Sizin reklam burada

Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir

Müəllif: football Tarix: 17-10-2017, 16:29 528 Baxış
Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir
“Oyunumda bir az eniş var”
“Sumqayıt” – “Qəbələ” oyunundan sonra jurnalistlərin əhatəsinə düşən Cavid Hüseynov həm 3 xal qazandıqları oyunla bağlı fikirlərini bölüşdü, həm də sualları cavabladı.
- Açığı, çətin qələbə qazandığımızı bildirməliyəm. “Sumqayıt”ın formada olduğunu bilirdik və rəqibdən belə oyun gözləyirdik. Bizə əsas qələbə lazım idi ki, onu da əldə etdik.
- Oyun başa çatan kimi “Qəbələ”nin futbolçuları yerə uzandılar. Bu, matçın gərginliyinə görə idi, yoxsa fiziki durumunuz qaydasında deyil?
- Tam oyunla bağlı vəziyyətdi. İkinci hissədə əsasən müdafiə olunduq, ola bilsin, bu üzdən uşaqlar yorulublar.
- “Sumqayıt”ın gücünü kiçiltmək fikrim yoxdu, ancaq “Qəbələ” niyə məhz bu komanda ilə oyunda müdafiə olunmağı seçdi?
- Müdafiə futbolu oynamaq fikrimiz yox idi, heç vaxt da o məqsədlə meydana çıxmırıq. Ancaq rəqib bizi məcbur etdi ki, arxaya çəkilək. İstər-istəməz belə oldu.
- Əvəzlənməyin nə ilə bağlıdı?
- Məşqçinin qərarıdı. Hörmətlə yanaşmalıyıq.
- Son vaxtlar göstərdiyin oyuna görə çox tənqid olunursan. Öz oyunundan razısan?
- Təbii ki, razı deyiləm.
- Bəs bunun səbəbi nədi?
- Bir az eniş var, onu da çalışırıq ki, məşqlərdə aradan qaldıraq.
- Ötən il hər kəs “Qəbələ”nin çempion ola biləcəyinə inanırdı, bu il isə hətta ikinci yeri tutacağınıza şübhə ilə yanaşırlar...
- Həm turnir cədvəlindəki mövqeyimizə, həm də oyunumuza baxsaq, elə düşünənləri haqlı saya bilərik. Bizi əsas sarsıdan evdə “Kəpəz”ə məğlubiyyətimiz oldu. O nəticə olmasaydı, bu gün heç kim dediyiniz kimi düşünə bilməzdi. Ancaq qarşıda hələ çox oyun var. “Qarabağ” da xal itirəcək. Biz də çalışacağıq bundan yararlanıb fərqi aradan qaldıraq. Bunun üçün çalışacağıq ki, növbəti turlarda xal itirməyək.
- Milli haqda nə düşünürsən? Robert Prosineçkinin gedəcəyi gözlənilir...
- Robert tək mənim üçün yox, bütün komanda üçün yaxşı məşqçi olub. Qalmasını istərdim, ancaq gedirsə, uğur arzulayıram.
RƏŞAD
SON XƏBƏRLƏR