Sizin reklam burada

Prosineçki gələcəyi ilə bağlı Bakıda qərar verəcək

Title
Prosineçki gələcəyi ilə bağlı Bakıda qərar verəcək
"Komandama yaxşı qiymət verirəm"
Matçdan sonra keçirilən mətbuat konfransına əvvəlcə yığmamızın baş məşqçisi Robert Prosineçki qatıldı. O, oyun haqda danışarkən ilk yarıdan razı qaldığını vurğuladı: “Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. Birinci hissədə qol vəziyyətlərimiz oldu. Onlardan birini qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı”. Ardınca xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavabladı.
- Yığmamızın seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
- Ümumilikdə baxsaq, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı təsir bağışladı. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalıydıq. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.
- Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
- Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm.
- Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
- Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayııb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.
- Dmitri Nazarovun matça ehtiyatdan başlamasının səbəbi Çexiya ilə Bakıdakı oyunda zəif çıxışı idi?
- 3 gün əvvəl Çexiyaya qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyəmeyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. Nazarov yaxşı futbolçudu. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.
Ardınca seçmə mərhələdə 10 oyunun hamısında qələbə qazanmış Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv media nümayəndələrinin önünə çıxdı. O, ilk hissədə texniki səhvlər etdiklərini söylədi: "Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizdə rəqibin kimliyinin fərqi yoxdu. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi”. Sonra təcrübəli çalışdırıcısı jurnalistlərin suallarını cavabldı.
- 10 qələbə qazansanız da, tam razı görünmürsüz. Səbəb nədi?
- Son vaxtlar gözləntilərimdən danışdım. Bir neçə aydan sonra dünya çempionatı olacaq. İndidən bu turnir barədə düşünməliyik. Çünki dünya çempionatı başqa yarışdı.
- İlk hissədə bir neçə epizodda əsəbləşdiz.
- İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.
- Noyabrda yoldaşlıq oyunlarınız olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədi?
- Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komandalarla ona görə oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur.
- Dekabrın 1-də püşkatma olacaq. Həyəcan keçirirsinizmi?
- Rəqibin kimliyinin fərqi yoxdu. İstənilən halda bizi ilk pillədə görürlər.
- Dünya çempionatına qədər heyədə dəyişikliklər ola bilərmi?
- Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzulayıram. Çünki onun bizimlə olmasını çox istəyirəm.
ŞƏFİ ŞƏFİYEV, Kayzerslautern
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.