“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Əvvəlcədən qeyd etdiyimiz kimi, əhatə dairəmizi təkcə futbolla məhdudlaşdırmır, idmanın başqa sahələrinə də diqqət ayırmağa çalışırıq. Hədəfimiz həmin idman növlərini də gənclərə və yeniyetmələrə tanıtmaq, onlarda bu sahələrə maraq oyatmaqdı. Elə bu məqsədlə də budəfəki yazımızda reqbiyə yer vermişik. Müsahibimiz isə Azərbaycan Reqbi Federasiyasnının inkişaf üzrə vitse-prezidenti, eyni zamanda da “Qarabağ” Reqbi Klubunun təsisçisi Eldar Kərimovdu.
- Eldar bəy, reqbi Azərbaycanda elə də geniş yayılmayan idman növüdü. Bizdə idmana həvəsi olanlar əsasən futbola, şahmata, güləşə meyl edir. Sizdə reqbiyə maraq hardan yarandı? Özünüz reqbi ilə məşğul olmusuzmu?
- Mənim reqbi ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Həmin vaxt qısa müddət ərzində idman jurnalistikası sahəsində fəaliyyət göstərdim. Azərbaycan milli komandası Avropa Millətlər Kuboku çərçivəsində Bakı İdman Akademiyasının stadionunda Kipr yığmasını qəbul edirdi. Tale elə gətirdi ki, mən həmin oyundan reportaj hazırlamaq tapşırığı aldım və stadiona yollandım. Sözün düzü, oyunu kənardan izləyirdim və bir şey anlaya bilirdim. Mərhum gürcü mütəxəssis Quram Modebadzedən və millimizin sabiq kapitanı Ruslan Əfəndiyevdən müsahibə aldım, yazını hazırlayıb təhvil verdim. İlk baxışdan çox mürəkkəb görünən oyun mənə çox baxımlı və maraqlı təsir bağışladı. Sonradan başqa sahədə çalışarkən milli komandanın üzvü olan iş yoldasımın təklifi ilə reqbi məşqlərinə qoşuldum və ilk məşqdən bu idman növünə vuruldum. “Bakı” Reqbi Llubunun heyətində bir neçə yarışda iştirak edəndən sonra milli komandanın heyətində Avropa Millətlər Kubokunun qrup mərhələsinə qatıldım. Qarşılaşmalar Antalyada keçirilirdi. Həmin mərhələdə Slovakiya və Türkiyəyə qarşı oynadım. Lakin köhnə zədəm özünü göstərdi, bu zədə mənə məşqlərdə iştirak etməyə imkan vermədi. Buna görə də meydan oyunçusu kimi karyeramı dayandırmalı oldum. Amma reqbini tərk etmək niyyətində deyildim, buna görə də məşqçiliyə başladım. Bir müddət “Bakı” Reqbi Klubunda Azərbaycan reqbisinin ağsaqqalı, deyərdim ki, əsas sütunu olan Vaqif Səadətxana uşaq və yeniyətmələrin məşq prosesində kömək etdim, məşqçi peşəsinin sirlərini öyrənməyə çalışdım. Ondan sonra Azərbaycan Reqbi Federasiyasının hazırki fəxri prezidenti Eldəgiz Rəfibəylinin dəstəyi ilə Moskvada Rusiya Reqbi Akademiyasında təlim keçib “World Rugby Level” adlanan beynəlxalq dərəcəli məşqçi sertifikatını əldə etdim. 2015-ci ildə “Qarabağ” Reqbi Klubunu yaratdım. Bu idman növünə maraq və sevgim reqbinin sırf idman prinsipləri üzərində qurulmasından, fiziki inkişafla yanaşı, uşaq və yeniyetmələrin mənəvi tərbiyəsinə birbaşa təsirindən, ölkəmiz üçün çox perspektivli və potensial olaraq ən uğurlu komanda idman növlərindən birinə çevrilə biləcəyindən qaynaqlanır.

- Hazırda Azərbaycanda reqbinin vəziyyəti necədi? Klubların, bu idman növü ilə məşğul olanların sayı kifayət qədərdimi?- Ölkəmizdə iki reqbi klubu və dörd komanda fəaliyyət göstərir. Bunlar “Qarabağ” Reqbi Klubu, “TİSA” məktəbinin “TİSA Titans” Reqbi Klubu, “Qəbələ” İdman Klubunun reqbi komandası, Şamaxı Olimpiya Mərkəzinin komandası, Şamaxı THT liseyinin komandası və Şamaxı rayonu Sabir qəsəbəsinin komandasıdı. Gördüyünüz kimi, Şamaxı rayonu bu idman növündə yetərincə fəaldı və federasiyamızın bölgələrdə inkişaf üzrə vitse-prezidenti Səbuhi Qarayevin təşəbbüsü ilə komandaların, həmçinin cəlb olunan oyunçuların sayı getdikcə artmaqdadı. Hər komandada ortalama 15-20 oyunçu bu idman növu ilə məşğul olur. Bundan əlavə bu il “Qarabağ” RK-nın Azərbaycan Reqbi Federasiyası ilə birgə təşkil edəcəyi layihə çərçivəsində Abşeron yarımadasında yerləşən bir internat məktəbində də reqbi komandasının yaradılması nəzərdə tutulub.
- Bəs mütəxəssislərlə bağlı vəziyyət necədi? Bir çox idman növündə əcnəbi mütəxəssislərə müraciət olunur, düşünürlər ki, əcnəbilər bizdə həmin idman növünün inkişafına təkan verəcəklər. Reqbidə bu məsələ necə tənzimlənir? Əcnəbilərə ehtiyac duyulurmu?- Ölkəmizdə hazırda kifayət qədər gənc və yüksək məşqçilik potensialına malik olan kadrlar var. Bunlar əsasən milli yığma komandada uzun illər oynamış sabiq reqbiçilərdi. Onlardan bir neçəsi İngiltərə, Rusiya, Ukrayna, Qətər və başqa ölkələrdə oynamış, təcrübə toplamış idmançılardı. Eyni zamanda coğrafi cəhətdən bəxtimiz onda gətirib ki, Gürcüstan kimi Avropa və dünya reytinqində yüksək yer tutan ölkə ilə həmsərhədik. Gürcülərdən öyrənə biləcəyimiz çox şey var. Bir çox birgə layihə reallaşdırmaq olar, sadəcə, reqbiyə maddi dəstəyin yoxluğu bütün bunları bir qədər yubadır. Lakin biz öz gücümüzlə bacardığımız maksimal nəticələrin əldə olunması üçün fəaliyyətimizi davam etdirəcəyik.
- Reqbi ilə məşğul olmaq, burda uğur qazanmaq üçün uşaqlarda hansı keyfiyyətlər tələb olunur? Valideynlər nələrə diqqət etməlidilər ki, onların övladları reqbidə uğur qazana bilsin?- Reqbi unikal idman növüdü. Böyük Britaniyada reqbi rəsmən uşaq baxçalarında və məktəblərdə tərbiyə üsulu kimi qəbul olunub. Bu idman növünun yazılmış qanunları ilə yanaşı, bir sıra yazılmamış qanunları var. Hansılar ki, reqbiçinin həm oyunda, həm də meydandan kənarda olan həyatında onun davranışına təsir edir. Bu idman növü ilk növbədə şəxsiyyətlər, sonra idmançılar yetişdirir. Uşaq və yeniyetmələri qeyri-idman prinsiplərindən uzaq saxlayan, centlmenlik prinsiplərinə öyrədən reqbi oyununda fiziki cəhətdən istənilən bədən quruluşu və çəkisi olan oyunçulara meydanda həmişə yer tapılacaq. Yeganə tələb olunan keyfiyyətlər - məsuliyyətli, intizamlı və çalışqan olmaqdı. Hətta bu keyfiyyətlərə malik olmayan uşaqlarin da əksəriyyəti reqbi ilə məşğul olmağa başlayandan sonra məşqçilərin və komanda yoldaşlarının dəstəyi ilə bu keyfiyyətlərə yiyələnirlər. Komandadaxili reqbi ab-havası idmançıya müsbət şəkildə öz təsirini göstərir. Valideyinlərin isə stereotiplərdən uzaq olmasını istərdim. Reqbinin bir çox növü var. Uşaq və yeniyetmələrin oynadığı reqbi növlərində fiziki təmas minimuma endirilir ki, oyunçuların sürətli, fiziki, texniki və mənəvi inkişafı, eyni zamanda da zədə alması ehtimalının minimuma endirilməsi təmin olunsun. Reqbi özündə bir çox idman növünün elementlərini cəmləşdirir ki, bu da oyunu həm kənardan baxımlı, həm də oyunçular üçün maraqlı və faydalı edir. Eyni zamanda “Qarabağ” klubunda məşqlər ödənişsizdi və bu da reqbini aztəminatli ailələrin övladları üçün əlçatan edir. Hər kəsi məşqlərə dəvət edirəm. Yeganə tələb sağlamlıq haqqında arayışın təqdim olunmasıdı.

- Azərbaycanda reqbinin gələcəyini necə görürsüz? Nələri etməliyik ki, bizdə bu idman növü inkişaf etsin?- Ölkəmizdə reqbinin ən uğurlu komanda idman növlərindən biri ola biləcəyinə əminəm. Milli komandamız fəaliyyət göstərdiyi dövrlərdə (2005-13-cü illər) maddi dəstəyin olmaması səbəbindən yarışa bir ay qalmış məşqlərə başlayırdı və həftədə bir dəfə olmaqla 4 məşqdən sonra oyunlara yollanırdı. İnanın ki, qalib gəldiyimiz oyunlar da olub, məğlub olmağımıza baxmayaraq, çox ciddi rəqiblərlə başabaş mübarizə apardığımız oyunlar da. Həmin ölkələrin yığmaları peşəkar səviyyədə hər gün məşq edirlər, milli çempionatlar keçirirlər. Əsasən də olimpiya növü olan “Reqbi-7” komandamız uğurlu nəticələri ilə fərqlənirdi. Eyni zamanda bu gün maddi sıxıntı səbəbindən həftədə bir-iki dəfə məşq etməklə kifayətlənən “Qarabağ” Gürcüstanda turnir və festivallarda daha təcrübəli rəqibləri ilə yüksək səviyyədə mubarizə aparır, hətta qalib gəldiyi komandalar da var. Bütün bunlar yüksək potensiala malik olduğumuzu göstərir. Bu gün ilk növbədə Azərbaycan Reqbi Federasiyasının Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya alması lazımdı. Bu proses hələ də davam edir. Reqbini inkişaf etdirə biləcək kifayət qədər həm təcrübəli, həm də gənc və perspektivli mütəxəssislərimiz var. Müxtəlif şəxslərin və təşkilatların dəstəyi ilə yeni komandaların yaradılması üçün şərait yaradılır. Bu mənada “Sumqayıt” futbol klubunun və “ASK Arena” stadionunun rəhbərliyini qeyd etməliyəm. Onlar “Qarabağ” Reqbi Klubunda uşaq və yeniyetmələrə məşqlərin təmənnasız keçirilməsini nəzərə alırlar və öz növbələrində klubun Bakıda, eləcə də Sumqayıtdakı bölmələrində hazırlıq üçün təmənnasız şərait yaradıblar. Eyni zamanda Şamaxı Olimpiya Kompleksinin və “Qəbələ” İdman Klubunun rəhbərliyi də ölkəmizdə fəaliyyət göstərən reqbi komandalarına təlim-məşq toplanışı, yarışlar keçirmək üçun həmişə şərait yaradır. Dövlət tərəfindən bu idman növünə dəstək olsa, ən yüksək nəticələr özünu çox gozlətməyəcək.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb