
Şahin Diniyev də narahatdı
“Düşünüb, çıxış yolları tapmalıyıq, başqa yolumuz yoxdu”
Maydan təmirə bağlanan Gəncə şəhər stadionunda işlər hələ də davam etdirilir. Qazonun yenilənməsi prosesi artıq altıncı aydı bitmək bilmir. İş icraçısı SİS şirkətinin nümayəndəsi Sinan Öztürk qəzetimizə verdiyi açıqlamada qazonun hazır olacağı tarixlə bağlı konkret söz deməyə çətinlik çəksə də, çox ciddi açıqlama vermişdi.
Bildiyiniz kimi, “Kəpəz” oktyabrın 21-dən dekabrın 2-nə qədər çempionatda keçirəcəyi bütün oyunlarda rəqiblərini Gəncədə qəbul etməlidi. Bu da ayyarıma 6 görüş deməkdi. Bunu Sinan bəyin diqqətinə çatdıranda türkiyəli mütəxəssis ciddi təhlükənin mümkünlüyündən danışmışdı. Hətta “qazon ayda iki oyunu qəbul edə bilər, bununla bağlı rəhbərliyə məsləhət verəcəyik” sözlərini də dilinə gətirmişdi. İşin dolaşığa düşdüyünü nəzərə alıb bu dəfə “Kəpəz”in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. Görünür, o da məsələnin ciddiliyindən xəbərdardı: “Açığı, ilk dövrədə başımız oyunlara qarışmışdı. Yalnız və yalnız komanda haqda düşünürdüm. Lakin indi qısa fasilə yaranıb deyə, oturub ikinci dövrəni düşünürəm. Baş məşqçi kimi müəyyən narahatlıq keçirməyə bilmərəm. Baxıram ki, həqiqətən də meydanla bağlı çətinlik yarana bilər. Müəyyən şeylər düşünüb, çıxış yolları tapmalıyıq, başqa yolumuz yoxdu. Rəhbərliklə və mütəxəssislərlə söhbətdən sonra qərar qəbul olunacaq. Örtüyü zərbədən qorumaq üçün oyunöncəsi məşqləri başqa meydanda keçirə bilərik. Və ya başqa çıxış yolları axtararıq. Hələ ki vaxtımız var”.
HƏBİB