Sizin reklam burada

Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsi fəaliyyətə başladı

Baxış Sayı:1 500

Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsi fəaliyyətə başladı
Mahal Məmmədov: “Oyunlardan qısa xülasə hazırlamaları üçün telekanallara müraciət edəcəyik”
Qəzetimizin dünənki sayında Futzal Federasiyasında yeni təyinat gerçəkləşdiyini, AFFA-nın əməkdaşı Mahal Məmmədovun qurumun mətbuat katibi postuna təyin olduğunu xəbər vermişdik. Həmkarımızın işinin az olmayacağı gün kimi aydındı. Çünki indiyə qədər futzalda mətbuat katibi olmayıb və bu sahədə boşluqlar kifayət qədərdi. O bu çətinliklərin öhdəsindən necə gələcək, işini necə quracaq, hansı layihələrə start verəcək?
Bu suallara aydınlıq gətirməzdən əvvəl Mahal yeni işi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: “Ondan başlayaq ki, son 5-6 ildə millinin Avropa, eləcə də dünya çempionatının final mərhələsinin oyunları zamanı komanda ilə birgə səfərlərdə olur, qeyri-rəsmi şəkildə də olsa, mətbuatla əlaqələndirici funksiyasını yerinə yetirirdim. Təsəvvür edin, hər oyundan sonra həm öz, həm də rəqib baş məşqçinin fikirlərini AFFA-nın rəsmi saytına göndərməklə yanaşı, Bakıdan gələn sifarişləri də yerinə yetirirdim. Elə olurdu, oyundan sonra saytlar üçün 7-8 müsahibə alıb göndərirdim. Bundan başqa, futzalla bağlı Bakıda keçirilən oyunların təşkilati işlərində də yaxından iştirak edirdim. Boş vaxtım olanda isə çempionat oyunlarını izləməyə çalışırdım. Bu işləri görə-görə futzalın üzvünə çevrildim və sonda təyinat reallaşdı. Düzdü, millinin, eləcə də “Araz”ın beynəlxalq oyunları ilə bağlı AFFA-nın rəsmi saytında müntəzəm məlumatlar, oyunsonrası məşqçi fikirləri və fotoreportajlar yerləşdirilir. Amma son illərdə qazanılan uğurlara baxmayaraq, təbliğat işlərinin istənilən səviyyədə getməməsi, eləcə də mediada federasiya ilə mətbuat arasında aidiyyatı əlaqələndirici şəxsin olmaması təyinatı labüd edirdi. Buna qədər bu işləri baş katib Mahmud Sadıqov təkbaşına görürdü. Ona kömək etməyə çalışacağıq. Futzal ailəsinin üzvünə çevrilmək, əlbəttə, sevindirici haldı. Təbrik edən, eləcə də dəstəyini təklif edən hər kəsə təşəkkürümü bildirirəm”.
Yeniliklərə gəlincə, Məmmədov bu haqda bizi bilgiləndirdi: “Hələlik bütün məlumatları federasiyanın rəsmi “feysbuk” səhifəsi vasitəsi ilə bölüşəcəyik. Saytlar və TV-lərin, ayrıca, indiyə qədər futzalı gündəmdə saxlayan, mümkün qədər geniş işıqlandırmağa çalışan “Futbol+” qəzetinin bu işdə bundan sonra da bizə yardımçı olacağına inanıram. KATV-ni də bu sıraya əlavə etmək istəyirəm, Araz Əhmədovun həftədə bir dəfə yayınlanan futzalla bağlı verilişi var. Son vaxtlar Media Komitəsinin də seçdiyi istiqamətlər arasında futzala yer ayırmasını da müsbət məqam kimi qeyd edə bilərəm. Futzalın təbliği çox vacibdi. Azərbaycanda bu idman növünün zəngin ənənəsi var. Üstəlik, populyar olduğu üçün sevilir. Bu gün ölkənin dörd bir yanında qurulan süni meydançalarda elə futzal oynayırlar. Əlbəttə, bu sahədə uğurlu nəticələr ola-ola, çempionat oyunlarına media və azarkeş marağının azlığı narahatlıq doğurmaya bilməz. Bəli, azarkeş problemi böyük futbolda da var, amma futzal qapalı və məhdud məkanda keçirildiyindən, göstəriciləri bir qədər yaxşılaşdırmaq mümkündü. Bu işdə bizə kömək edəcək həmkarlarımın üzərinə yük düşür. Əlbəttə, onların fikirlərini də dinləyəcəyik, tövsiyələrini nəzərə alacağıq. Bu gün reallıq budu ki, KİV futzala az yer ayırır. Bunun səbəbini araşdıracağıq. Ancaq millinin rəsmi oyunları və “Araz”ın UEFA kuboku matçları zamanı futzal prioritet olur. Halbuki millinin bu uğuru diqqəti çempionat oyunlarına da yönəltməlidi. Çalışacağıq medianın rahat informasiya əldə etməsinə nail olaq. Səhifə vasitəsilə hər turdan əvvəl oyunların başlama saatı və keçirilmə yerini, hakim təyinatlarını açıqlayacağıq, turdan dərhal sonra isə rəsmi səhifədə nəticələri və protokolları yerləşdirəcəyik, fotoreportaja yer ayıracağıq. TV-lərin oyunlardan qısa xülasə hazırlaması üçün onlara müraciət edəcəyik. Təbii ki, mərkəzi oyunların canlı yayını nəzərdə tutulub. Bununla bağlı federasiya prezidenti Zaur Axundov “CBC Sport” rəhbərliyi ilə danışıb. İndi təqvimi elə hazırlamalıyıq ki, futzalla premyer-liqanın oyunları üst-üstə düşməsin. Bir də federasiyanın baş katibi Mahmud Sadıqov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan xahiş edib ki, mərkəzi oyunlara mütləq şəkildə FİFA referilərini təyin etsin. Bu da artıq söz-söhbətin qarşısını almaq, hakim səhvlərinin az olması üçündü”.
Yeri gəlmişkən, artıq dünən federasiyanın rəsmi “feysbuk” səhifəsi fəaliyyətə başlayıb, bugünkü püşkatma mərasimi ilə bağlı xəbər yerləşdirilib. Bir sözlə, həmkarımız işə fəal girişib. Xeyirli-uğurlu olsun!
MIRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR