“Qarabağ” – “Atletiko” matçı başa çatar-çatmaz sports.ru portalının şərhlər bölməsi geniş müzakirələrə meydan oldu. Ruslarla yanaşı, keçmiş SSRİ ərazisində yaşayan futbolsevərlər də Qurban Qurbanovun komandasının İspaniya nəhəngi ilə heç-heçə etməsini böyük təəccüblə qarşılayıb. Onların fikrincə, turun ən böyük sensasiyası məhz Bakıdakı Olimpiya Stadionunda yaşandı. Həmin şərhlərdən bəzilərini sizlərin də diqqətinə çatdırmaq istəyirik.
Cska- moskow87: “Bu oyundan sonra “Ateltiko”nu 3-cü yer münasibəti ilə təbrik etmək olar. Bakıdakı xal itkisini madridlilər hələ çox yada salacaqlar”.
MalluHaCMerTu: “Görüm onlar geri qayıdarkən yolda qəzaya düşsünlər. Məni real puldan etdilər. Hələ də özümə gələ bilmirəm”.
Ayzenk: “Dieqo Simeonenin komandası belə oyunla Avropa Liqasına düşə bilsə, böyük işdi. “Atletiko” lap ağını çıxarıb”.
SPRKT: “Ateltiko” yaxın keçmişdə Qazaxıstan təmsilçisi “Astana” ilə də qolsuz bərabərə qalmışdı. Sonu necə oldu? Madrid klubu həmin mövsüm Çempionlar Liqasının finalında oynadı. Odu ki, qərar verməkdə tələsməyin. Hələ heç nə itirilməyib. “Qarabağ”a isə belə əzmkar oyuna görə təşəkkür düşür. Siz ondansa bizim ÇSKA-ya baxıb ağlayın. “Qaçqın komanda” İspaniya üçüncüsü ilə başabaş oynayır, Qonçarenkonun yetirmələri isə Moskvada “Bazel”ə boyun əyirlər”.
Vsyo budet: “Qarabağ”ın heyətində bir qədər səviyyəli forvardlar olsa idi, azərbaycanlılar ispanları ən azı iki dəfə meydanın mərkəzinə dəvət edə bilərdilər. Baş məşqçi heyətə daha güclü hücumçular dəvət etməlidi”.
Derans: “Hətta hamının autsayder gözü ilə baxdığı “Qarabağ” qapısının toxunulmazlığını təmin edə bildi, İqor Akinfeyev isə antirekordunu təzələməkdə davam edir. Bəlkə azərilərin müdafiəçilərini ÇSKA-ya dəvət edək”.
Coni K: “Artıq yavaş-yavaş La Liqa təmsilçilərinin avrokuboklarda hökmranlığı itir. “Spartak” “Sevilya”nı darmadağın etdisə, “Qarabağ” son illər Çempionlar Liqasının finalında oynamağa adət etmiş “Atletiko” ilə bərabərə qaldı. Haydı, irəli! Avropaya səs salmağın vaxtıdı. Hər nə qədər olmasa da, vaxtilə bir yerdə böyümüşük, bir mərkəzdən idarə olunmuşuq. Bir himni oxuyub, bir bayrağa baş əymişik”.
Potnıye_ siski_Utkina: “Hakimin final fitindən sonra “Qarabağ”ın futbolçuları elə sevinirlər ki, sanki ÇL-i qazanıblar”.
Qoroşenko -1: “Bax, bu da sizə karabas-barabas. Kim inanardı ki, ilk dəfə ÇL-in qrupunda oynayan komanda İspaniyanın 3 nəhəngindən biri ilə qolsuz heç-heçə edəcək. Təbriklər!!! Təsəvvür edirəm, bukmeker kontorlarında “Atletiko”nun böyük hesabla qələbə qazanacağına pul qoyuluşu edən insanlar indi hansı vəziyyətdədi. Yəqin ki, çox tər axıtdız”.
Jakson18: “Əclaf hakim ispanların qapısına 200 faizlik penaltini vermədi. Üstəlik, “Qarabağ”ın oyunçusunu heç nədən meydandan qovdu. Yəqin matçdan əvvəl həmyerlisi Qrizmann ona nəsə söz verib...”.
İnqa Zorina: “Qarabağ” – Atletiko” oyununun 0:0 hesabı ilə başa çatacağına 1000 rubl pul qoymuşdum. Sizcə, mən nə qədər qazandım? Elə bilməyin ki, mən Vanqayam. Heç futboldan da başım çıxmır. Sadəcə, ərimin acığına belə etdim. O 3 gündü ki, “Atletyiko”nun azəriləri darmadağın edəcəyini iddia edirdi və kontora böyük məbləğ yatırtmışdı. Bir azdan gəlib məndən borc istəyəcək”.
RƏŞAD hazırladı