Sizin reklam burada

“Neftçi”nin 1976-cı ildə yenidən güclülər dəstəsinə vəsiqə qazandığı görüşü tribunadan şərh etmişdim”

Baxış Sayı:5 466

“Neftçi”nin 1976-cı ildə yenidən güclülər dəstəsinə vəsiqə qazandığı görüşü tribunadan şərh etmişdim”
Çingiz İsmayılovun radioya gəlişinə komandada azərbaycanlıların azlığı səbəb olub
Karyerasını bitirən məşhur idmançıların bir müddət sonra xoşbəxtliyi jurnalistikada axtarması, daha doğrusu, qələmə sarılaraq, yarış meydanlarda yaşananlara obyektiv qiymət verməyə çalışması dünya və sovet praktikasında geniş yayılıb. Məsələn, SSRİ dövründə səsi ilə milyonların qəlbini fəth edən Nikolay Ozerov düz 24 dəfə stolüstü tennisdə ölkə çempionu olmuşdu. Elə Azərbaycanda da bu ənənə geniş yayılmışdı. Anatoli Şilyayev “İdman” qəzetinin səhifələrinə həndboldan gəlmişdi. “Vışka”nın informasiya və idman bölməsinin müdiri Vladlen Busalayev həm də respublikanın məşhur voleybolçusu olmuşdu. Söhbət futboldan gedəndə yada düşən ilk adam isə Çingiz İsmayılovdu. Düzdü, Ələkbər Məmmədov da görkəmli futbolçu olmaqla yanaşı, həm də mahir yazar idi. Onun qələmindən futbol mövzusunda neçə-neçə kitab çıxıb. Çingiz bəyin yeri isə başqadı. Biz də bu üzdən layihə çərçivəsində ilk yazıda məhz ona tribuna vermək istədik.
“Neftçi”nin, Gəncə “Dinamo”sunun sabiq qolkiperi yaşıl meydandan uzaqlaşandan sonra jurnalsit kimi uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Yuxarıda toxunduğumuz məsələ ilə bağlı onunla danışmağı lazım bildik. Çingiz bəy jurnalistikaya gəlişini xatırlamaqla yanaşı, idman mətbuatının bugünkü durumundan da söhbət açdı.
- Çingiz İsmayılovu bəlkə də qapıçı kimi çoxları tanımasa da, ötən əsrin 70-80-ci illərində şərhçi kimi çox populyar idiz. Necə oldu ki, əlcəyi mikrofona dəyişdiz?
- Mən “Neftçi”də olanda düşərgədə azərbaycanlı futbolçuların sayı az idi. Bu üzdən məni tez-tez radioya dəvət edib komanda haqda danışmağımı istəyirdilər. 1957-ci ildə “Neftçi” İrana səfər etmişdi. Bakıya geri döndükdən sonra yenidən radioya çağırdılar. Həmin vaxt Valid Sənani orda çalışırdı. İran səfəri ilə bağlı təəssüratımı bölüşdükdən sonra komitənin sədri Ənvər Əlibəyli mənə “Neftçi”də qalmaq şərti ilə radioda işləməyi təklif etdi. İşim hər oyundan sonra komandanın çıxışı ilə bağlı reportaj hazırlamaq idi. Həmin vaxt Bədən Tərbiyəsi İnstitutunun ikinci kursunda oxuyurdum. Radiodan təklif alan kimi sənədlərimi ordan götürüb Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verdim. 1967-ci ildə zədə səbəbindən futboldan uzaqlaşmaq məcburiyyətində qalanda artıq harda işləyəcəyim məlum idi. Yaşıl meydanı şərhçi otağına dəyişdim.
- Futboldan jurnalistikaya keçid çətin olmadı ki?
- Təbii ki, ilk vaxtlar müəyyən qədər ağır idi. Baxmayaraq ki, istər universitetdə, istərsə də yeni iş yerimdə savadlı müəllimlərim olub. Lakin vaxt ötdükcə hər şey yoluna düşdü. Bu günə kimi ilk dəfə şərh etdiyim oyunu xatırlayıram. Həmin reportajı Valid müəllimlə birgə hazırlamışdıq. Sonradan SSRİ-nin bir çox respublikalarında ezamiyyətdə oldum, “Neftçi”nin matçlarını şərh etdim. Sevimli komandamızın 1976-cı ildə yenidən güclülər dəstəsinə vəsiqə qazandığı görüşü tribunadan şərh etmişdim. İvano-Frankovskdə isə qaçış cığırının yaxınlığında durub danışırdım. Bəzən belə çətin şəraitdə çalışmağımıza baxmayaraq, işimizdən zövq alırdıq. İndi işləməyə nə var?! Otaqdan bayıra çıxmadan, internetin köməyi ilə əlavə materal əldə etməklə qarşılaşmanı şərh edə bilirsən.
- Futboldan başqa hansı idman növlərini şərh etmisiz?
- Mən əsasən futbol, basketbol, voleybol oyunlarını şərh etmisəm. Çünki bu idman növlərindən anlayışım var idi, qaydaları mükəmməl bilirdim. Nizami Gəncəvinin bir sözü var: “Kamil bir palançı olsa da insan, yaxşıdı yarımçıq papaqçılıqdan”. Bu indi belədi ki, bir şərhçi eyni zamanda həm futbol matçını şərh edə bilər, həm də idman akrobatikasını. Axı, bunlar ayrı-ayrı idman növləridi, bir-birinə də heç bir yaxınlığı yoxdu. O gün telekanllarımızın birində futbolla bağlı verlişə baxırdım. Gənc həmkarım İngiltərə premyer-liqasında çempionluğa oynayan komandanın çıxışını dəyərləndirir, onun baş məşqçisinin səhvlərini göstərir, ayrı-ayrı futbolçuların çıxışına qiymət verirdi. Üstündən bir saat ötməmiş gördüm ki, həmin jurnalist artıq “Formula-1” haqda danışır və kimin çempion olacağına dair proqnozlar verir. Ya indiki jurnalistlər həddən artıq savadlıdı ki, bütün idman növlərini tamaşaçıya doğru-düzgün çatdıra bilirlər, ya da ekran qarşısında onu dinləyən tamaşaçının idman savadı çox dayazdı. Düzdü, idman jurnalistikası ilə məşğul olan şəxs bütün idman növləri ilə maraqlanmalı, ən azı həmin sahədə kimin və ya hansı komandanın lider olduğunu bilməlidi. Ancaq heç kim deyə bilməz ki, mən eyni zamanda həm biatlonu yaxşı bilirəm, həm şahmatı, həm də fristaylı. Bu absurd bir şeydi. Bu gün bizdə belə jurnalist varsa, onun qarşısında baş əymək lazımdı.
- Bu gün idman mediasını izləyirsiz?
- Bacardığım qədər izləməyə çalışıram. Mənə ən çox təsir edən əksər telekanalların Azərbaycan çempionatına diqqət ayırmamasıdı. AFFA ilə aralarında nə olub - deyə bilmərəm. Ancaq heç olmasa, titrlərdə premyer-liqa oyunlarının hesabını göstərsinlər. Sonra deyirik ki, niyə stadionlarda azarkeş az olur. Tribunda 4000 tamaşaçı olanda papağımızı göyə atır, uşaq kimi sevinirik. İnsanları stadionlara cəlb etməyin yolu televizyadan keçir. Rusiya və Türkiyəyə baxsaq, görərik ki, həftəboyu çempionat matçları müzakirə olunur, növbəti turların anonsları verilir. Prinspial oyunlara isə xüsusi diqqət ayrılır. Belədə də istər-istəməz azarkeş həftəsonu stadiona yollanır ki, görək həmin 90 dəqiqə necə başa çatacaq.
- Həmin ölkələrdə karyerasını başa vuran bəzi veteranlar sonradan idman jurnalistikasına üz tutur, köşə yazırlar, telekanallarda müəllif proqramları hazırlayırlar. Ancaq bizdə belə deyil. Sizcə, bu nədən qaynaqlanır?
- Xalq olaraq, biz bir qədər səbirsizik. İstəyirik ki, qısa vaxtda hər şeyə nail olaq. Jurnalistika isə dözüm, savad, mütaliə tələb edir. Hər gün üzərində işləməlisən, dünyada baş verən prosesləri izləməlisən. Bəlkə də bu çətinliyi göz önünə alıb heç kim yazı yazmaq, futbolumuzn bugünkü reallığını ictimaiyyətə çatdırmaq istəmir. Yəqin ki, vaxt ötdükcə dünyada yaşanan bu proses bizə də gəlib çıxacaq.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
“Neftçi”nin 1976-cı ildə yenidən güclülər dəstəsinə vəsiqə qazandığı görüşü tribunadan şərh etmişdim”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR