Enrike ilə Jezniçak BƏƏ-yə yollandı
Oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko”nu qəbul edəcək “Qarabağ”ın bu oyun üçün biletləri satışa çıxardığını xəbər vermişdik. Bilet satışı davam edir. Ağdam klubundan verilən məlumata görə, artıq 15 min bilet sahibini tapıb.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.00-da start götürəcək. İspaniya təmsilçisi ilə səfər oyununun da biletləri satışa çıxarılıb. Madrid klubunun rəsmi saytının xəbərinə görə, “Qarabağ” və “Roma” ilə qarşılaşmanı izləmək istəyən azarkeşlər ayın 3-dən kassalara yaxınlaşa bilərlər. Oktyabrın 31-də təmsilçimizlə matçı izləmək istəyən fanatlar 10-150 avro aralığında xərcə düşməlidi. Madridlilər noyabrın 22-də “Roma”nı qəbul edəcək ki, bu oyunun biletlərinin qiyməti 30 avrodan başlayır. İtaliyalılarla görüş üçün ən bahalı bilet isə 180 avroyadı. Xatırladaq ki, “Vanda Metropolitano” stadionunda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Onu da qeyd edək ki, “Qarabağ” məşqlərə başlasa da, düşərgədə çox az futbolçu var. Əsas heyətin 8 üzvü millidədi. Bundan başqa, İbrahim Şehiç, Ansi Aqolli, Donald-Vild Gerye, Tarik Elyunussi və Dino Ndlovu da öz ölkələrinin yığmalarına çağırılıblar. Çempionatda yaranan fasilədən başqaları da səmərəli yararlanır. 13 oyunçusu əsas yığmaların düşərgələrinə qoşulan “Qarabağ”da digər əcnəbilərə istirahət verilib ki, yay fasiləsində PAOK-dan icarəyə götürülən Pedro Enrike və “Legiya”dan transfer olunan Yakub Jezniçak mövsümün yorğunluğunu Birləşmiş Ərəb Əmirliklərində çıxarırlar. Sosial şəbəkələrdə fəallığı ilə diqqəti çəkən Jezniçak bunu izləyiciləri ilə də bölüşüb. Həmçinin Pedro da “instaqram” hesabı vasitəsilə xanımı ilə birlikdə Dubay səhralığından şəkil paylaşıb. “Sambaçı”nın “yenilənən enerji” başlığını qoyduğu fotoya azarkeşlər də rəy bildirib.
MİRAĞA