Sizin reklam burada

“Futbol+”in işi klubların gözündə

Baxış Sayı:2 576

“Futbol+”in işi klubların gözündə
“Futbol+” yaranan gündən ölkənin ən böyük klubları ilə əməkdaşlıq edib. Lakin bu əməkdaşlıq heç vaxt peşəkarlığa zidd olmayıb. Həmişə maksimum səviyyədə olanı yazmağa, adekvat mövqe sərgilməyə çalışmışıq. Bir mövzunu sona kimi araşdırıb, detalları üzə çıxarmışıq. Tərif öz yerində, tənqid də öz yerində olub. İstədik ki, yubiley ərəfəsində klubların mətbuat katiblərinin fikirlərini öyrənək. Öncə ölkənin ən köklü 4 klubu – “Neftçi”, “Kəpəz”, “Qarabağ” və “Qəbələ”nin sözçüləri ilə danışmağı lazım bildik. Onlara konkret 3 sual ünvanladıq: 1. Klubun tanınmasından və təbliğində “Futbol+”in nə dərəcədə rolu var? 2. İndiyə kimi qəzetimizdən qərəzli mövqe görübsüzmü? 3. Bundan sonra klubla qəzet arasında əlaqələrin inkişafı üçün hansı yeni ideyalar var?
Anar Şabanoğlu, “Neftçi”: “İlk növbədə kollektivinizi həm "Neftçi", həm də öz adımdan ürəkdən təbrik edirəm. Klubumuzun təbliğində qəzetinizin rolu haqda danışmaq artıqdı. 20 ildi idman mətbuatının əvəzedilməz lideri "Futbol+" "Neftçi"nin yaxşı günündə də, pis gününündə də yanında olub. Uğurunu da, uğursuzluğunu da obyektiv, qərəzsiz, ən əsası, böyük futbol sevgisi ilə oxucularına çatdırıb və inşallah, hər zaman belə davam edəcək. Qərəzli mövqe məsələsinə gəlincə, məncə, bu suala artıq cavab verdim. "Neftçi"də bir neçə gündü fəaliyyətə başladığımdan əvvəllər nə olduğunu dəqiq deyə bilməyəcəm. Amma bu ay ərzində heç bir qərəzlə rastlaşmamışam. Əminəm ki, bundan sonra da rastlaşmayacam. Futbolumuzun flaqmanının idman mətbuatımızın flaqmanı ilə münasibətlərinin daha da yaxşılaşdırılması üçün ideyalar çoxdu. Həm "Futbol+", həm də "Neftçi" üçün faydalı olacaq müəyyən fikirlər var. Düşünürəm ki, rəsmi və işguzar münasibətlər dostluğa çevrilib. Dostluğumuzun daha da möhkəmlənməsi üçün əlimdən gələni etməyə çalışacam. Bir daha təbrik edirəm. İllərin zəhmətinə görə Mahir Rüstəmli başda olmaqla gəlmiş-keçmiş bütün "Futbol+"çilərə təşəkkür edirəm. Vətəni, idmanı və idmançılarımızı ucaltmaqda davam edin. Həmişə var olun!”
Azad Mustafayev, “Kəpəz”: “Futbol+” ölkənin bir nömrəli idman nəşridi. Mən özüm də bu qəzetdə çalışmışam. İstər mənim tanınmağımda, istərsə də ölkə idmanın təbliğində bu qəzetin rolu çox böyükdü. “Kəpəz”in də təbliğində qəzet yaxından iştirak edir. “Futbol+” yeganə idman nəşridi ki, “Kəpəz”in Gəncədəki bütün oyunlarına əməkdaşını göndərir, yaxşı materiallar hazırlayır. Xeyr, qərəz görməmişəm. 2 ildi bu klubda çalışıram. Razılaşmadığım, narazı qaldığım yazılar olub. İnanmıram ki, “Futbol+” kimi peşəkar bir nəşr qərəzli olsun. “Futbol+” hər zaman bizimlə maraqlanır. Biz də klub olaraq heç vaxt qəzetin zənglərini cavabsız qoymamışıq. Gələkdə nə olacaqsa, bunu zaman göstərəcək. Necə klubun uğurları üçün çalışırıqsa, azarkeşlər və mətbuatla da yaxşı əlaqələr qurmaq istəyirik. Ümid edək ki, isti münasibətlər daimi olacaq”.
Nurlan İbrahimov, “Qarabağ”: “Ölkədə idman mətbuatı dedikdə ilk yada düşən “Futbol+” olur. Bu qəzetin nəinki “Qarabağ”ın, bütün ölkə idmanının təbliğində böyük rolu var. İnsanlar “Qarabağ”la bağlı ən son və dəqiq məlumatları məhz bu qəzet vasitəsilə alırlar. Klubumuzun təbliğində “Futbol+”in rolu çox böyükdü. Hansısa qərəzdən söhbət gedə bilməz. Qəzetin bu gün inkişafında, məşhur olmasında qərəzsizlik prinsipləri xüsusi rol oynayıb. Bəli, razılaşmadığımız məqamlar olub. Elə hal yaşanıb ki, yazı ilə razı olmamışam. “Futbol+” demokratik mövqe sərgiləyib və qəzetdə cavab yazım dərc olunub. Biz hər zaman “Fubol+” ilə əməkdaşlığa açığıq. Bilirik ki, ölkə futbolu nə qədər inkişaf etsə, jurnalistika da inkişaf edəcək. Bu gün “Qarabağ” necə Azərbaycanda futbolun zirvəsindədisə, “Futbol+” də idman mətbuatında elədi. Mən də əvvəllər bu qəzetdə çalışmışam. 12 ildi ordan ayrılmışam. Üstündən çox zaman keçsə də, o xatirələri, günləri unutmaq olmur. Hər birinizə uğurlar arzulayıram. Bundan sonra da yubileylərinizi qeyd edək”.
Anar Hacıyev, “Qəbələ”: “Futbol+” nəinki “Qəbələ”nin, bütün Azərbaycan idmanının təbliğində böyük rol oynayır. Çünki ölkənin ən öndə gedən idman nəşridi. Uzun illərdi ki, bütün çətinliklərə baxmayaraq, qəzet fəaliyyətini inamla davam etdirir. Qəzet bazarında yalnız “Futbol+” qalıb. İndi də Azərbaycan idmanına töhfə verməkdə davam edirlər. “Qəbələ”nin bütün uğurları bu qəzetdə işıqlandırılır. Daim bizə dəstək olmusuz. Hər şeyə görə qəzet əməkdaşlarına minnətdarlığımızı bildiririk. Qərəz deməzdim, amma “Futbol+” hər zaman öz mövqeyi ilə seçilib. Uğuru hər zaman tərif, məğlubiyyətləri isə tənqid edirsiz. Lazımi məqamlarda tənqid olub. Bu da müsbət yöndə öz nəticəsini verib. “Qəbələ” İdman Klubu və “Futbol+” var olduqca, əməkdaşlığımız daim davam edəcək, münasibətlərimiz isti qalacaq. Yaxşı layihələrin gerçəkləşdirilməsinin tərəfdarıyıq. İstəyirik ki, daim qəzetin oxucuları çoxalsın. Gələcəkdə yeni layihələr keçirməyə hazırıq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR