Sizin reklam burada

“Qəbələ”nin azarkeş dərdi var

Title
“Qəbələ”nin azarkeş dərdi var
“Red Black Army”nin rəhbəri kluba layihə təqdim edəcək
Çempionluğa iddialı “Qəbələ”nin “doğma divarlar” arasında “Kəpəz”ə 0:2 hesabı ilə uduzması nə qədər gözlənilməz oldusa, “qırmızı-qaralar”ın azarkeşlərinin, fanklublarının cümə günü keçirilən qarşılaşmaya maraq göstərməməsi də bir o qədər təəccüb doğurdu. Rəsmi statistikaya inansaq, əhalisinin sayı 91 min 851 nəfər olan rayonda cəmi 175 nəfər şimallıların “sarı-göylər”lə oyununu tribundan canlı izləyib ki, bu da “qızıl”a iddialı kluba heç də başucağlığı gətirmir.
Ümumiyyətlə, son vaxtlar “Qəbələ”nin ev oyunları zamanı azarkeş sayında azalma müşahidə olunur. Birvaxtlar dolu tribunalar qarşısında çıxış edən “qırmızı-qaralar” hazırda azarkeş dəstəyi baxımından yeni yaranan “Səbail”dən heç nə ilə fərqlənmir. Hətta bəzi birinci divizion klublarının tərəfdarları belə bu məsələdə komandalarına qəbələlilərdən daha yaxşı dəstək verirlər. Halbuku vaxt var idi Qəbələyə səfər edən rəqib komandalar hələ hakimin start fiti səslənməmiş yerli azarkeşlərin, fanatların təzyiqinə məruz qalır, 90 dəqiqə boyunca “12-ci oyunçu”nun basqısını öz üzərində hiss edirdi. Çox maraqlıdı ki, həmin dönəmdə “qırmızı-qaralar” indiki kimi çempionluğa real namizəd sayılmır, ən yaxşı halda avrokuboklara vəsiqə qazanmağa can atırdılar.
Bəs görəsən, son vaxtlar nə baş verir ki, qəbələlilər doğma komandalarına sahib çıxmır, çempionat oyunları zamanı onları yalqız buraxırlar?
Bu suala cavab tapmaq üçün “Red Black Army” fanklubunun rəhbəri Cavad Şərəfli ilə əlaqə saxladıq: “Azarkeş problemi tək “Qəbələ”nin yox, Azərbaycan futbolunun ümumi xəstəliyidi. Özünüz də görürsüz ki, “Qarabağ” avrokuboklarda dolu tribunalar qarşısında oynasa da, çempionat matçları zamanı onları 500-600 tərəfdar dəstəkləyir. “Qəbələ”yə gəlincə, fanklub rəhbəri kimi mən də azarkeşlərin sayının azalmasına görə məyusam. Bunun da bir neçə səbəbi var. Məsələn, “Kəpəz”lə qarşılamadan bir neçə saat öncə insanların gur olduğu yerlərə gedib onları stadiona dəvət etdim. Ancaq hərə bir bəhanə söyləyib oyuna gəlməyəcəyini bildirdi. Biri uzaq kənddə yaşadığını, matç başa çatandan sonra evə getməyə nəqliyyat tapmadığını dedi. Başqa birisi yağış yağdığını, stadionun isə üstünün açıq olduğunu söyləyib, tribunada islanmaqdansa, evdə oturub oyunu televizordan izləməyə üstünlük verdiyini bildirdi. Yəni hərə bir “hava çaldı”. Çox maraqlıdı ki, bu gün yağışı, nəqliyyatı bəhanə edib stadiona gəlməyənlər beynəlxalq qarşılaşmalar zamanı heç nəyə baxmadan tribunada olurlar. Fanklub olaraq azarkeşləri stadiona cəlb etmək üçün müəyyən planlar hazırlamışıq. Qarşıdakı günlərdə klub rəhbərliyi ilə görüşüb, layihəmizi onlara təqdim etmək fikrimiz var. Fikirləşdiklərimizi həyata keçirə biləsək, böyük ehtimalla, ikinci dövrədən etibarən stadiona üz tutan tərəfdarların sayında artım müşahidə hiss olunacaq”.
Məsələ ilə bağlı “qırmızı-qaralar”ın Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovun mövqeyini öyrənməyi lazım bildik. Onu da qeyd edək ki, klubun Marketinq Departamenti azarkeşləri tribunalara cəlb etmək üçün əlindən gələni edib və edir. Ötən il rəsmilər gənc nəsildə futbola marağı artırmaq üçün məktəbləri ziyarət edib, klub barədə şagirdlərə ətraflı bilgi verib, müxtəlif viktorinalar keçirib, qaliblərə isə klubun formasını və başqa atributlarını bağışlayıblar. Bundan başqa, hər bir məktəbliyə “azarkeş pasportu” açılmışdı ki, bu sənədə sahib çıxanlar premyer-liqa oyunları zamanı sıravi azarkeşlərdən fərqli, müəyyən üstünlüklərə malik idi. Ancaq rəhbərliyin bütün səylərinə baxmayaraq, görünən odu ki, Qəbələdə futbol sevilmir və qəbələlilər komandalarına sahib çıxmırlar. Lakin Səməd bəy bizimlə söhbətdə bu fikirlə razılaşmadı: “Şəhəri yarımsaat piyada gəzsəz, görərsiz ki, qarşınıza çıxan üç nəfərdən biri “Qəbələ”nin loqosu olan hansısa geyimdədi. Əhali komandanı, futbolu sevməsəydi, klub atributlarına bu qədər diqqət göstərməzdi. ”Kəpəz”lə matçda doğrudan da azarkeşlərin sayı az idi. Sonuncu dəfə “Qəbələ”nin oyunu zamanı tribunada bu qədər az azarkeşin olduğunu xatırlamıram. Ola bilsin, havanın yağışlı və soyuq olması, oyunun iş günündə keçirilməsi saya təsir edib. “Neftçi” ilə görüşdə stadiona minimum 2 min tərəfdar toplaşmışdı. Bəlkə də komandanın bu il avrokuboklarda istənilən kimi çıxış etməməsi də azarkeşlərə təsir edib. Qəbələli futbolsevərlər bir az tez küsəndi. Hansısa şəxs stadiona gedibsə və həmin görüşdə komanda uduzubsa, ən azı 5-6 tur stadiona üz tutmur. Səbəbini soruşanda da “gəlmişdim də, komanda uduzdu” deyir. Halbuki həmin məğlubiyyətdən sonra qələbələr sıralanır. Lakin azarkeş canlı izlədiyi yenilgini unutmur və bu yaranın sağalması üçün zamana ehtiyac duyulur”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.