Sizin reklam burada

U-17-nin baş məşqçisi 0:39-a münasibət bildirdi

Müəllif: football Tarix: 10-11-2017, 12:53 694 Baxış
U-17-nin baş məşqçisi 0:39-a münasibət bildirdi
Fuad Rzayev: “Heyətimizdəki oyunçuların əksəriyyəti böyük futboldan gələn uşaqlardı”
Futzal üzrə 17 yaşadək oğlanlardan ibarət yığmanın 2018-ci ildə Buenos Ayresdə keçiriləcək gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etdiyindən xəbərdarsız. Slovakiyada keçirilən qrup mərhələsində yığma 3 görüş keçirib. İlk matçda Fuad Rzayevin başçılıq etdiyi komanda meydan sahibləri ilə üz-üzə gəlib. Həmin qarşılaşmada həmyerlilərimiz rəqibinə 0:12 hesabıyla yenilib. İkinci oyunda isə rəqib Rusiya millisi olub. Bu görüşdə komandamız şimallılardan 20 cavabsız top buraxıb. Son qarşılaşmada komandamızın heç olmasa, bir qol vuracağını gözləsək də, bu baş verməyib. Belə ki, bağlanış matçı Hollandiya yığmasının 7:0 hesablı qələbəsiylə bitib. Beləliklə, U-17 üç görüşdə qapısında üst-üsə 39 qol buraxmaqla vətənə biabırçı nəticə ilə dönüb.
Komandanın baş məşqçisi Fuad Rzayevlə əlaqə saxlayıb, rüsvayçılığa münasibətini öyrənməyi lazım bildik. O, bu nəticələri komandanın yeni yığılması ilə əlaqələndirdi: “Çox acı məğlubiyyətlər yaşadıq. Heç kim bunu istəməzdi. Heyətimizdəki oyunçuların əksəriyyəti böyük futboldan gələn uşaqlardı. Yalnız qapıçı futzalla məşğul olur. Üstəlik, hazırlıq üçün vaxtımız çox az olub. Turnirə istədiyimiz kimi hazırlaşa bilmədik. Rəqiblərin də gücünü nəzərə almaq lazımdı. Slovakiya, Rusiya və Hollandiya neçə illərin komandalarıdı. Slovakiya 4 ildi fəaliyyət göstərir. Hollandiya da eyni qədər. Adətən, bizimkilərdən eşidirəm ki, hollandlarda futzal yoxdu. Amma elə deyil. Düzdü, onların da heyətində əcnəbilər var. Amma uşaq futzalı çox güclüdü. Bu da gələcəkdə əsas yığmaya təsir göstərəcək. Adıçəkilən millilər ildə 4-5 beynəlxalq turnirdə iştirak edir. Təbii ki, onların bizi məğlub etməsi sensasiya sayılmamalıdı”.
Çalışdırıcının sözlərinə görə, nəzarət, qayğı və daimi toplanışlar olsa, gələcəkdə U-17-dən yaxşı futzalçılar çıxacaq: “Bəli, komandamızda istedadlı və perspektiv vəd edən oyunçular var. Sadəcə, onların hazırlıq dönəmi az oldu. Bu üzdən oyunçulardan nəsə tələb etmək doğru deyil. Amma zamanla məşq edib, çalışıb, nəticə əldə etmək olar. Klublarımız da bu işdə kömək etməlidi. Elə bu heyətdən hər kluba bir cavan oyunçu cəlb olunsa, xeyli təcrübə toplayarlar. Fərq eləməz, birinci və ya ikinci liqa. Hesab edək ki, hansısa liqada 17 yaşlı futzalçı oynayır, inkişaf edir. Bu istənilən halda yığma üçün yaxşı olacaq. Hazırda U-17 liqamız yoxdu. Bu məqam təəssüf doğurur. Oyunçular daim çalışmalıdı. Bu gün onları xəbərləri olmadan yığmaya çağırırıq, 3-5 günə nəsə başa salırıq. Bu da ağır nəticələrə səbəb olur. İnanın ki, intensiv hazırlıqlarla nəticə əldə etmək mümkündü. Slovakiyada olanda məşqə getdik, 8-9 yaşında uşaqlar hazırlıq keçirdilər. Bu da gələcəyə hesablanan plandı. İndi mətbuatı oxuyuram, Slovakiyanın U-21 futzal millisi Fransa ilə yoxlama görüşü keçirib, U-19-u da bu gün (dünən) oynayacaq. Təsəvvür edirsiz, daim yoxlama oyunları keçirirlər, bir yerdə dayanmırlar. Ona görə də inkişaf edirlər. UEFA tuzalı Olimpiya Oyunlarının proqramına salmaq istəyir. Mişel Platininin vaxtında bu idman növünə diqqət az idi. İndi Aleksander Çeferin gəlib, yenidən tuzalı dirçəltmək istəyir. Buna görə də U-17, U-19 və U-21 yaşlıların yarışları təşkil olunur. Biz də diqqəti artırmalıyıq ki, həmin yarışlarda uğurlar qazanaq”.
ŞƏFİ ŞƏFİYEV
SON XƏBƏRLƏR