Sizin reklam burada

Aqil Məmmədov sabiq komandasını cəzalandırdı

Baxış Sayı:748

Aqil Məmmədov sabiq komandasını cəzalandırdı
Ramil Əliyev MOİK-in idman direktorudu
Birinci divizionda hesabat turunun ilk oyun günündə “Bakı”nın bazasında MOİK – “Mil-Muğan” görüşü keçirildi. Saat 15.00-da start götürən qarşılaşmanı izləmək üçün stadiona çatanda tribunada gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Təxminən 100-ə yaxın azarkeş MOİK-i dəstəkləmək üçün yerini tutmuşdu. Onların arasında həm Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət çəkən idmançılar, həm də klubun nəzdində fəaliyyət göstərən müxtəlif idman bölmələrində məşğul olan azyaşlılar var idi. Qonaq komanda da dəstəksiz qalmamışdı. 20-yə yaxın tərəfdar İmişli təmsilçisini irəli səsləyirdi.
Sabiq baş məşqçi, hazırkı idman direktoru
Diqqətimizi çəkən ilk məqam MOİK-in baş məşqçisi postundan ayrılan Ramil Əliyevin VİP-lojaya yaxın yerdə qərarlaşıb, futbolçular və başqa qonaqlar ilə söhbətləşməsi oldu. Adətən, işdən ayrılan mütəxəssislər sabiq komandalarının oyunlarını nəinki izləyir, heç stadionda belə görünmürlər. Ancaq Əliyevin üzü gülür, hamıya diqqət ayırmağa çalışırdı. Sonradan bəlli oldu ki, Ramil bəy baş məşqçi kreslosunu idman direktoru postuna dəyişib. Görünür, MOİK-in rəisi Rəşad Quliyev uşaqlıq dostunun klubdan tam uzaqlaşmasına razı olmayıb. Rəşad bəy, müavinləri və yeni idman direktoru 90 dəqiqəni VİP-lojada birgə izlədi.
Birpərdəli tamaşa
Baş məşqçi kimi “hərbçilər”i ikinci oyuna çıxaran Aqil Məmmədovun ötən mövsüm İmişli klubunu çalışdırması da oyuna əlavə rəng qatırdı. Matçdan əvvəl ötən il Məmmədovun köməkçisi olmuş Xalıq Mustafayevin MOİK-in çalışdırıcısıyla mehriban görüşməsi, “Mil-Muğan”ın oyunçularının rəqibin baş məşqçisini isti salamlaması 90 dəqiqənin sakit məcrada keçəcəyindən xəbər verirdi. İlk yarı məhz gözlənilən kimi oldu. Daha çox meydanın mərkəzində gedən mübarizə tribunalara toplaşanları darıxdırırdı. Meydan sahibləri müəyyən oyun üstünlüyünə yiyələnsələr də, təhlükəli hücumlar qurmaqda çətinlik çəkir, qonaqlar da bu yöndə onlardan geri qalmırdılar. Nəhayət, “hərbçilər”in nadir hücumlarından biri məntiqi sonluğa çatdı. 27-ci dəqiqədə İsmayıl İbrahimli komanda yoldaşının qapı önünə ötürməsini dəqiq tamamladı. İlk yarının qalan dəqiqləri yenə aşağı tempdə davam etdiyindən qapılar önündə təhlükəli vəziyyətlər yaranmadı. Əvəzində fasilədən sonra tamaşaçılar çox sürətli, baxımlı və məhsuldar 45 dəqiqə izlədi. Deyəsən, fasilə zamanı qonaqlar çempionluğa iddialı meydan sahiblərindən xal və xallar almağın mümkün olduğunu dərk etdilər ki, buna görə də ikinci hissə başlar-başlamaz irəli atıldılar. Tez-tez rəqibin qapısı önündə görünən İmişli futbolçuları bir qədər dəqiq olsaydılar, “status-kvo”nu bərpa edə bilərdilər. Lakin futbolçuların ustalıq səviyyəsinin aşağı olması Mustafayevin qol istəyini gözündə qoydu. “Mil-Muğan”ın təzyiqi artırdığını görən Aqil bəy dəyişiklik etməyi lazım bildi və onun bu addımı çox keçmədən özünü doğrultdu. Oyuna sonradan qoşulan Kamil Nurəhmədov çox keçmədən baxımlı qola imza atdı. Meydanın mərkəzindən ötürmə alan Kamil sürəti hesabına rəqib müdafiəçidən sıyrılaraq qapıçı ilə təkbətək çıxdı. Qolkiperin irəli çıxıdğını görən yarımmüdafiəçi “paraşüt” zərbə ilə topu tora qovuşdurdu. Artıq fərqin ikiyə çıxdığını görən qonaqlar sanki məğlubiyyətdən qaça bilməyəcəyini düşünərək, son dəqiqələrdə o qədər də istəkli görünmürdülər ki, bu da meydan sahiblərinin işinə yaradı. Bir dəqiqə aralığında Bəhruz iki dəfə imişliləri meydanın mərkəzinə dəvət etməklə oyunun yekun nəticəsini müəyyənləşdirdi – 4:0.
Oyundan sonra MOİK-in düşərgəsində üzlər gülürdü. Rəşad Quliyev paltardəyişmə otağına daxil olaraq, komanda üzvlərini təbrik etməyi unutmadı.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR