Sizin reklam burada

“Araz” “Ekol”un qapıçısını heyətinə qatdı

Title
 “Araz” “Ekol”un qapıçısını heyətinə qatdı
Gələn həftə UEFA kubokunun əsas mərhələsində çıxış edəcək “Araz” səfəröncəsi heyətini gücləndirib. Baş məşqçi Joze Alesio da Silvanın istəyi ilə “Ekol”un və millinin qapıçısı Emin Kürdov icarəyə götürülüb. Təcrübəli qapıçı FK.İD ilə görüşdəki fantastik çıxışı sayəsində braziliyalı mütəxəssisin etimadını qazanıb. O, Anar Məmmədovu əvəzləyəcək. Kürdov UEFA kuboku oyunlarında 12 nömrəli forma altında meydana çıxacaq. Qolkiper yalnız UEFA kuboku çərçivəsində keçiriləcək oyunlarda “Araz”a kömək edəcək, yüksək liqanın matçlarında isə “Ekol”un qapısını qoruyacaq. Əvəzində əsas heyət üzvlərindən biri sıradan çıxıb. Qallo məşq prosesində ciddi zədə alıb və adı Rumıniyaya yollanan heyətdən çıxarılıb. Yüngül əməliyyat keçirən futzalçının 10-15 gündən sonra məşqlərə start verəcəyi gözlənilir. “Araz” elit raunda iştirak hüququ qazanacağı təqdirdə futzalçı meydana çıxmaq üçün hazır olacaq.
Beləliklə, Naxçıvan təmsilçisi qitə kubokunda bu futzalçılarla mübarizə aparacaq: 1. Rövşən Hüseynli, 12. Emin Kürdov, 3. Tyaqo, 5. Qabriel, 6. Eduardo, 15. Vilela, 10. Maykon, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli.
Yeri gəlmişkən, “Araz” bu gün Bakı – İstanbul - Kluj reysi ilə Rumıniyaya yollanıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.