“Çox güman, Azərbaycan millisində qalmayacam”
Deyəsən, növbəti tsikldə yığmanın “sükanı arxasında” yeni baş məşqçi olacaq. Və milli məhz yeni çalışdırıcının rəhbərliyi altında AÇ-2020-nin final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq. Baş sözlə, yığmada Robert Prosineçki dönəmi başa çatmaq üzrədi. Hər halda, hadisələrin axarı belə deməyə əsas verir. Belə ki, Robert Prosineçkinin adı başqa yığma ilə yanaşı hallanır. Söhbət Sloveniyanın əsas komandasından gedir.
Bu haqda Sloveniya mətbuatı məlumat yayıb. Həmin informasiyaya inansaq, artıq xorvat mütəxəssislə danışıq aparılıb və o ilə 800 min avro maaş tələb edib. Ancaq Sloveniya Futbol İttifaqının prezidenti Rade Miyatoviç bu xəbəri təkzib edib. Qurum başqanı yerli mətbuata açıqlamasında göstərilən məbləği vermək iqtidarında olmadıqlarını söyləyib: “Baş məşqçi postuna namizədimiz var. Robert Prosineçkinin belə bir tələbindən isə xəbərsizəm. Ümumiyyətlə, bizim bu pulu ödəmək üçün lazımi qədər maliyyə imkanımız yoxdu. Belə yüksək vəsaiti ödəyə bilmərik”.
Onu da bildirək ki, hazırda Sloveniya yığmasında baş məşqçi postu boşdu. Seçmə mərhələ zamanı bu komandanı çalışdıran Sreçko Katanets son turdan öncə millidən ayrılacağını açıqlamışdı. Odu ki, hazırda Sloveniya Futbol İttifaqı məşqçi axtarışındadı və Prosineçkinin adının hallanması da boşuna deyil. Bununla belə, xorvat mütəxəssis ölkəsində index.hr saytına açıqlamasında hansısa təklif almadığını bildirib: “Almaniyadan Zaqrebə çatmaq üçün 12 saat yol qət etmişəm. Sloveniya ilə bağlı məlumatı bu gün öz qəzetlərimizdə oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada çalışmağımı təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin, sabah bu baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm. AFFA-ya gəlincə, bir dəfə demişəm ki, yeni təklifləri dəyərləndirəcəm. Vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Ancaq çox güman, Azərbaycan millisində qalmayacam”.
Təbii, istənilən məşqçi müqaviləsinin sonuna 6 ay qalmış danışıq apara bilər. Prosineçki də belə edibsə, onu suçlamaq yersizdi. AFFA isə burda qalmaq istəməyən baş məşqçidən beşəlli yapışmamalıdı. Ürəyi başqa yerdə olan çalışdırıcının millimizə can yandıracağı heç inandırıcı deyil. Daha öncə “Bursaspor” məsələsində də hansı durumun yaşandığını hər kəs yaxşı xatırlayır. Düzdü, Prosineçkinin müqaviləsinin müddəti dekabrın əvvəlində bitir. Ancaq yığmada qalmayacaqsa, ilin son ayını gözləmək də mənasızdı. Gəlsin, hesabatını versin, sağollaşsın və getsin. Hərçənd Almaniya ilə Kayzerslauterndə baş tutan qarşılaşmadan sonra onun birbaşa Bakıya gələcəyini gözləyirdik. Lakin Prosineçki vətəninə yollanıb və bəzi işlərinin olduğunu, onları həll edib Azərbaycana gedəcəyini açıqlayıb.
Maraqlıdı, AFFA xorvat mütəxəssisin yolunu nə vaxta kimi gözləyək? Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Depratamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə danışdıq: “Bildiyiniz kimi, Prosineçki Bakıya gələcək və AFFA rəhbərliyinə hesabatını təqdim edəcək. Ondan sonra qərar veriləcək. Mütəxəssis gələn həftənin əvvəli gəlməlidi”.
FARİZ