Sizin reklam burada

Firuz Abdulla “CBC Sport”dan ayrılmayacaq

Title
Firuz Abdulla “CBC Sport”dan ayrılmayacaq
Mikayıl Nərimanoğlunun gedişindən sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbərin təyin olunduğunu ötən sayımızda xəbər vermişdik. Xatırladaq ki, bu post Firuz Abdullaya tapşırılıb. Onu da qeyd edək ki, Firuz bəy buna qədər elə həmin departamentdə aparıcı mütəxəssis vəzifəsini icra etməklə yanaşı, “Səbail”in Müşahidə Şurasının üzvü və “CBC Sport”da “Kalçomaniya” verlişinin aparıcısı idi. Bundan başqa, o adını çəkdiyimiz telekanalda İtaliya çempionatının oyunlarını şərh edirdi. Görəsən, yeni posta təyinat alan Firuz bəy bundan sonra hansı istiqamətdə fəaliyyətini davam etdirəcək, hansına son verəcək?
Bu suala cavab tapmaq üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbəri ilə danışmağı lazım bildik. Onu da qeyd edək ki, “CBC Spor”un rəhbəri Volkan Üst müsahibələrinin birində Firuz Abdullanı telekanal üçün ən böyük tapıntı saydığını söyləmişdi. Firuz bəyin məsələyə reaksiyası belə oldu: “Səbail”in Müşahidə Şurasında işimi davam etdirəcəm. Çünki bu işi ictimai əsaslarla yerinə yetirirəm. Müşahidə Şurası ictimai nəzarət funksiyasına malikdi. Buna görə klubda qalmağımda problem yoxdu."CBC Sport"dakı işlərimə gəlincə, “Kalçomaniya” verilişi hər həftənin çərşənbə axşamı canlı yayında efirə getdiyindən AFFA-dakı işlərimə maneə törətmir. Bu üzdən həmin verilişin aparıcısı kimi işimi davam etdirəcəm. A seriyası oyunlarında şərhçilikdən isə yeni işimdən sonra fiziki cəhətdən çatdırmağın çətin olacağını nəzərə alıb, böyük ehtimalla, imtina etməli olacam”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.