Taleh Məmmədov: “Haqsızlıqlar məni daha da güclü etdi”

19.02.2023 23:30 662
Layihə / Manşet
“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov karyerasına 2000-ci ildə başlayıb. 63 kq çəki dərəcəsində çıxış edən idmançı 2019 (bürünc) və 2021-ci (gümüş) illərdə Avropa, 2022-ci ildə (gümüş) dünya çempionatının mükafatçısı olub. Onun sonuncu uğuru Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Zaqreb Open” turnirində oldu. Həmyerlimiz həmin turnirdə parlaq çıxış edərək qızıl medal qazandı. Layihə çərçivəsində növbəti müsahimiz də Taleh Məmmədovdu.

- Taleh bəy, güləşə gəlməyinizin maraqlı tarixçəsi var. Başqa idmançılardan fərqli, bir qədər gec yaşda güləşlə məşğul olmağa başlamısız. İstərdim ki, bu tarixçəni bizə danışacız. Siz güləşə necə gəldiz? Nə üçün məhz güləşi seçdiz? İlk məşqçinizi və məşqləri necə xatırlayırsız?
- Mənim güləşə gəlməyimin səbəbkarı dayımdı. O da yunan-Roma güləşçisi olub. Hələ SSRİ vaxtından güləşlə məşğul olub. Mən də Goranboyda böyümüşəm, uşaqlıqdan çox fəal uşaq idim, idmana həvəsim vardı. Dayım da məni güləşə gətirdi. Elə onunla Bakıya gəldim, Respublika Olimpiya-İdman Liseyində Vaqif Feyzullayevin rəhbərliyi altında məşqlərə başladım. İlk məşqçim elə Vaqif Feyzullayev oldu. İndi də mənim şəxsi məşqçimdi. O günləri çox gözəl xatırlayıram. Bilirsiz ki, liseyimiz yatılı məktəbdi, yəni orda yatırsan, valideynlərdən uzaq düşürsən. Bu da mənə çətinlik yaradırdı, onlardan ötrü darıxırdım. Dərsimiz, məşq zallarımız, yataqxanamız hamısı bir yerdə iti. Yeganə çətinlik valideynlərdən uzaq qalmağım idi. Bu çətinliklərə baxmayaraq, hər gün məşqlərimi edirdim. İlk məşqlər bir qədər yüngül keçirdi. Məşqçim çalışırdı ki, mənə sərbəstlik versin, daha çox fiziki hazırlığımı artırım. Bir neçə aydan sonra fiziki hazırlığımı qaydaya saldıq və güləşin sirlərini öyrənməyə başladım.

- Qazandığınız uğurların sirrini nədə görürsüz? Uğur qazanmağınızda daha çox məşqlərdəki zəhmət rol oynayır, yoxsa istedad?
- Mən hələ gənc yaşlarımdan yaxşı nəticələr verə bilərdim. Bildiyiniz kimi, mən müəyyən yaşdan sonra Azərbaycan üçün uğurlu nəticələr qazanmağa başladım. Əvvəllər Azərbaycan çempionatlarında və beynəlxalq turnirlərdə fərqlənmişdim, amma qitə və dünya çempionatlarında uğurum yox idi. Müəyyən səbəblər oldu ki, gənclər arasında dnüya və Avropa çempionatından kənarda qalırdım. Mənə qarşı haqsızlıqlar olurdu. Bəlkə də o haqsızlıqlar məni daha da güclü etdi. Gənclər arasında qazana bilmədiyim nəticələri böyüklər arasında qazana bildim. Mən deyərdim ki, uğur qazanmağımda məşqlərdə çəkdiyim əziyyətin böyük rolu var. Düşünmürəm ki, xüsusi istedadım olub. Hərdən fikirləşirəm ki, Rövşən Bayramov təkcə güləşə yox, başqa idmana da getsəydi, orda da uğur qazanardı, Azərbaycana medal gətirərdi. Rövşən Bayramov, Toğrul Əsgərov kimi istedadım olmayıb. Mən daha çox zəhmətimin sayəsində güləşmişəm. Ona görə də deyirəm ki, zəhmət çəkməsən, nə qədər istedadlı olsan da, uğur qazana bilməzsən.

- Bundan sonrakı hədəfləriniz hansılardı? Sizcə, bir idmançı üçün karyeranın zirvəsi hansı uğur sayılır?
- Artıq karyeramın sonuna yaxınlaşıram. Bundan sonrakı hədəflərim isə Avropa və dünya çempionu olmaqdı. 2024-cü ildən sonra karyeramı bitirmək istəyirəm. Şükürlər olsun ki, böyük turnirlərdə, Avropa və dünya çempionatında medal qazanmışam. İstəyirəm ki, o medalları qızıla çevirim. İdmandan gedər ayaq qızıl medallar qazanmaq istəyirəm. Builki hədəfim əvvəl Avropada, sonra da dünyada öz çəkim üzrə ən güclü olmaqdı. Məqsədi olan idmançı üçün Olimpiya çempionluğu idmanın zirvəsidi. Hərdən özümə böyük idmançı demək istəmirəm. Çünki hələ də Avropa və dünya çempionu olmamışam. Düzdü, qazandığım uğurlar Azərbaycan üçün tarixdi, tarixdə də qalacaq. İnşallah, bu il məqsədimə çataram.

Taleh Məmmədov: “Haqsızlıqlar məni daha da güclü etdi”


- Bəzən valideynlərdə övladlarınını idman bölmələrinə göndərməklə bağlı tərəddüd olur. Onlar övladlarının təhsildən uzaq düşəcəyindən narahat olurlar. Siz bu barədə nə düşünürsüz? İdmanla məşğul olmaq oxumağa mane olurmu?
- Bəli, tam düzgün vurğuladız. Valideynlərdə belə bir narahatlıq olur. Düşünürlər ki, övladım idmanla məşğul olsa, təhsildən geri qalacaq. Yetərincə idmançı var ki, həm təhsil alıb, həm də idmanla məşğul olub. Misal üçün Rafiq Hüseynovu göstərə bilərəm. Rafiq 4-5 xarici dil bilir. İki universtitet bitirib, İngiltərədə magistraturada oxuyur. Deməli, idmanla məşğul ola-ola, təhsilə vaxt ayıra bilir. Məşqçi idmançıda həvəs yaradır, hər gün ona yeni bir fənd öyrədir. Onda idmançı da sabahkı günü həvəslə gözləyir ki, görüm məşqçi mənə yeni nə öyrədəcək. Belədə idmançı da məşqə həvəslə yanaşır. Bu nümunəni təhsilə tətbiq etmək olar. Gərək valideyn də uşaqda maraq yarada bilə. Belədə həmin uşaq da həm dərsini oxuyacaq, həm də idmanla məşğul olacaq. Bu mənada valideynlərdən çox şey aslıdı.

- Son sualım Azərbaycanda güləşin hazırkı durumu ilə bağlıdı. Bir güləşçi kimi hansı problemlərlə qarşılaşmısız və onların həlli yollarını necə görürsüz?
- Siz də yaxşı bilirsiz ki, 4-5 il əvvəl Azərbaycan güləşi sönmüş vəziyyətdə idi. Səbəbi də o idi ki, Güləş Federasiyasında maliyyə problemləri yaranmışdı. Maliyyə vəziyyəti yaxşı olanda idmançıların qidalanmasından tutmuş təlim-məşq toplanışlarının təşkilinə qədər hər şey qaydasında idi. Bu da güləş, idmançılar üçün çox vacib amildi. 2013-14-cü illərdə olan səviyyə, güləşə yanaşma özünün yüksək səviyyəsinə çatmışdı. İndi federasiyanın yeni rəhbərliyi var, bildiyiniz kimi, cənab Mikayıl Cabbarov federasiyanın prezidentidi. Artıq problemlər arxada qalır, güləşə diqqət və qayğı, maddi dəstək əvvəlki səviyyəsinə qayıdır. Maaş və mükafat məsələsi idmançı üçün stimullardan biridi. Güləşçinin maddi problemləri həll edilməlidi ki, onun fikri başqa işdə yox, məhz güləşməkdə, məşq etməkdə olsun. Çünki idmançı da ömrünü idmana, məşqlərə, yarışlara həsr edir, onun başqa gəlir yeri axtarmağa vaxtı-imkanı olmur. Ümid edirəm ki, bu istiqamətdə heç bir problem olmayacaq, xırda məsələlər də zamanla həllini tapacaq.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul