Sizin reklam burada

Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu

Baxış Sayı:2 926

Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu
Fərid Qarazadə: “Məni indidən dərd götürüb ki, əsgərlikdə qəzeti necə əldə edəcəm?”
Fərid Qarazadə. Yəqin ki, ölkə futbol ictimaiyyəti bu şəxsi çox yaxşı tanıyır. Hazırda “Sport Marketinq Qrup” şirkətində çalışan Fərid daim stadionlarda, arenalardadı. Onu millimizin, klublarımızın, demək olar ki, bütün matçlarında görə bilərsiz. Hətta birinci divizion və həvəskarlar liqasında da. Fərid daim yığma və klublara təşkilatçılıq məsələlərində kömək edir. Özü də təmənnasız. Qarazadə həm də “Futbol+”in sadiq oxucularından biridi. O daim sosial şəbəkələrdə qəzetimizi təbliğ edir, tez-tez materiallarımızı bölüşür. Odu ki, bizə sadiq olana biz də sadiqik. Bu üzdən Fəridlə danışmağı lazım bildik. Görəsən, 2 gün sonra 20 yaşı tamam olacaq qəzet haqda o nə düşünür?
- İdman ictimaiyyəti səni tanıyır. Daim “Futbol+”u təbliğ edirsən. Bu həvəs hardandı?
- “Sport Marketinq Qrup” şirkətində çalışıram. Bu üzdən idman mətbuatını daim izləməliyəm. Bir sıra tədbirlərdə, oyunlarda oluram. Ona görə də daim yollarda, metroda, avtobusda oluram və saytları izləyə bilmirəm. Bütün məlumatları “Futbol+”dən alıram. Bu qəzetdə hər bir xəbər olur. Məsələn, mən heç vaxt premyer-liqanın oyunlarından sonra keçirilən mətbuat konfranslarını saytlardan oxumuram. Gözləyirəm ki, qəzet çıxsın, ordan oxuyum. Həm də oyunlarda “Gözdən qaçmadı”nı yazırsız. Bir sözlə, məlumatlar ətraflı olur.
- “Futbol+”i nə vaxtdan oxuyursan?
- 2004-cü ildən. Atamın işi ilə bağlı Beyləqanda qalmışıq. Həmin vaxtlar rayonda bir köşk var idi. Atam həmişə bizə qəzet alıb gətirirdi. Mən qəzetləri yığan deyiləm. Yalnız ən maraqlı hissələrini kəsib saxlayıram. 2005-ci ildə ÇL-in ikinci təsnifat mərhələsində “Neftçi” “Anderlext”i 1:0 hesabıyla məğlub etmişdi. Həmin sayın 1-ci səhifəsi indiyə kimi yadımdadı. Həm də rayonda yaşayırdıq deyə, bekar idim, daha çox futbolla, idmanla maraqlanırdıq. Qəzeti alıb birnəfəsə oxuyurduq.
- Qəzetimizi sosial şəbəkələrdə daim təbliğ edirsən. Bu işinlə bağlıdı, yoxsa “Futbol+”ə olan sevgi ilə?
- Təbii ki, qəzetə olan sevgi ilə. Həm də bilirsiz ki, bizdə idman mediasında qəzet və jurnal çox azdı. “Futbol+” bir nömrədi. Bu, hamısını əvəzləyir. Bu yaxınlarda Makedoniyaya UEFA superkubokunun oyununa getmişdim. Ora gedəndə üstümdə 4-5 “Futbol+” aparmışdım. Həm gedəndə yolda oxudum, həm də orda tanış olduğum adamlara payladım. Nə vaxt ki, yollarda oluram, həmişə qəzet üstümdə olur. İdman dünyasındakı bütün yeniliklərdən məhz “Fubol+” vasitəsilə xəbər tuturam. Bu yaxınlarda hərbi xidmətə gedəcəm. Məni indidən dərd götürüb ki, əsgərlikdə qəzeti necə əldə edəcəm?
- “Futbol+”də nəyi bəyənmirsən?
- Bəzən köşə yazılarında fikirlər uzlaşmır. Bunu da normal qəbul edirəm. Hər kəsin öz fikri var. Amma bəzən manşetlər zəif və qeyri-adekvat olur. Manşetlər bəzən süni və sadə alınır. Görünür ki, qəzet çapa getməli olduğu üçün tələsik fikirləşiblər. Almaniyaya 1:5 hesabı ilə uduzduğumuz görüşdə manşet var idi – “Alman maşını üstümüzdən 5 dəfə keçdi”. Düşünürəm ki, yığmamız həmin manşetə layiq deyildi. Çünki futbolçularımız mübarizə apardılar. Döyüşdülər, amma uduzdular.
- Bəs ən çox xoşladığın cəhət?
- Təbii ki, obyektivliyiniz. Sizdə tərəfkeşlik yoxdu. Hər məsələdə konkret mövqe ortaya qoyursuz. Həm də ölkə idmanı ilə yanaşı, dünya idmanını da diqqətdə saxlayırsız. Hansı ölkəyə gedirəmsə, ordan idman qəzetləri alıram. Görürəm ki, onlar başqa ölkələrin idmanına o qədər diqqət ayırmırlar. Amma “Futbol+” “Rəvan”, “Neftçi”, “Qarabağ”, bütün yaş qrupları üzrə millilər, başqa idman növləri, dünya futbolu və idmanını həmişə tam formada işıqlandırır. Təsəvvür edin, hansısa Afrika ölkəsinin millisində baş məşqçi dəyişikliyi olursa, bir cümlə ilə də olsa, xəbər kimi verirsiz. Heç saytlar belə bunu vermir. Argentina, Braziliya çempionatlarından geniş materiallar hazırlayırsız. Üstəlik, şahmat, hokkey və basktebol dünyasından maraqlı xəbərlər olur. Bu da onu göstərir ki, “Futbol+” hərtərəfli çalışır və əməkdaşları maksimum zəhmətkeşdi.
- “Qarabağ” ÇL-in qrupuna düşərkən çıxan sayımızı Qurban Qurbanova imzalatmışdın…
- Mən bu məsələyə toxunacaqdım. Onu yalnız Qurban Qurbanova yox, bütün klub üzvlərinə imzalatmışam. Qurbanov ilk imzasını atmışdı. Dünən (srağagün) “Atletiko” ilə oyunöncəsi məşq baş tutdu. Mən də qəzeti özümlə aparmışdım ki, bütün heyətə imzaladım. Bütün futbolçular imzaladılar. Hətta Rəşad Sadıqovun millidə vida oyunu ilə bağlı Həbib Aslanovun yazdığı köşəsi olan qəzeti də kapitana imzalatdım. Qəzeti imzalayarkən Əfran İsmayılov dedi ki, “bu nədi, bunu niyə imzalayırıq?” Rəşad da ona “bu bir tarixdi” deyərək, ona cavab verdi. Yaxın zamanda həmin qəzeti çərçivəyə saldıracam.
- Qurban Qurbanov qəzetə xüsusi nəsə yazdımı?
- Xeyr. Buna özüm də razı olmazdım. Çünki özəlləşdirməyi xoşlamıram. İstəyirəm ki, bu cür şeyləri gələcəkdə hansısa muzeyə bağışlayım. Bu üzdən mənim adıma nəyinsə yazılmadığını istəmirəm. Mən daha çox uzağı fikirləşirəm. Lakin qəzeti Qurban müəllimə uzadanda “Qarabağ – Qurban” yazısı özünə də maraqlı gəldi. İki-üç dəfə baxdı. Ukraynalı qapıçı Anton Kanibolotski belə qəzetlə yaxından maraqlandı.
- Xarici ölkələrə gedəndə “Futbol+”i aparıb jurnalistlərə göstərirsənmi?
- Təbii, o qədər olub ki. Elə sonuncu dəfə “TRT Spor”un əməkdaşı Vəli Yigitə qəzet bağışladım. Həmin sayın üstündə “Başakşəhər”in bəxtinə “Sevilya” düşdü” yazısı var idi. Bu da türklərin böyük diqqətini çəkmişdi. Onlar həmin hissəni sosial şəbəkələrdə də paylaşmışdılar. Türkiyə Futbol Federasiyasının milli komandalar üzrə mətbuat katibi Türkər Tozara da qəzet verdim. Açdı, Türkiyə bölməsini oxudu. Orda Dursun Özbək haqda yazılar var idi. Təəccüblənmişdi ki, siz Türkiyə futbolu haqda bu qədər yazırsız. İstədim ona “Futbol+”in daha bir sayını hədiyyə edim. AÇ-2016-da Türkiyə İspaniyaya uduzanda qəzetinizin üz qabığında “Bu nədi, qardaş?” yazısı çıxmışdı. Yəqin ki, bu ona çox maraqlı olar. O özü də həmin qəzeti arxivində görmək istəyir.
- Sonda “Futbol+”ə arzularını eşitmək maraqlı olardı.
- Bilirik ki, indiki dövrdə qəzeti ayaqda saxlamaq çox çətindi. Amma sizə uzun bir yol arzulayıram. 30, 40, 50 illik yubileylərinizi görək. İşləriniz avand olsun. Ümid edirəm ki, yaxın zamanda yenidən tam rəngli “Futbol+” görəcəyik.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR