
Eltac Səfərli bu dəfə kapitan rolunda
Qədir Hüseynov yenidən yığmaya qayıtdı
Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında şahmat üzrə yığmalararası Avropa çempionatı keçiriləcək. İki dəfə qitə çempionu olmuş kişilərdən ibarət millimiz iki il əvvəlki uğursuzluğu medal qazanmaqla unutdurmağa çalışacaq. Hətta 3-cü titulumuzu da qazana bilərik. Çünki komandamız (2728) əmsalına görə yalnız Rusiyadan (2745) geri qalır. Ancaq qeyd etmək yerinə düşər ki, şimal qonşularımız Yunanıstana optimal heyətlə yollanmayacaq. Belə ki, Vladimir Kramnik (2794), Sergey Karyakin (2795) və Pyotr Svidler (2760) kimi aparıcı şahmatçılar AÇ-də çıxış etməyəcək. Norveç yığması 3 qat dünya çempionu Maqnus Karlsen (Norveç, 2826), Ukrayna millisi isə bu ölkənin şahmatda lideri sayılan Vasili İvançuk (Ukrayna, 2732) olmadan mübarizə aparacaq. Bu isə komandamızın titul şansını artırır. Çünki yığmamız qitə birinciliyində optimal heyətlə çıxış edəcək. Şəhriyar Məmmədyarov (2791), Teymur Rəcəbov (2741), Arkadi Naydiç (2702), Rauf Məmmədov (2678) və Qədir Hüseynov (2647) 3-cü çempionluq üçün əlindən gələni etməlidi. Göründüyü kimi, bu dəfə Eltac Səfərli kənarda qalıb. Son yarışlarda zəif təsir bağışlayan qrossmeyster əmsala görə Hüseynovdan geri qalır. Bu üzdən Şahmat Federasiyası yenidən Qədiri əsas komandaya qaytarıb. Ancaq Səfərli də Krit adasına yollanacaq. Belə ki, Eltac kapitan kimi yarışda təmsil olunacaq. Bəli, yaşca özündən böyük və daha təcrübəli şahmatçıların yer aldığı komandanın kapitanı vəzifəsinə 25 yaşlı zəka sahibi təyin olunub. Əslində bu da formal xarakter daşıyır. AŞF düşünüb-daşınıb qərara gəlib ki, hər hansı əcnəbi mütəxəssisə böyük vəsait xərcləməyə dəyməz. Görünür, qurum yerli məşqçiləri də kişilərdən ibarət yığmaya kapitanlıq edəcək səviyyədə görmür. Bu üzdən gənc Eltac formal kapitan kimi boşluğu dolduracaq. Praktiki olaraq yığmamız AÇ-də kapitansız çıxış edəcək.
Qadınlardan ibarət millimizdə isə vəziyyət sabitdi. Fikrət Sideifzadə həmişəki kimi komandanın kapitanıdı. Heyət isə Günay Məmmədzadə (2393), Gülnar Məmmədova (2385), Ülviyyə Fətəliyeva (2348), Xanım Balacayeva (2319) və Zeynəb Məmmədyarovadan (2298) ibarət olacaq. Bu yerdə həmin heyətin iyunda Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan dünya çempionatında iştirak etdiyini xatırlatmaq yerinə düşər. Komandamız (2361) əmsalına görə 8-cidi. Millimizi Rusiya (2525), Ukrayna (2500), Gürcüstan (2472), Polşa (2416), Almaniya (2390), Fransa (2390) və Macarıstan (2378) qabaqlayır.
Kişilərin yarışında 39, qadınların turnirində isə 32 komanda çıxış edəcək. Yunanıstan ev sahibi olduğundan 2 kişi və 2 qadın komandasıyla təmsil olunacaq. Oktyabrın 27-də beş ulduzlu “Maris beach” otelində AÇ-nin açılış mərasimi keçiriləcək. Ertəsi gün mübarizəyə start veriləcək. Oyunlar hər gün Bakı vaxtı ilə 16.00-da başlayacaq. Yalnız noyabrın 6-na təsadüf edəcək sonuncu – 9-cu turun görüşləri bir saat tez başlayacaq. Elə həmin gün yerli vaxtla 21.30-da bağlanış mərasiminin startı planlaşdırılıb. Noyabrın 2-si turnirdə yeganə istirahət günü kimi nəzərdə tutulub. İsveçrə sistemi üzrə keçiriləcək yarışda çempion komanda 5000, gümüş medalçı 3000, ilk “3-lüy”ü qapayan milli isə 2000 avro qazanacaq. Bundan başqa, 4 lövhənin hər birində ən çox xal toplayan ilk 3 şahmatçı fərdi medalla təltif ediləcək.