
Yunanlar Pedronun PAOK-a qayıdacağını yazdı, “Qarabağ” yalanladı
“Çelsi” ilə oyuna 55 min bilet satılıb!
“Qarabağ” növbəti turun, paralel olaraq, noyabrın 22-də “Çelsi” ilə keçirəcəyi ÇL oyununun məşqlərini davam etdirir. Hazırlıqda milli üzvü olan bir neçə futbolçu iştirak etmir. Bundan başqa, zədəlilər var. Bədavi Hüseynovun gələn ilin martına kimi sıradan çıxdığını bilirsiz. Bundan başqa, Tarik Elyunussi fərdi məşqlərlə kifayətlənir.
Yeri gəlmişkən, “Qarabağ” – “Çelsi” matçına bilet satışı davam edir. Klubdan aldığımız bilgiyə görə, dünən günorta saatlarına kimi 55 min bilet sahibini tapıb.
Bu arada Pedro Enrikenin qış fasiləsində Ağdam klubunu tərk edəcəyi ilə bağlı iddia səsləndirilib. Konkret Yunanıstanın sport24.gr saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Qarabağ”ın mövsümün əvvəlində icarəyə götürdüyü braziliyalı müqavilə ilə məxsus olduğu PAOK-a dönməyə hazırlaşır. Baxmayaraq ki, Pedronun icarə müddəti cari mövsümün sonuna qədərdi. Ancaq Yunanıstan təmsilçisinin onu qışda qaytarmaq niyyətində olduğu bildirilir. Dönüşün erkən baş tutmaq ehtimalını yaradan səbəblərdən biri kimi “Qarabağ”ın müqavilədə nəzərdə tutulan məbləğin yüksək olduğunu qarşı tərəfə bildirməsi göstərilib. Guya ağdamlılar bu üzdən Çempionlar Liqasında qrup mərhələsi başa çatandan sonra Pedronu klubuna qaytarmağı planlaşdırır. Həmçinin futbolçunun da daha yüksək rəqabətli çempionatda oynamaq istədiyi, klubuna qayıtmaqda maraqlı olduğu vurğulanır. İddia olunur ki, PAOK rəhbərliyində təmsil olunan Lüboş Mihel də “sambaçı”nın qayıtmasının tərəfdarıdı. Digər səbəb isə futbolçunun mövsüm ərzində 3-cü klubda oynamaq şansının olmamasıdı. Cari mövsüm həm PAOK, həm də “Qarabağ”ın heyətində meydana çıxan Pedro başqa bir komandaya keçərsə, mövsümün sonuna qədər orda oynaya bilməz. Yazıya bu məsələdə son sözü PAOK-un baş məşqçisi Razvan Luçeskunun deyəcəyi də əlavə olunub.
"Qarabağ" tərəfi Pedro Enrikenin qışda komandadan ayrılacağına dair xəbərə münasibət öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qəzetimizə açıqlamasında 27 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilələrinin olduğunu xatırlatdı: “Pedonun müqavilə üzrə məxsus olduğu PAOK-a tezliklə qayıtması müzakirə mövzusu deyil. Yunanıstan mətbuatında yazılanlar şayiə tiplidi. O, hazırda bizim futbolçudu və anlaşmamız ilin yox, mövsümün sonuna qədər nəzərdə tutulub".
Qeyd edək ki, braziliyalı "Atletiko" ilə səfər oyununda rəqib futbolçunun sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. "Qarabağ" rəsmisindən hələlik cəza müddətinə dair UEFA-dan heç bir bildiriş almadıqlarını da öyrəndik. İstənilən halda, o, "Çelsi" ilə qarşılaşmanı buraxacaq.
Rəşad Sadıqovdan da xəbər var. "Qarabağ"ın U-19-nun baş məşqçisinin Türkiyəyə yollandığını xəbər vermişdik. PRO kateqoriyasına yiyələnməyə çalışan Sadıqov kursun tələbinə uyğun olaraq, təcrübə toplamaq üçün “Beşiktaş”ın düşərgəsinə getmişdi. Ağdam klubunun 35 yaşlı kapitanı artıq geri dönüb. O, PRO-nun növbəti mərhələsində əldə etdiyi bilgilər əsasında prezentasiyasını həyata keçirəcək. Bu, imtahan xarakterli proses olacaq.
MİRAĞA