Sizin reklam burada

“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir

Baxış Sayı:1 197

“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir
AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun “Bakı”nın bazasında yeni futbol akademiyası yaratdığından xəbərdarsız. Ötən saylarımızın birində bu haqda yazmışdıq. “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın 5 yaş qrupu hazırda AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak edir.
Yeni futbol ocağının yaradılması xəbərini eşidəndə, ilk əlaqə saxladığımız şəxs “Bakı”nın icraçı direktoru Yaşar Seyidov olmuşdu. Düşündük ki, akademiya veteran futbolçunun adını daşısa da, “zolaqlılar”ın bazasında məskunlaşdığından, heç şübhəsiz, Yaşar bəy də bu prosesin içindədi. Həmin vaxt Seyidov ətraflı məlumat verməmiş, yaxın günlərdə yeni akademiyanın təqdimat mərasiminin keçiriləcəyini bildirmişdi. Həmin vaxtdan 15 gündən çox vaxt ötsə də, hələ ki bu yöndə bir yenilik yoxdu.
Dünən yenidən Yaşar bəylə əlaqə saxlayıb, təqdimat mərasiminin baş tutmamasının səbəbini aydınlaşdırmağa çalışdıq. O tezliklə tədbirin reallaşacağını söylədi: “İsgəndər Cavadov İcraiyyə Komitəsinin üzvü olduğundan yığmanın son oyunları ilə bağlı başı qarışıq idi. O milli ilə birgə Almaniyaya yollandığından təqdimat mərasiminin vaxtını dəyişməyi lazım bildik. Böyük ehtimalla, “Qarabağ” – “Atletiko” oyunundan sonra tədbiri keçirəcəyik”.
Yuxarıda qeyd etdiyimiz kimi, akademiyanın 5 komandası AFFA-nın keçirdiyi turnirlərdə iştirak edir. Ancaq nəticələr o qədər də ürəkaçan deyil. Veteran futbolçunun adını daşıyan akademiyanın təmsilçiləri, demək olar ki, meydana çıxdıqları əksər matçlarda böyükhesablı məğlubiyyətlə üzləşiblər. Seyidov isə bunun obyektiv səbəblərinin olduğunu söylədi: “Akademiya yeni formalaşdığından seleksiya aparmaq mümkün olmadı. İnşallah, qışda Azərbaycanın bütün bölgələrində seçimlər təşkil edib, istedadlı uşaqları akademiyaya cəlb edəcəyik. Onların məskunlaşma və qidalanma ilə bağlı heç bir çətinliyi olmayacaq. Məşqçlər korpusunda da hələ yenilik yoxdu. Ötən dəfə sizə dediyim kimi, Qəhrəman Əliyev baş məşqçi kimi bütün yaş qruplarını nəzarətdə saxlayır. Kadr məsələsinə də qışda yenidən baxılacaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR