İnsports.tv-nin PFL-ə iradı olmayıb

28.12.2022 11:03 404
Aktual / Manşet
Məlum olduğu kimi, premyer-liqanın son turunun heç bir oyunu “CBC Sport”la PFL-in “yutub” kanallarında canlı yayınlanmadı.

Football-plus.az xəbər verir ki, əvəzində isə matçların hər biri insports.tv vasitəsilə tamaşaçıların ixtiyarına verildi. PFL hazırda bu şirkətlə danışıq aparır. 18-ci turun oyunları isə test xarakterli olaraq insports.tv-də yayınlandı. Hər şey normal, problemsiz olacağı təqdirdə PFL-lə insports.tv arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Onu da qeyd edək ki, biz də test üçün saytda qeydiyyatdan keçdik. Oyunu izləmək üçün sayta daxil olmaq və qeydiyyatdan keçmək həqiqətən də asan idi. Lakin canlı yayında tez-tez donmalar müşahidə olunurdu.

Maraqlıdı, ilk test prosesi necə keçdi? PFL rəhbərliyi insports.tv-nin yayınından razı qaldı? Onlarla müqavilə bağlamağı düşünürmü? Bu suallarla qurumun media və marketinq departamentinin rəhbəri Sənan Abdullayevə müraciət etdik:

“Bu müzakirələr bir müddət idi davam edirdi. Sonuncu turda isə eksklüziv olaraq test etdik. Biz tərəfdən heç bir problem olmadı. Siqnalın ötürülməsi, yayının təminatı və başqa məsələlərdə bizdən razı qaldılar. İstənilən tərzdə onlara təqdim edə bildik. Hazırda danışıqlar davam edir. Dediyiniz bəzi qüsurlar da, demək olar ki, bizimlə bağlı deyildi. Amma hər biri həll olunub. Özünüz də gördüz ki, sayta girişlə bağlı da heç bir problem yox idi. İstər mobil telefon, istərsə də komputer ilə çox rahat daxil olmaq olurdu. Qolların anidən hazır verilməsi, icmal və başqa detallar da var. Yetərincə böyük, peşəkar şirkətdi. Hələ ki qarşılıqlı heç bir narazılıq yoxdu. Müzakirələr davam edir. Yəqin ki, ən geci iki həftə ərzində nəticə bəlli olacaq. Anlaşma olsa, fasilədən sonra yayın davamlı olacaq. Yəni hazırda müqavilə bağlanmasa da, bu istiqamətdə hər şey qaydasında görünür”.


ŞAİR ABDULLA