AFFA İntizam Komitəsinin (İK) dünən keçirilən növbəti iclası Topaz premyer-liqasında və əvəzedicilərin çempionatında 10-cu, eləcə də divizionun 5-ci turunda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
Premyer-liqadan başlayaq. “Səbail”lə matçın 43-cü dəqiqəsində ikinci “sarı”, avtomatik qırmızı vərəqə alaraq komandanı azlıqda qoyan Ansi Aqolli “Qarabağ”ı 200 manat ziyana salıb. Ağdamlılar həmçinin “Kəpəz”lə növbəti turun görüşündə albaniyalının xidmətindən yararlana bilməyəcək. “Neftçi”yə məğlubiyyət “Sumqayıt”a 800 manat maddi ziyana başa gəlib. Buna sarı vərəqələrin çoxluğu səbəb olub. “Zirə” – “Qəbələ” matçından hər iki tərəf zərərlə çıxıb. Meydan sahiblərinin 7 üzvünün sarı vərəqə alması kluba 800 manat ziyan vurub. “Qəbələ” isə kapitanın güdazına gedib. 43-cu dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Cavid Hüseynovu İntizam Komitəsi 3 oyunluq diskvalifikasiya edib. Cavidin davranışı həmçinin “Qəbələ”nin 2400 manat cərimələnməsinə yol açıb.
Əvəzedicilərin yarışında cəza və cəriməyə məruz qalan olmayıb. Diviziona gəlincə, “Sabah”, “Ağsu” və “Mil-Muğan” “vərəqə bolluğuna” görə hərəyə 80 manat ödəməli olacaq. 5-ci turda bir-biriylə qarşılaşan sonuncuların dueli “Mil-Muğan”a daha ağır başa gəlib. Belə ki, matça əlavə olunmuş dəqiqələrdə İmişli təmsilçisinin üzvü Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir edib. Komitə intizamsız futbolçunu 4 oyun uzaqlaşdırmaqla yanaşı, klubuna 320 manat cərimə kəsib. MOİK-i isə Mirkamil Əliyev “tərlədib”. “Turan Tovuz”la matçın 88-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan futbolçu sabah “Ağsu” ilə səfər matçında iştirak edə bilməyəcək. “Hərbçilər” onun “qırmızı”sını 20 manatla “sığortalayacaq”.
Beləliklə, son iclasda klublara 4780 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 30020 manata çatıb.