Sizin reklam burada

Kamil Zeynallı “Qarabağ”ın təyyarəsində qalmaqal yaratdı

Müəllif: football Tarix: 2-11-2017, 18:10 931 Baxış
Kamil Zeynallı “Qarabağ”ın təyyarəsində qalmaqal yaratdı
“Hər kəsin ailəsi onun namusu, şərəfidi”
Yəqin ki, aparıcı Kamil Zeynallını tanımayan yoxdu. Xeyr, o yalnız TV-ləri izləyənlərə yox, həm də futbol ictimaiyyətinə tanış simadı. Hər zaman gündəmdə qalmaqalları ilə özünə yer edən Kamil 2016-cı ilin elə bu vaxtları da adından söz etdirmişdi. Belə ki, premyer-liqanın 2016/17 mövsümündə baş tutan “Neftçi” – “Qarabağ” matçında (0:2) birincilərin futbolçusu Katalin Tira meydana girən azarkeşi vurmağa cəhd etmişdi. Həmin vaxt “ağ-qaralar”ın fanatları futbolçuya təzyiq etməyə başlamışdı. Zeynallı isə Tiraya dəstək olmuş, sosial şəbəkələrdə fanatları “razborka”ya çağırmışdı. O, “instaqram” hesabında Katalinlə fotosunu paylaşaraq “Neftçi” adlı-sanlı komandadı, azarkeşləri də böyükdü. Yəqin bir-birimizi başa düşərik. Gəlin, mənimlə söhbət edin, əziz qardaşlar, Tira ilə yox” yazmışdı. Həm də idmançı olan Zeynallı buna görə xeyli tənqid olunmuşdu. Onu tənqid edənlərə qeyri-etik ifadələrlə cavab vermişdi. Ümumiyyətlə, Kamili hər kəs kobud insan kimi tanıyır. Sağ olsun, özü də bunu tez-tez sübut edir.
Həmin söhbətin üstündən 1 il keçəndən sonra Zeynallı yenə diqqət mərkəzinə düşüb. O, “Qarabağ”la birlikdə “Atletiko” ilə matçı izləmək üçün səfərə yollanıb. Təyyarədə Zeynallı “instaqram”da canlı yayın açıb. İzləyicilər isə onu təhqir ediblər. Aparıcının da buna cavabı gecikməyib. O, izləyicilərdən birini canlı yayında ağır təhqir edib, ona ana söyüşü söyüb. Bu söhbət son günlər nəinki medianın, həm də sosial şəbəkələrin trendinə çevrilib. “İmarət” azarkeş qrupu bununla bağlı bəyanat da yayıb: “Maraqlı hadisələr olur və biz artıq reaksiyasız qala bilmərik. Əziz dostlar, "İmarət" olaraq “Qarabağ”ımızın hər matçında iştirak etməyə çalışırıq. Son vaxtlar Avropa ölkələrindəki oyunlarda təmsil olunmağımız bizə həm maddi, həm də təşkilati cəhətdən ciddi problemlər yaradır. Amma Allaha şükür ki, bunları həll etməyi bacarırıq və Bakıdan ən azı 4-5 azarkeş göndərə bilirik. Məsələn, deyə bilərik ki, sonuncu dəfə ölkəmizdəki Fransa səfirliyi azarkeşlərimizdən 9 nəfərin viza müraciətindən yalnız birinə müsbət cavab verdi. Bu məsələlərlə bağlı müxtəlif çətinliklərdən danışmaq olar. Düzdü, "Qarabağ" rəhbərliyi mümkün qədər dəstəyini əsirgəmir. Bu gün aparıcı Kamilin videosu yayılıb. Anlaya bilmirik ki, onun həmin təyyarədə nə işi var? O hansı hərəkətinə və xidmətlərinə görə ÇL-də oynayan peşəkar komandanın heyəti ilə səfərə gedir? Bu bir tərəfə, üstəlik, qeyri-etik hərəkətlərini hər kəsə nümayiş etdirərək, bizim nüfuzumuzu zədələyir. "Qarabağ" kimin üçün isə əyləncə və istirahət anlamına niyə gəlməlidi ki? Ümumiyyətlə, komanda zəif oynayanda heç onun adını bilməyənlər indi gəlib sevincə şərik olmaq istəyir. Təbii ki, bu hallar bizi narahat edir. Əvvəllər demək olar ki, hər həftə klubun işçiləri ilə müəyyən təşkilati məsələlərlə bağlı əlaqə yaradırdıq və hər kəsi tanıyırdıq. İndi birdən "vallah, iş çoxdu" sözlərini eşidib, onları da başa düşürük. Həmin işləri çoxaldan Kamil kimilərdi. Bizlər iş az olanda da burdaydıq”.
Zeynallı qəzetimizə açıqlamasında təyyarədə yaşanan olaya belə münasibət bildirdi: “Bəli, iradlarla razıyam. Mən bir az əsəbi, özümdən tez çıxan adamam. Mənim səbrim yoxdu. Özümdən asılı deyil. Heç kimlə işim olan deyil. Dəymə mənə, dəymərəm sənə. Məncə, özünə hörmət edənlərin hamısı belədi. Orda məni çox pis söydülər. O keçiləsi söhbət deyildi. Hər kəsin ailəsi onun namusu, şərəfidi. Ondan o yana həyatda heç nə yoxdu. Ona göz yummaq, səbr etmək mümkün deyil. Orda nömrəmi də yaza bilməzdim. Bunu etsəydim, gərək özümə başqa nömrə alım. Özümə söysələr, səbr edərəm. Amma əziz adamımı söyəndə, heç vaxt sakit dayana bilmərəm”.
Dünən isə “Qarabağ” vətənə dönüb. Lakin Kamil Zeynallı həmin təyyarədə olmayıb. Bir sıra KİV yazır ki, klubun nümayəndə heyəti aparıcını məhz söyüşə görə təyyarəyə buraxmayıb. Yəni onu cəzalandırıb. Lakin yayılan məlumatlar həqiqəti əks etdirmir. Özü qəzetimizə açıqlamasında yayılan informasiyaları təkzib etdi: “Məni təyyarəyə buraxmadıqlarını yazırlar. Belə şey olmayıb. Özüm bileti İstanbula almışam. Əslində istəyirdim ki, bir neçə gün İspaniyada olum, “Real” və ya “Barselona”nın oyunlarına baxım. Amma bu tur bu iki komanda səfərdə oynayır. “Sevilya” da “Spartak”la qarşılaşır. Həmin oyun mənim üçün maraq doğurmadı. Bu üzdən İstanbula gedib, “Beşiktaş” – “Monako” matçını izləyəcəm. Uşaqlar dedilər ki, həmin görüş maraqlı olacaq. Yəni təyyarə biletini özüm elə almışam”.
ŞƏFİ ŞƏFİYEV
SON XƏBƏRLƏR