Sizin reklam burada

Şaban Şirdanov “Zaqatala”dan ayrıldı

Baxış Sayı:800

Şaban Şirdanov “Zaqatala”dan ayrıldı
Musa Qurbanov: “Uğursuzluğun səbəbini bilsəydik, bu günə düşməzdik”
Birinci divizionda ötən mövsümün favoritlərindən olan “Zaqatala” sonda istəyinə çata bilmədi. Komanda qışdan sonra zəif çıxış etdi və mövsümü 5-ci pillədə bitirdi. Klub rəhbərliyi premyer-liqada iştirak etmək üçün AFFA-ya müraciət etsə də, komanda maliyyə problemi səbəbindən elitaya buraxılmadı. Son ana kimi AFFA-nın himayədarlıq etdiyi klubun yaşayıb-yaşamayacağı da bilinmirdi. Lakin assosiasiyanın yandırdığı “yaşıl işıq”dan sonra “Zaqatala”nın fəaliyyət göstərəcəyi təsdiqləndi. Komandanın “sükanı arxasına” yenidən Şaban Şirdanov gətirildi. Rəhbərlik məşqçilər korpusu ilə yeni mövsümün planlarını müzakirə edərkən, komandanın ilk “6-lığ”a düşməsini planlaşdırmışdı. Amma deyəsən, bu baş verməyəcək. Belə ki, yerli futbolçulardan təşkil olunan bölgə təmsilçisi 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Komanda keçirdiyi 5 görüşün hamısında məğlub olmaqla yanaşı, 13 top buraxıb, rəqib qapıçıları isə cəmi bir dəfə məyus edib.
Mövsüm yeni start götürsə də, nəticələrin pis olması Şirdanovun istefası ilə nəticələnib. Son turda komandanı “Qaradağ Lökbatan”la matça (0:1) Şaban bəyin köməkçisi İlqar Aslanov çıxarıb. “Zaqatala”da reallaşan baş məşqçi dəyişikliyi ilə bağlı klubun İdarə Heyətinin rəhbəri Musa Qurbanovun fikirlərini öyrənməyi lazım bildik. Onun sözlərinə görə, Şirdanov özü istefa verib: “Mövsümə yaxşı başlamadıq. 5 görüşün hamısında uduzmuşuq. Şirdanov özü istefa verdi. Artıq bacarmadağını söylədi. Biz də onun istefa ərizəsini qəbul etdik və gələcək fəaliyyətində uğurlar arzuladıq. Onun yerinə köməkçisi İlqar Aslanovu gətirdik. O, hələ bizim futbol oynadığımız vaxtlar “Zaqatala”nın şərəfini qoruyub. Sonra da internatda oxuyub və “Simurq”da aşağı yaş qruplardan ibarət komandada işləyib. Yerli uşaqları da yaxşı tanıyır. Ona görə Aslanova güvənməli olduq”.
Musa bəy uğursuzluğun səbəbini bilmir: “Səbəbini bilsəydik, bu günə düşməzdik. Mövsümün əvvəlində fərqli şeyləri müzakirə etmişdik. İstəmədik rayonu futbolsuz qoyaq. Qərara gəldik ki, yerli uşaqlar oynasın. Məqsədimiz ən azı “6-lığ”a düşmək idi. Amma çox pis start götürdük. İndi bu geriliyi aradan qaldırmağa çalışmalıyıq. Cavan uşaqların təcrübəsi azdı. Onların uyğunlaşması və özlərini təsdiq etməsi üçün zamana ehtiyac var. Görək, başımıza nə gəlir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR