Sizin reklam burada

Son anda fərqli qərar verilsəydi...

Поделиться:
Title
Son anda fərqli qərar verilsəydi...
"Qarabağ" srağagün daha bir ilkə imza atdı. "Atletiko" ilə qolsuz heç-heçə edən "köhlən atlar" ÇL-də xal qazanan ilk komandamız kimi tarixə düşdü. Halbuki Madrid təmsilçisi ilə görüşdə Qurban Qurbanovun yetirmələrinin şansı elə də yüksək qiymətləndirilmirdi. Ancaq "Qarabağ" istək, əzmkarlıq göstərməklə və rəqibdən qorxmamaqla ən güclülərin yarışdığı turnirdə ilk xalını qazandı. Hərçənd bu ilk qələbə də ola bilərdi. Söhbət təkcə penalti epizodundan getmir. "Atletiko" ilə matçda kifayət qədər hücum edən "köhlən atlar" həmlələri qolla tamamlaya bilmədi. Bəlkə də belə vəziyyətlər zamanı son anda Qurbanovun yetirmələri daha fərqli - doğru qərar versəydilər, indi qələbəni bayram edirdik. Belə epizodları bir daha xatırlayaq.
1-ci epizod
34-cü dəqiqə. Filipe Luisin səhvindən sonra Mahir Mədətov topu ələ keçirib mərkəzə meyilləndi. O, cərimə meydançasının həndəvərindən zərbə endirmək qərarına gəldi. Halbuki Xose Ximeneslə Şime Vrsalko artıq Mədətovun önünü qapamışdı. Məhz Mahirin vuruşundan sonra "kürə" rəqibə dəyib kornerə çıxdı. Həmin an Mədətov ara ötürməsi ilə Dino Ndlovunu topla təmin etsəydi, sonuncunun fərqlənəcəyi şübhə doğurmurdu. Çünki Dino elə yerə "açılmışdı" ki, ona ən yaxın olan Qodin 2-3 addım geridə idi. Elə Ndlovunun həmin vəziyyətə görə Mahirə irad bildirməsi və Mədətovun da onunla razılaşması hər şeyi təsdiq edir.
2-ci epizod
63-cü dəqiqə. Mahir Miçellə "divar paslaşması"ndan sonra topu Riçard Almeydaya ötürdü. Yığma üzvü isə arada yetərincə məsafə olmasına baxmayaq, zərbə endirdi. Düzdü, Riçard topu işlək sol ayağı ilə vurmuşdu. Lakin həm qapı ilə aradakı məsafə az deyildi, həm də Almeydanın önündə rəqib oyunçular vardı. Həmin an Pedro Enrike sol cinahda boş idi və Riçard onu görsəydi, "Qarabağ"lılar "Atletiko"nun qapısına daha da yaxınlaşacaqdı, təhlükə böyüyəcəkdi, qol şansı artacaqdı.
3-cü epizod
64-cü dəqiqə. Miçel əla ara ötürməsi ilə Pedronu zərbə mövqeyinə çıxardı. Sonuncu isə rəqibin iki müdafiəçisinin əhatəsindən qapını nişan aldı. Bununla belə, onun vuruşu effektsiz oldu. Doğrudu, həmin epizodda qapı Pedronun önündəydi. Ancaq zaman göstərdi ki, o cür zərbə vurmaqdansa, bir qədər də soyuqqanlı davranmaq daha düzgün olardı. Pedro özünü topa zərbə vururmuş kimi göstərib, sağa çəkə bilərdi. Bu zaman isə önü tam açılacaqdı və daha effektli vuruşla azarkeşləri ayağa qaldırmaq mümkün olacaqdı. Yaxud da ani hərəkətlə topu arxadan gələn Ndlovu üçün saxlamaq olardı. Belədə "Atletiko"nun müdafiəçiləri Pedro haqda düşünərkən, Dino ÇL-də qol hesabını açacaqdı.
4-cü epizod
71-ci dəqiqə. Mahirdən ötürmə alan Dino Tomas Parteyi aldadaraq, topu qapıya ünvanladı. Zərbəsi dəqiq olmasa da, cənubi afrikalı hücumçunun fərqli qərar verməsi də faydasız olacaqdı. Əvvəla, daha yaxşı mövqedə olan komanda yoldaşı yox idi. İkincisi, Ndlovu rəqibin bir neçə oyunçusunun əhatəsində idi. Forvard o vəziyyətdə ötürmə etmək istəsəydi, böyük ehtimalla, topu itirəcəkdi.
5-ci epizod
75-ci dəqiqə. Hakim "Qarabağ"ın haqlı penaltisini vermədi. Əslində Dino həmin epizodda düzgün qərar verdi. Bəlkə də Riçarddan topu qəbul edən kimi iti bucaq altında qapıya zərbə endirə bilərdi. Lakin həmin vuruşun qolla nəticələcəyi inandırıcı deyil. Ancaq Ndlovu Qodini keçsəydi, qapıçı ilə üzbəüz qalacaqdı. Elə bu üzdən Qodin “son ümid folu”na əl atdı. Ancaq fransız referi yanlış qərarla Dinonun əziyyətini yerə vurdu.
6-cı epizod
90-cı dəqiqə. Tarik Elyunussi "Atletiko"nu cəzalandırmağa yaxın oldu. İbrahim Şehiçdən uzun ötürmə alan Norveç yığmasının üzvü dərhal zərbə endirdi. Halbuki Tarik həmin an topu saxlasaydı, Xose Ximenesi də aldatmış olacaqdı. Belədə Elyunussi sola meyillənib, qapıya daha da yaxınlaşacaqdı. Müdafiəçilərin də ona çatmaq şansı çox az olduğundan, "Qarabağ"lı fərqlənə bilərdi.
7-ci epizod
90+1-ci dəqiqə. Vild-Donald Geryenin bir qədər ləng davranması madridlilər üçün təhlükənin daha da böyüməsinə mane oldu. Gerye Tarikdən topu alan kimi qərar versəydi, rəqibi cəzalandırmaq olardı. Ona ötürmə edən Elyunussi də birbaşa qapını nişan ala bilərdi. Lakin həmlənin yekunu heç də istənilən kimi bitmədi.
Göründüyü kimi, imkanlar var idi və bunlardan birinin dəyərləndirilməsi qələbəni gətirə bilərdi. Sadəcə, son anlarda daha doğru qərar vermək lazım idi.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.