Sizin reklam burada

Baş katib “tarix təkrarlanır” prinsipinə sadiqdi

Müəllif: football Tarix: 29-10-2017, 10:38 567 Baxış
Baş katib “tarix təkrarlanır” prinsipinə sadiqdi
Yığmanın yeni baş məşqçisi Sağlam olacaq?
Yığmada daha bir əcnəbi baş məşqçinin – Robert Prosineçkinin dönəmi başa çatdı. 3 il Azərbaycan yığmasının “sükanı arxasında” olan xorvat mütəxəssis srağagün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşərək postundan getdi. “Barselona”ın və “Real”ın sabiq futbolçusu özü getdi, yoxsa AFFA rəhbərliyi tərəfindən yola salındı? Baş katib Elxan Məmmədovun report.az saytına verdiyi müsahibədə bu məsələni tam açıb-ağartmasa da, səslənən fikirlərdən müəyyən qənaətə gəlmək mümkündü.
• Dünya çempionatının seçmə qrup mərhələsinə yaxşı başlamışdıq. 3 oyundan sonra 7 xalla 2-ci pillədə gedirdik. Qazandığımız xalların bizə final mərhələsinə vəsiqə şansı verə biləcəyini nəzərə alaraq, ümidlərimiz və gözləntilərimiz artmışdı. Sonrakı görüşlərdə uğurlu nəticələrin davamı, demək olar ki, gəlmədi və yekunda 5-ci yeri tutduq. Hərçənd hədəfimiz bu yox, daha yaxşı nəticə göstərmək idi. Amma rəqəmləri pozmaq olmaz. Statistika göstərir ki, milli komanda Azərbaycan futbolu tarixində ən yaxşı nəticəni göstərdi. Rəsmi açıqlamada qeyd olunduğu kimi, AFFA-nın prezidenti baş məşqçiyə "çox sağ ol" dedi. Düşünürük ki, Prosineçki Azərbaycan futboluna müsbət töhfələr verdi. Biz bunu unutmayacağıq.
Baş katibin sözlərindən belə çıxır ki, yığma qarşıya qoyulan məqsədə çatmadığına görə AFFA rəhbərliyi Prosineçki ilə yolları ayırmaq qərarına gəlib. Xorvat məşqçi rəhbərliyi altında milli tarixində ilk dəfə qrup oyunlarında 10 xal toplasa da, seçmə mərhələni 5-ci yerdə başa vurmaq ölkənin futbol təssərrüfatına rəhbərlik edən rəsmilərin ürəyincə olmayıb. Və bu üzdən ona yeni müqavilə təklif edilməyib. Elxan bəyin “sonrakı görüşlərdə uğurlu nəticələrin davamı, demək olar ki, gəlmədi və yekunda 5-ci yeri tutduq. Hərçənd hədəfimiz bu yox, daha yaxşı nəticə göstərmək idi” sözləri buna sübutdu.
Müsahibədə diqqəti çəkən daha bir məqam millinin yeni çalışdırıcısı ilə bağlıdı. Həmkarımızın bu məsələ ilə bağlı sualına Məmmədov diplomatcasına cavab verməyə çalışıb.
• Ərtuğrul Sağlamın adı namizədlər siyahısında yoxdu. Bilirəm ki, bir müddət əvvəl Bakıya gəlmişdi. Lakin onunla görüşümüz olmayıb. Amma görüşmək istərdim.
Jurnalistin “özü Rəşad Sadıqovun oyununu izləməyə gəldiyini desə də, futbolçu sabiq baş məşqçisi ilə görüşə bilmədiyini deyir. Siz də Sağlamı görə bilməmisiz. Elə isə türkiyəli mütəxəssis Bakıda kiminlə görüşüb” sualına baş katib “yəqin ki, futbolçulara baxmağa gəlmişdi. Bizimlə görüşməyibsə, ola bilsin, gələcəkdə öz komandasında görmək istədiyi oyunçuları yaxından izləmək istəyib” cavabını verib. “Bursaspor”la superliqada çempionluq sevinci yaşayan Sağlamın Çexiya ilə matçı tribundan canlı izləməsi onsuz da kuluarlarda müəyyən söz-söhbətə səbəb olmuşdu. Həmin vaxt onun bir vaxtlar rəhbərliyi altında oynayan Rəşad Sadıqovun dəvəti ilə Bakıya gəldiyi bildirilsə də, məlum oldu ki, Ərtuğrul bəy kapitanla heç görüşməyib. Necə ola bilər ki, kimisə qonaq çağırasan, ancaq onunla görüşməyəsən? Bu heç də inandırıcı görünmür. Bəs onda türk mütəxəssis Bakı Olimpiya Stadionuna nəyə gəlmişdi? Elxan müəllim bəlkə özü də bilmədən (bəlkə də bilərəkdən) elə cavab verib ki, istər-istəməz yığmanın yeni baş məşqçisinin məhz Ərtuğrul bəy olacağını düşünürsən: “Ola bilsin, gələcəkdə öz komandasında görmək istədiyi oyunçuları yaxından izləmək istəyib”. AFFA bu ssenaridən artıq bir neçə dəfə yararlanıb. Berti Foqts və Robert Prosineçki ilə müqavilə imzalanmamış hər iki mütəxəssis Bakıya dəvət olunmuş, millinin oyununu tribunadan canlı izləmişdlər. Deyəsən, axı tarix təkrarlanır…
RƏŞAD
SON XƏBƏRLƏR