı baxanlara tutarlı cavab vermək istəyir. Hərçənd bu addımı azarkeşlər atmalı, klub isə lazımi dəstəyi verməlidi. Görünür, ya azarkeşlərin onu reallaşdırmağa gücü çatmayıb, ya da klub özü bunu etmək istəyib. Hər halda, “Çelsi” ilə oyunda ölkə tarixinin ən böyük xoreoqrafiyasının reallaşdıralacağı deyilir. Qeyd edək ki, noyabrın 22-də keçiriləcək qarşılaşma Olimpiya stadionunda reallaşacaq. Ölkənin ən nəhəng arenasında isə istənilən ölçüdə xoreoqrafiya nümayiş etdirməyə imkan var.
Dünən əvvəlcə “Qarabağ”ın ən böyük fanklubu olan “İmarət”lə əlaqə saxlayıb, bu yöndə gedən işlərdə iştirak edib-etmədiklərini soruşduq. Məlum oldu ki, azarkeş qrupunun xoreoqrafiyanın hazırlanmasında heç bir rolu, ideyası yoxdu. Daha sonra “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla danışdıq. Məlum oldu ki, xoreoqrafiya ilə sırf klub məşğul olur: “Bəli, belə bir xoreoqrafiya planlaşdırırıq. Media sektoru ilə üzbəüz tribunada bunu gerçəkləşdirmək fikrimiz var. Təxminən 20 minlik yerdi. Təbii, xoreoqrafiyanın məzmunu sürprizdi. Odu ki, oyunu gözləyək”.
FARİZ