Sizin reklam burada

“Neftçi” yoldaşlıq görüşündən vaz keçdi

Title
“Neftçi” yoldaşlıq görüşündən vaz keçdi
Səlahət Ağayev inamlı danışdı
“Zirə”yə məğlubiyyətdən sonra istirahəti başa vuran “Neftçi”nin futbolçuları “Qəbələ” ilə görüşə hazırlaşır. Noyabrın 19-da “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya hazırlıq üçün keçirilən məşqlərdə U-21-ə dəvət olunan Anton Krivotsyukla Elnur Cəfərovdan başqa hamı iştirak edir. Hətta zədəsini sağaldan Səlahət Ağayev də kollektiv çalışmalara start verib.
İki aydı yaşıl meydanlardan kənarda qalan Ağayev klubun rəsmi saytına verdiyi açıqlamada həm komandasının, həm də özünün durumu ilə bağlı danışıb: "Belə ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar. Əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadı, artıq üç gündü komanda ilə birgə məşqlərə çıxıram. Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu çox çətindi. Belə getsə, yaxın vaxtlarda tam hazır olub komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.
Çempionatdakı fasilə dönəmindən istifadə edən premyer-liqa təmsilçiləri futbolçuların oyun təcrübəsinin yoxluğundan əziyyət çəkməməsi üçün qüvvəsini yoldaşlıq görüşlərində sınayır. Bu mənada “Neftçi” də hansısa rəqiblə üz-üzə gəlməliydi. Lakin münasib rəqib və vaxt tapılmadığından, “ağ-qaralar” bu niyyətindən imtina edib. Belədə əvəzedici komanda ilə sınaq matçının keçirilməsi nəzərdə tutulub. “Qəbələ” ilə qarşılaşmaya 6 gün qaldığını nəzərə alsaq, bu həftəiçi “Neftçi” ancaq matça hazırlıqla kifayətlənəcək.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.