Sizin reklam burada

Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq

Müəllif: football Tarix: 19-10-2017, 17:07 581 Baxış
Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq
“CBC Sport” tamaşaçılardan üzr istədi
Sentyabrın əvvəlində “CBC Sport”un Türkiyə çempionatının oyunlarını yayınlayacağı xəbəri ölkəmizdə böyük sevinclə qarşılandı. Heç kimə sirr deyil ki, bizdə superliqaya maraq yetərincə böyükdü. Həmçinin qardaş ölkə klublarının azarkeşləri də çoxdu. Təbii, “CBC Sport”dan məsələ tam həllini tapmamış hay-küylü anonslar verilməsinin düzgün olmadığını dəfələrlə qeyd etmişdik. Lakin həftələr bir-birini əvəz etsə də, telekanal superliqa matçlarını ekranlara daşıya bilmədi. “Danışıqlar gedir” açıqlaması ilə azarkeşləri intizarda saxlayan “CBC Sport”, nəhayət, dünən bəyanat yayaraq, yayın hüququna yiyələnə bilmədiyini etiraf etdi: “Çox hörmətli tamaşaçılarımız, futbol ictimaiyyəti! Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunlarının rəsmi yayın hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə superliqasının oyunları bizim kanalda yayınlanmayacaq. “DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm də müqavilənin bağlanmasında vasitəçi “Saran Holdinq” şirkəti əməkdaşlarına müəmma olaraq qalır. Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardı. Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarımızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Superliqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayında olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib. Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə “niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidi” kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik. Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində “DigiTürk”də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdı. Və bütün bunları, sadəcə, ehtimal edirik. Biz heç vaxt pul, qazanc və reklam dalınca qaçmamışıq. Çünki əsas qazancımız siz tamaşaçıların maraq və sevgisidi. Amma adi həyatda olduğu kimi, televiziya həyatında da bəzən çalışıb işi daha yaxşı görmək istəyirsən, lakin kənar müdaxilələr buna imkan vermir. Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən “CBC Sport” yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir! Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə superliqasının oyunlarını yayınlaya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik”.
Onu da qeyd edək ki, üzrxahlığın sonunda P.S. də var: “Bu, “CBC Sport” telekanalının rəsmi məlumatıdı. Jurnalist dostlarımızdan, “feysbuk”, “twitter” və “instaqram” istifadəçilərindən artıq dərəcədə xahiş edirik ki, məsələ ilə bağlı kanal rəhbərliyinə, eləcə də istənilən əməkdaşına müraciət etməyəsiz”.
SON XƏBƏRLƏR