Sizin reklam burada

Günay Məmmədzadə şəxsi rekordunu yenilədi

Title
Günay Məmmədzadə şəxsi rekordunu yenilədi
FİDE reytinq siyahısını yeniləyib. Ötən ay Dünya Kubokuyla erkən vidalaşan yığmanın liderlərinin əmsalında geriləmə müşahidə olunub. Şəhriyar Məmmədyarov 6 vahid geri düşsə də, mövqeyini qoruyub. Sumqayıtlı qrossmeyster 2791 əmsalla əvvəlki kimi 6-cı yerdədi. Teymur Rəcəbov 1 vahid itirsə də, 2 pillə irəliləyib. Reytinqi 2741-ə bərabər olan şahmatçımız 17-ci sıraya yüksəlib. 17-ci yer Rəcəbov üçün 2013-cü ilin mayından bəri ən yüksək mövqedi. Rauf Məmmədovun (2678) əmsalı dəyişməsə də, iki pillə geriləyib. Məmmədov 65-ci yerdədi ki, bu da son 1 ildə onun üçün ən aşağı göstəricidi. Üçqat dünya çempionu Maqnus Karlsen (Norveç, 2826) zirvədədi. Onun ən yaxın izləyiciləri Levon Aronyan (Ermənistan, 2801) və Maksim Vaşye-Laqravdı (Fransa, 2794).
Qadınların ilk “100-lüy”ündə yenə iki yığma üzvü var. Günay Məmmədzadə növbəti dəfə şəxsi rekordunu yeniləyib. Ardıcıl 7-ci ayda 2393 əmsalda möhkəmlənən 17 yaşlı ölkə çempionu 66-cı pilləyə yüksəlib ki, bu da onun maksimumudu. Gülnar Məmmədova (2385) da mövqeyini 2 pillə yaxşılaşdırıb. Əmsalı dəyişməyən olimpiya çempionu indi 73-cü yerdədi. İlk “3-lük”də uyğun olaraq, Yifan Hou (Çin, 2678), Venyun Yu (Çin, 2579) və Anna Muziçuk (Ukrayna, 2576) qərarlaşıb.
Ölkələrin reytinqində 2657 əmsalla altıncıyıq. Bizi Rusiya (2744), Çin (2711), ABŞ (2694), Ukrayna (2681) və Hindistan (2673) qabaqlayır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.