
“Səbail” “İnter”i “Bayıl Arena”da qəbul edə bilər
Törə Əhmədova: “İstəyimiz odu ki, işlər daha tez, oktyabrın 15-dək tamamlansın”
8 komandalı çempionatda üç komandanın qaçqın həyatı yaşaması acı faktdı. Deyək ki, “Qarabağ”ın durumu məlumdu. Ev oyunlarını Quzanlıda keçirmək mümkün olsa da, şəraitsizlik “köhlən atlar”ı Bakıda məskunlaşmağa sövq edir. “Kəpəz”lə “Səbail”in durumuna isə söz tapmaq olmur.
Gəncə şəhər stadionunun qazonunun yenisi ilə əvəzlənməsi prosesinə mayda start verilsə də, “sarı-göylər” hələ də işin başa çatmasını gözləyir. Artıq 5 aydı işlər davam edir, “Kəpəz” isə gözləmə mövqeyindədi. Deyilənə görə, işlərə yekun vurulur. Belədə gəncəlilər oktyabrın 21-də “Neftçi”ni Gəncədə qəbul edə biləcək. “Səbail”in “ev”inə, yəni “Bayıl Arena”ya köçməsi isə sentyabrın ortalarına planlaşdırılmışdı. Hər halda, çempionat başlamamış baş məşqçi Samir Əliyev qəzetimizə açıqlamasında belə demişdi. Artıq oktyabrdı, “Səbail” isə iki gün əvvəl “Sumqayıt”ı yenə “Dalğa Arena”da qəbul etdi. Süni örtük də təbiinin tayı deyil ki, dəyişmə prosesi 5 ay vaxt aparsın. Uzağı ayyarıma işə yekun vurmaq olur. Elə bazanın hazırlanması da həmçinin.
“Bayıl Arena”da işlər niyə bu qədər yubanır? “Səbail” növbəti rəqibini nə vaxt PFL-ə sifariş etdiyi stadionda qəbul edə biləcək? Suallara klubun mətbuat katibi Törə Əhmədova ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq: “İşlərin sentyabrın 15-də başa çatdırılması ilə bağlı şəxsən mən açıqlama verməmişəm. Bilmirəm, bunu kim deyib, nəyə əsasən deyib? Hətta AFFA-nın infrastruktur direktoru Kamran Vəliyevlə də danışdım, o belə açıqlama vermədiyini söylədi. İtaliyanın “Limonta” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “VİP Sport” şirkəti ilə razılaşmaya əsasən deyə bilərəm ki, örtüyün tam dəyişdirilib istifadəyə verilmə müddəti əvvəlcədən noyabrın 1-nə planlaşdırılıb. Lakin bizim istəyimiz odu ki, işlər daha tez, oktyabrın 15-nə kimi tamamlansın. Şirkət də bizi anlayışla qəbul edərək, buna çalışır. İstəyimizə çatsaq, “Səbail”in “İnter”lə 9-cü tur çərçivəsində, oktyabrın 20-də baş tutacaq oyunu məhz “Bayıl Arena”da keçiriləcək. Lakin hazırda dəqiq söz demək çətindi. Dediyim kimi, razılığa əsasən şirkət işləri noyabrın 1-nə kimi başa çatdırmalıdı”.
HƏBİB