AFFA İntizam Komitəsinin (İK) dünən keçirilən növbəti iclası Topaz premyer-liqasında və əvəzedicilərin çempionatında 11-ci, eləcə də divizionun 6-cı turunda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
“Kəpəz” – “Qarabağ” matçından sonra ot örtüyünün sulanmamasından şikayətlənən Qurban Qurbanovun iradı gəncəlilərə baha başa gəlib. İntizam Komitəsi Gəncə klubunu meydanı sulamadığına görə 800 manat cərimələyib. “Neftçi” isə azarkeşlərinin güdazına gedib. “Zirə” ilə oyunda məhz qonaq azarkeşlər üçün ayrılan sektorda oturacaqlar sındırılıb. Stadiona dəyən ziyan əsasında “Zirə” klubunun təqdim edəcəyi hesabı “Neftçi” ödəyəcək.
Əvəzedicilərin yarışında daha çox - 2900 manat cərimə kəsilib ki, hamısı bir oyuna aiddi. “Sumqayıt” – “Keşlə” matçında meydan sahibləri sarı vərəqələrin çoxluğuna görə 400 manat ödəyəcək. Oyunun sonlarında başverənlər isə kluba daha ağır başa gəlib. 84-cü dəqiqə “Sumqayıt”ın futbolçusu Elsevər Bəkirzadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb ki, İK intizamsız futbolçunu 4 oyunluq diskvalifikasiya edib, klubu 1600 manat cərimələyib. Bir dəqiqə sonra Bəkirzadənin komanda yoldaşı Ceyhun Rəcəbli aqressiv davranışa görə meydandan qovulub. Onun davranışı isə 2 oyun və 800 manat cəriməyə şərait yaradıb. 78-ci dəqiqədə “Keşlə”dən Sərtan Taşkın ikinci sarı vərəqə alaraq, komandasını azlıqda qoyub. O, 1 oyun və 100 manat cərimə ilə canını qurtara bilib.
Diviziona gəlincə, 4 klub “tərləyib” ki, hamısı eyni səbəbdən maddi ziyana düşüb. Belə ki, sarı vərəqə planını doldurması MOİK, “Xəzər”, “Binə” və “Sabah”ın hərəyə 80 manat cərimələnməsinə şərait yaradıb.
Beləliklə, son iclasda klublara 4020 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulmuş məbləğ 34040 manata çatıb.