
“Kəpəz”lilər yeni rəhbərin yolunu gözləyir
Gəncədəki stadionun meydanı ötən mövsüm başlıca problemlərdən sayılırdı. Qərbin paytaxtına səfər edən komandaların baş məşqçiləri və futbolçuları hər imkanda qazonun yararsız olmasını qabardırdı. Bu yay aparılan yenidənqurma işlərindən sonra meydan ideal vəziyyətə gətirildi. İndi isə ortaya başqa problem çıxıb.
Daha doğrusu, “Kəpəz”in başı dərddədi. İş burasındadı ki, mütəxəssislər yeni döşənmiş örtüyün yüklənməsinə qarşıdı. Bir müddət öncə qəzetimizə açıqlama verən SİS şirkətinin əməkdaşı Sinan Özkan örtüyün həftədə bir oyun qəbul etməyə imkan verdiyini demişdi. Lakin bu ayın sonunda “sarı-göylər”i ağır təqvim gözləyir. Belə ki, noyabrın 25-də “Qəbələ”ni qəbul edəcək gəncəlilər ayın 29-da ölkə kuboku çərçivəsində “Binə” ilə qarşılaşmalıdı. Dekabrın 2-də isə 14-cu turun “Kəpəz” – “Sumqayıt” matçı baş tutmalıdı. Yəni Gəncədəki meydan bir həftədə üç oyun qəbul etməlidi. Bu isə mümkünsüz görünür.
Problemin necə yoluna qoyulacağını öyrənmək üçün Şahin Diniyevlə əlaqə saxladıq. Məlum oldu ki, bu yöndə heç bir yenilik yoxdu. Hazırda hər kəs kluba yeni rəhbər şəxsin gəlməsini gözləyir. AFFA Mikayıl Nərimanoğlunun yerinə İslam Abbasovu təyin etsə də, o hələ rəsmi fəaliyyətə başlamayıb. “Binə” ilə kubok matçının Gəncədə, yoxsa yaxın bölgələrin birində keçiriləcəyinə “Qəbələ” ilə oyundan sonra aydınlıq gələcək.
HƏBİB